Banner

"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başladı - FOTO - YENİLƏNİB

Yarışma 19 Sentyabr 2025 16:11 Oxunub 1154
"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başladı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başlayıb.

Avtosfer.az xəbər verir ki, bundan öncəki sessiyada olduğu kimi, yürüş 1 saat davam edəcək.

***15:18

"Formula-2" kateqoriyasında sıralama turu başa çatdı.

Avtosfer.az xəbər verir ki, ən yaxşı nəticəni DANS komandasının üzvü Cek Krouford göstərib.

Onun ardınca "Invicta racing" komandasının üzvü Leonardo Farnaroli ikinci, "Prema racing" komandasının üzvü Qabriel Mini isə üçüncü gəlib.

***15:06

ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolidin qəzaya uğraması səbəbi ilə dayandırılan "Formula-2" sıralama turu davam edir.

Avtosfer.az xəbər verir ki, bolid kran vasitəsilə trekdən kənarlaşdırılıb və bundan sonra yürüş davam edib.

***14:53

"Formula-2" kateqoriyasında sıralama turunda qəza baş verib.

Avtosfer.az xəbər verir ki, ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolid 3-cü döngədə qəzaya uğrayıb və alışıb. Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb.

***14:14

"Formula-2" kateqoriyasında sıralama turu başladı.

Avtosfer.az xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.

***13:36

"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş başa çatdı.

Avtosfer.az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "McLaren" komandasının üzvü Lando Norris göstərib.

İkinci pillədə onun komanda yoldaşı, çempionatın lideri Oskar Piastri, üçüncüdə isə "Ferrari" komandasının üzvü Şarl Lekler qərarlaşıblar.

***13:30

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.

Avtosfer.az xəbər verir ki, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.(unikal)

***12:53

"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.

Avtosfer.az xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.

***

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

Avtosfer.az xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb. Tras təmizləndikdən sonra yürüş davam edəcək.

***11:11

"Formula-2" kateqoriyasında sərbəst yürüş başa çatdı.

Avtosfer.az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "Rodin Motorsport" komandasının üzvü Aleks Dan göstərib.

İlk üçlüyü isə DAMS komandasının sürücüsü Cek Krouford və "Haytek" komandasının sürücüsü Dino Beqanoviç.

***10:18

"Formula-2" kateqoriyasında sərbəst yürüş başlayıb.

Avtosfer.az xəbər verir ki, gənc sürücülər 30 dəqiqəlik sessiya ərzində Bakının küçələrinə uyğun sazlanmalar axtaracaqlar, təkərlərin effektivliyini dəyərləndirəcəklər. Komandalar isə bazar günü baş tutacaq yarış üçün strategiyalar müəyyənləşdirəcəklər.

Mövsümün sonuna 3 mərhələ qalmış titula namizəd olan 7 sürücü arasında gərgin mübarizənin olacağı gözlənilir.

***09:07

Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi "Formula-1" Azərbaycan Qran-prisinə start veriləcək.

Avtosfer.az xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

"Formula-1" təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh