Ağsuda sel avtomobil yolunu dağıtdı - Hərəkət çətinləşdi - FOTOLAR - VİDEO

Yaz aylarında Ağsu çayına gələn güclü sel rayonun Maşadqanlı kəndinə gedən avtomobil yoluna ciddi ziyan vurub. Selin yaratdığı güclü axın nəticəsində yolun müəyyən hissələri tamamilə dağılıb, çayla yol arasında yerləşən beton istinad divarları yararsız vəziyyətə düşüb. Bunun nəticəsində kəndlə rayon mərkəzinin nəqliyyat əlaqəsi bir müddətlik tamamilə kəsilmişdi. Avtosfer.az xəbər verir ki, hadisədən dərhal sonra görülən ilkin işlər nəticəsində yol qismən bərpa olunsa da, ərazidə təhlükə tam aradan qalxmayıb. Bir neçə il əvvəl yenidən qurulmuş yol sel sularının gücünə tab gətirməyib. Torpaq layı, yol yatağı və asfalt örtüyü dağılıb, bəzi hissələrdə dərin çalalar və çökmələr əmələ gəlib. Sürücülər həmin ərazidən keçərkən xeyli çətinlik çəkdiklərini, bəzən yolun keçilməz hala düşdüyünü bildirirlər. Ən çox əziyyət çəkənlər isə gündəlik olaraq bu yoldan istifadə edən kənd sakinləridir.
Maşadqanlı kənd sakini Fikrət Hüseynov vəziyyətin həm maddi, həm də sosial problemlər yaratdığını deyir:
“Uşaqları məktəbə aparıb-gətirmək çətinləşib. İcra hakimiyyəti gəlmişdi, görüş keçirildi, dedilər ki, yaxın günlərdə problem həll olunacaq. Amma aylar keçir, yol elə həmin vəziyyətdə qalır. Maşınlarımız sıradan çıxır, texnikamız çayın içində qalıb. Heç olmasa qrabil töksünlər ki, yol bir qədər düzəlsin. Bir maşına 3–4 adam mindirəndə maşının altı yerə dəyir”.
Kəndin digər sakini Barat Əliyev isə daha ciddi xəbərdarlıq edir. Onun sözlərinə görə, istinad divarları tikilməsə, növbəti sel yalnız yolu deyil, kəndin təsərrüfat sahələrini də məhv edə bilər:
“Ərazinin bərpası yarımçıq qala bilməz. Əvvəlcə sahilboyu beton divar çəkilməli, çayın yatağı möhkəmləndirilməlidir. Beton olmadan çəkilən asfaltın heç bir əhəmiyyəti yoxdur – sel gələn kimi yenə dağıdacaq. Əkin sahələri sürüşür, torpaq qopur. Bu işlər təxirə salınsa, kəndin rayonla əlaqəsi yenidən kəsiləcək”.
Məsələ ilə bağlı Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Əlhüseyn Mayılov məlumat verib ki, sel sonrası yolun bağlanmış hissəsi təxirəsalınmaz tədbirlər nəticəsində bərpa edilib və sakinlərin istifadəsinə verilib. Hazırda isə idarənin canlı qüvvəsi və texnikası çayın digər təhlükəli sahələrində bəndvurmanın və beton kanalların möhkəmləndirilməsi işlərini davam etdirir. Baş mühəndis bildirib ki, çay yatağında suyun axını dəyişdirilib, təhlükə yaradan istiqamətlərdə profilaktik tədbirlər görülüb. Maşadqanlı istiqamətindəki yolun və istinad divarlarının bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və artıq investisiya planına daxil edilib. Onun sözlərinə görə, layihəyə uyğun olaraq selin dağıtdığı hissədə uzunluğu 250 metr, dərinliyi 5 metr, eni 2 metr olan yeni beton istinad divarı inşa ediləcək. Bu işlər tamamlandıqdan sonra yolun məhv olmuş asfalt örtüyü aidiyyəti qurum tərəfindən yenidən çəkiləcək. Beləliklə, həm yolun dayanıqlılığı artırılacaq, həm də kəndin təsərrüfat ərazilərinin sel təhlükəsindən qorunması təmin ediləcək (AZƏRTAC).
Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradır - "Hamı qorxu içindədir..." - VİDEO
Evdə qaz cihazlarından istifadə edərkən hansı qaydalara əməl olunmalıdır? – RƏSMİ AÇIQLAMA
“Avropa istehsalı” adı altında satılan dərmanların 70 faizi saxtadır - EKSPERT
İcra başçıları yolları əl arabaları üçün qırlayır - FOTOLAR
Sürücüləri təhlükəyə atan yol; Dərin çalalar ... - VİDEO
Gənclərin qurumlarda könüllü fəaliyyətinin arxa fonunda nə dayanır? – EKSPERT RƏYİ
"Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyası ədəbi dilimiz üçün nə vəd edir? – PROFESSOR AÇIQLADI
Bakıda su altında qalan qəsəbə - Sakinlər əziyyət çəkir - VİDEO
Şəhərsalma kanalizasiyadan başlayır - Bakı selə qarşı mübarizəyə başlayır
Regionlar distant təhsilə hazırdırmı? - Təhsil eksperti riskləri açıqladı
Uşaqların himayəyə verilməsi prosesində ailələr necə seçilir? – RƏSMİ AÇIQLAMA















