Banner

Xaricdən klonlaşmış IMEI kodlu telefon alanları hansı təhlükə gözləyir? - İT mütəxəssisləri AÇIQLADI

Sosial 6 Fevral 2026 12:41
Xaricdən klonlaşmış IMEI kodlu telefon alanları hansı təhlükə gözləyir? - İT mütəxəssisləri AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dövrlərdə bir çox vətəndaş mobil telefonları xaricdən alaraq ölkəyə gətirir, həmçinin onlayn platformalar vasitəsilə sifariş edir. Bu üsul bəzən daha sərfəli qiymət və geniş seçim imkanı yaratsa da, müəyyən hallarda informasiya təhlükəsizliyi baxımından risklərə səbəb ola bilir. Belə ki, bəzi cihazlarda əvvəlcədən quraşdırılmış naməlum proqram təminatları, təhlükəsizlik boşluqları və icazəsiz giriş imkanları mövcud ola bilər.

Avtosfer.az xəbər verir ki, bu kimi hallar şəxsi məlumatların oğurlanması, bank və sosial şəbəkə hesablarına müdaxilə, eləcə də fərdi məlumatların üçüncü tərəflərin əlinə keçməsi ilə nəticələnə bilər. Vətəndaşlar tez-tez bu cür təhlükələrlə üzləşir, lakin əksər hallarda risklərin mənbəyi və nəticələri barədə kifayət qədər məlumatlı olmurlar. 

Məsələ ilə bağlı İnformasiya Təhlükəsizliyi üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, vətəndaşlar belə halda onlayn hücuma məruz qala bilərlər:
“Bu, xüsusilə fişing hücumlarının artmasına şərait yaradır. Fişing hücumları, saxta veb saytlar və ya e-poçtlar vasitəsilə istifadəçiləri aldatmağa çalışaraq, onların şəxsi məlumatlarını (şifrə, bank məlumatları və ya digər həssas məlumatlar) oğurlamağa cəhddir. Zərərli proqramların yayılma yolu da asanlaşmışdır. Zərərli proqramlar müxtəlif üsullarla yayılır. Zərərli proqramlar, istifadəçiləri saxta e-poçtlara və ya şübhəli əlavələrə yönəldir. Bu əlavələr və ya linklərvasitəsilə cihazlara zərərli proqramlar yüklənə bilər. Bəzən zərərli proqramlar, qanuni tətbiqlər və proqramlar kimi göstərilir. İnsanlar bu proqramları yükləyərək, öz cihazlarına təhlükə yaratmış olurlar. İnternetdəki bəzi şübhəli saytlar və reklamlar vasitəsilə zərərli proqramlar istifadəçiyə xəbərdarlıq etmədən cihazına yüklənə bilər”. 

Bəhruz Əliyev vətəndaşlara antivirus proqramlarından istifadə etmələrini, yenilənmələr etmələrini tövsiyyə edib. Çünki insanlar proqram təminatını və əməliyyat sistemlərini mütəmadi olaraq yeniləmədikdə, onların sistemləri zərərli proqramlardan və kibertəhlükələrdən qorunmaz.

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov isə deyib ki, xaricdən mobil cihaz sifariş edərkən vətəndaşlar ən çox klonlanmış IMEI, orijinal adı altında satılan yüksək keyfiyyətli saxta (refurbished) cihazlar və şəxsi məlumatların oğurlanması riskləri ilə üzləşirlər: 
“Dələduzlar adətən cəlbedici qiymətlərlə saxta onlayn mağazalar yaradır, ödəniş prosesində kart məlumatlarını ələ keçirir və ya cihazın proqram təminatına zavod səviyyəsində cəsus proqramlar (spyware) yerləşdirərək gələcəkdə istifadəçinin bütün fəaliyyətini izləyirlər. IMEI dəyişdirilməsi isə xüsusilə risklidir. Belə ki, cihazın identifikatoru başqa bir qeydiyyatlı cihazın kodu ilə əvəzlənir ki, bu da həm hüquqi məsuliyyət yaradır, həm də cihazın şəbəkə girişinin istənilən an bloklanması ilə nəticələnir. Bu hallardan qorunmaq üçün vətəndaşlar ilk növbədə yalnız rəsmi və tanınmış satış platformalarına üstünlük verməli, şübhəli dərəcədə ucuz təkliflərdən uzaq durmalıdırlar. Cihazı əldə etdikdən dərhal sonra sazlamalar bölməsindəki IMEI kodu ilə qutunun və fiziki slotun üzərindəki kodların uyğunluğunu yoxlamaq, həmçinin dövlət reyestri vasitəsilə cihazın statusunu dəqiqləşdirmək zəruridir. Kiber-gigiyena baxımından isə cihazı ilk dəfə işə salarkən tanınmayan tətbiqlərin yüklənməsinə icazə verməmək və bank əməliyyatlarından əvvəl cihazın proqram təminatının orijinal olduğunu yoxlamaq ən effektiv müdafiə üsuludur”.

“AzInTelecom” MMC-nin mətbuat xidmətindən isə xaricdən telefon gətirərkən ödənilən dövlət rüsumunu, vətəndaşların diqqət etməlin məqamları və kopyalanmış İMEİ-lərlə ölkəyə telefon gətirənlərin cəzasını aydınlaşdırıb:
“AzInTelecom” MMC mobil cihazların qeydiyyatının aparılmasını həyata keçirir və vətəndaşlar tərəfindən satış məqsədi olmadan ölkəyə idxal olunan cihazların qeydiyyatının aparılmasını həyata keçirərkən müvafiq dövlət rüsumunun tutulmasını təmin edir. Mobil cihazın qeydiyyatının aparılması üçün tutulan dövlət rüsumunun məbləği cihazın marka və modelindən, habelə bazar qiymətindən asılı olaraq “Dövlət rüsumu haqqında” Qanunun 33-5-ci maddəsinə əsasən müəyyən edilir. Xaricdən ölkəmizə istifadə məqsədilə gətirilən mobil telefonlar Dövlət Gömrük Komitəsinə bəyan edilməli və 30 gün müddətində IMEI nömrəsi qeydiyyatından keçirilməlidir. IMEI qeydiyyat prosesini onlayn olaraq mygov platformasında, fiziki olaraq isə poçt məntəqələrində həyata keçirmək mümkündür. Vətəndaşlar mobil cihaz alarkən mütləq cihazın IMEI nömrəsinin düzgünlüyünü öncədən yoxlamalı, telefonun orijinal və unikal IMEI-yə malik olmasına diqqət yetirməlidirlər. Buna görə də vətəndaşlardan etibarlı satıcılardan mobil telefon əldə etməsi tövsiyə olunur. Kopyalanmış IMEI-lərlə ölkəyə telefon gətirənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, müvafiq qaydada cərimə olunur. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir”.
Nurcan Babək

Oxunub 316
ŞƏRH YAZ
Ad

E-mail

Şərh