Marketlərdə satılan yumurtaların üzərindəki tarixlər etibarlıdırmı? – AÇIQLAMA - VİDEO

Mağazalardan alınan yumurtalarla bağlı vətəndaşların şikayətləri artıb. Sosial şəbəkələrdə yayılan videolarda yumurtanın vaxtından əvvəl xarab olması istifadəçilər tərəfindən tənqid olunub.
Avtosfer.az xəbər verir ki, zavod yumurtaların bəzilərinin vaxtından əvvəl xarab olması vətəndaşları narahat edir. İstehlakçılar çaşqın qalır – yumurtanın üzərindəki tarixlərə inanmalı, yoxsa öz təcrübəsinə güvənməlidir?
Əslində hər bir yumurtanın qabığındakı kiçik yazılar sadəcə rəqəmlər deyil, istehsal tarixindən tutmuş son istifadə müddətinə qədər bir sıra vacib məlumatı əks etdirir. Amma maraqlı məqam budur ki, bu tarixlərin necə müəyyən olunması, istehsalçıların yumurtaları hansı şəraitdə saxlaması və evdə onları necə qorumağımızla bağlı çoxlu suallar var.
Təsəvvür edin, süfrənizdə səhər yeməyi üçün qaynadılmış yumurta var, amma dadı xoşunuza gəlmir. Halbuki üzərindəki tarixə görə hələ istifadəyə yararlı görünür. Bu ziddiyyət vətəndaşların haqlı narahatlığına səbəb olur.
Bəs görəsən, yumurtaların üzərində yazılan istehsal və son istifadə tarixləri necə təyin edilir?

Məsələ ilə bağlı "Refresh Group" MMC-nin Baş İcraçı Direktoru Seymur Qafarov Avrosfer.az-a açıqlamasında bildirib ki, şirkətin istehsal etdiyi yumurtaların üzərində yazılan istehsal tarixi onların toplanıldığı günü göstərir:
“Fabriklərdə yumurtalar toplanan kimi çeşidlənir, qablaşdırılır və həmin gün istehsal tarixi kimi qeyd olunur. Son istifadə tarixi isə ölkədən ölkəyə dəyişə bilər, lakin adətən istehsal tarixindən etibarən 28 gün (təxminən 4 həftə) hesablanır. Bu müddət ərzində yumurta düzgün şəraitdə saxlanılarsa (əsasən +4°C – +12°C arasında), keyfiyyətini qoruyur.
Həmçinin yumurtaların keyfiyyətini qorumaq üçün istehsalçılar bir sıra qaydalara riayət etməlidirlər. İlk növbədə gigiyenaya ciddi əməl olunmalıdır. Yumurtalar toplanan zaman çirk və mikroblardan qorunmalı, qabığı çirkli və ya zədələnmiş yumurtalar satışa buraxılmamalıdır”.
Seymur Qafarov qeyd edib ki, sonrakı mərhələdə yumurtalar çəkisinə və ölçüsünə görə siniflərə ayrılır (məsələn, M, L və s.):
“Saxlanma prosesi də mühüm rol oynayır – yumurtalar nəm, yüksək temperatur və günəş şüasından qorunmalı, fabrik və anbarlarda müvafiq soyuducu şərait təmin edilməlidir. Həmçinin markalanma qaydalarına əməl olunmalı, yumurtanın üzərində və ya qablaşdırmada istehsal və son istifadə tarixi mütləq göstərilməlidir.
Yumurtaların saxlanma qaydalarına gəlincə, onları soyuducuda saxlamaq daha təhlükəsiz sayılır. Çünki yumurta qabığında məsamələr var və bakteriyalar, xüsusilə Salmonella, otaq temperaturunda daha sürətlə çoxalır. Qısa müddət – 3–5 gün ərzində yumurtaları otaq temperaturunda saxlamaq mümkündür, lakin bu halda sərin və quru yer seçilməlidir. Ən yaxşısı isə yumurtaları +4°C – +8°C temperaturda soyuducuda saxlamaqdır”.
Fidan
İsmayıllıda sel suları yolu dağıtdı - Dörd kəndlə əlaqə kəsildi - FOTOLAR
Bioyanacağa tələbat artır, qiymətlər bahalaşır
Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA
Azərbaycanda maaşlarda artımlarla bağlı ŞAD XƏBƏR
Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA
Piyadaları ölümə aparan vərdişlər - Tələsiklik və diqqətsizlik
Pensiyaçılara ŞAD XƏBƏR
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
Xəzərlə bağlı qorxulu iddialar yayıldı - RƏSMİ CAVAB
Sürücülərin kabusuna çevrilən "DAİRƏ" - FOTOLAR
Bu evləri satanlar cəzalandırılacaq - Qəti şəkildə çıxarış verilmir - VİDEO










