150 yaşlı Azərbaycan mətbuatı; İnkişafın təməlində “Əkinçi” - FOTO

150 il öncə “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə böyük bir yol başladı. Çar Rusiyasının işğal etdiyi Quzey Azərbaycan xanlıqlarının ərazisində kapitalizm və buna bağlı olaraq millətləşmə prosesi vüsət aldı. Həsən bəy Zərdabinin səsi olan bu qəzet millətləşmə prosesinin maarifçi dayaqlarını formalaşdıran bir institut rolunu üzərinə götürmüş oldu.
“Əkinçi” ilə başlayan ilk mətbuat orqanlarımız milli kimlik arayışında idi. Qəzetlərimiz bir tərəfdən aqrar və feodal toplumu pozitiv elmə, müasirləşməyə çağırır, digər yandan dini və milli identifikasiyanı qorumağa çalışırdı.
Son nəticədə “Azərbaycan” adlı bir qəzet çıxdı. Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis olunmuşdu. Mədəni və siyasi millətləşmə dövlət millətləşməsinə keçid etmişdi. Cümhuriyyət dövründə Azərbaycanda mətbuat azadlığı hətta Avropa dövlətləri ilə müqayisədə də yüksək səviyyədə təmin olunmuş, müxtəlif ideoloji-siyasi baxışların beyin mərkəzi olan qəzetlər milli şüurun formalaşmasına və inkişafına böyük töhfələr vermişdilər.

Dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan mediası azad inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra senzura tamamilə ləğv edildi. Müstəqilliyin ilk illərində çoxpartiyalı sistemin formalaşması ilə partiya qəzetləri çap olunmağa başladı, özəl telekanallar efirə çıxdı. Əksər hallarda bir-birinin ideoloji platformasını təkrarlayan partiyalar meydan hərəkatının yetirmələri idilər və yeni iqtisadi fərqlilikləri təmsil etmirdilər. Həyata keçirilən özəlləşdirmə proqramından sonra Azərbaycan iqtisadiyyatı şaxələnir, azad bazara keçirdi. Müxalif siyasi təşkilatlar bu prosesdən kənarda qaldılar, eləcə də hərəkatın əsas qüvvəsi olan AXC cəmiyyətin etimadını hakimiyyətdə qala bilməyəcək dərəcədə itirdi, buna paralel olaraq, partiya qəzetləri də tədricən zəiflədi.

İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin jurnalistlərə olan münasibəti, mətbuata göstərilən diqqət və qayğı bu gün müasir Azərbaycan mediasının hazırkı səviyyəsinə gətirib çıxardı. Azərbaycan mətbuatında dərc olunan yazılar, göstərilən materiallar bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin müzakirə mövzusuna çevrilib. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin əməkdaşlıq siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması bütövlükdə Azərbaycan mediasının inkişafına da öz töfhəsini verir. Prezident İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda Azərbaycan mediası ilə bağlı bildirdiyi fikirlər məhz bir ölkə başçısı kimi onun jurnalistlərə, mətbuata verdiyi dəyərin göstəricilərindən biridir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Avtosfer.az-a müsahibəsində deyib ki, Cənab Prezident İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, Azərbaycan mediasının son illərdə keçdiyi inkişaf yolunun və qarşısında duran strateji vəzifələrin yüksək səviyyədə qiymətləndirilməsi kimi şərh oluna bilər.

“Onun çıxışı bir neçə mühüm məqamı əhatə edir və ilk növbədə ölkənin informasiya təhlükəsizliyi, beynəlxalq media mübarizəsi və milli maraqların müdafiəsi kontekstində dəyərləndirilməlidir.
Cənab Prezident qeyd edir ki, bu gün Azərbaycan mediası artıq yalnız yerli informasiya mənbəyi kimi deyil, beynəlxalq informasiya məkanında da tanınan və təhlil edilən bir aktordur. Bu, həm media orqanlarının fəaliyyətinin, həm də jurnalistlərin peşəkar hazırlığının artmasından xəbər verir. Mediada yayımlanan məqalələrin və təhlillərin digər ölkələrdə oxunması və təhlil olunması, Azərbaycanın informasiya siyasətinin effektivliyinin göstəricisidir.
Prezident çıxışında vurğulayır ki, Azərbaycan mediası yalnız passiv müdafiəçi mövqeyində qalmır, eyni zamanda ehtiyac olduqda informasiya hücumlarına cavab verir, hətta hücuma keçir. Bu, informasiya müharibəsinin reallıqlarını nəzərə alaraq olduqca mühüm yanaşmadır. Dövlət maraqlarının qorunması media üçün yalnız vəzifə deyil, həm də milli məsuliyyətdir. Bu baxımdan Azərbaycan mediasının artan funksional rolu və fəal mövqeyi dövlətin ümumi təhlükəsizlik strategiyası ilə uzlaşır. Və təbii ki, peșəkar jurnalistlər olaraq bizim üzərimizə olduqca böyük vəzifə və məsuliyyət düșür.
Prezident xüsusi olaraq vurğulayır ki, medianın gücü onun əməkdaşlarındadır. Bu, jurnalistlərin peşəkarlığına, məsuliyyətinə və təşəbbüskarlığına ali səviyyədə verilən verilən yüksək qiymətdir. Bu məqamda jurnalistlərin yalnız xəbərləri ötürən deyil, həm də ictimai rəy formalaşdıran, beynəlxalq platformalarda dövlətin mövqeyini əsaslandıran mütəxəssislər kimi yetişməsi təşviq olunur.
Prezidentin toxunduğu başqa bir əhəmiyyətli məsələ isə Qərb ictimai rəyinə təsir imkanlarıdır. Bu Azərbaycanın "soft power" – yəni yumşaq güc vasitələri ilə beynəlxalq aləmdə öz maraqlarını müdafiə etməsinin vacibliyinə işarədir. Bildiyimiz kimi media bu prosesdə ən mühüm və efektiv alətdir. Jurnalistlərin beynəlxalq əməkdaşlıqları, xarici dilli kontent istehsalı və strateji kommunikasiya bacarıqları bu baxımdan böyük önəm kəsb edir.
Cənab Prezident bildirir ki, informasiya müharibəsində Azərbaycanın media imkanları artmaqdadır. Lakin bu sahədə görüləsi işlər hələ də qalır. Bu, bir çağırış kimi də qəbul edilməlidir: Azərbaycanın informasiya təhlükəsizliyi üçün media qurulușlarımızın daha da gücləndirilməsi, təlim və texnoloji imkanlarının artırılması, dezinformasiyaya qarşı cavab mexanizmlərinin təkmilləşdirilməsi olduqca əhəmiyyətlidir.
Prezidentin çıxışı Azərbaycan mediasına olan etimadın, eyni zamanda ondan gözləntilərin ifadəsidir. Bu çıxış bir təşəkkür olduğu qədər də, gələcəyə yönəlik strateji hədəflərin göstəricisidir. Media artıq yalnız informasiya daşıyıcısı deyil, milli maraqların müdafiəçisi, beynəlxalq platformalarda Azərbaycanın haqq səsinin carçısıdır. Birmənalı șəkildə vurğulanmalıdır ki, Prezidentin bu mövzuda verdiyi mesajlar həm jurnalistlər, həm də media siyasətini formalaşdıran qurumlar üçün mühüm yol xəritəsidir”.
Bu gün ölkəmizdə bütövlükdə inkişaf edən medianın hələ də düzəldilməli olan tərəfləri də mövcuddur. Bu problemlərdən biri həm Azərbaycanda, həm də bir çox digər ölkələrdə qəzetçilik ənənəsinin zəifləməsidir. Hələ də dünyanın bir çox inkişaf etmiş ölkələrində belə xalqların qəzetçiliyə meylinin inkişafı istiqamətində bir sıra addımlar atılır. Ölkəmizdə də “Əkinçi”nin çiyinlərində daşıdığı yükü öz üzərinə götürə biləcək qəzetlərin inkişafı ilə bağlı ciddi addımlar atılır. Hər il MEDİA tərəfindən qəzetlərin inkişafına xüsusi diqqət göstərilir. Buna baxmayaraq, bu gün əhalinin qəzetçiliyə, onun transofrmasiyasına meyillilik aşağı enib və vətəndaşlar məlumatı onlayn qəzetlərdənsə, sosial şəbəkədən oxumağı seçirlər.
BDU Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovanın sözlərinə görə, əvvəla, qəbul etməliyik ki, dünya dəyişib və medianın istehlak formaları da köklü şəkildə transformasiya olunub. Bugünkü media reallığında “ənənəvi qəzetçiliyin bərpası” deyil, onun müasir formada yenidən doğulması əsas məqsəd olmalıdır:

“Biz artıq qəzetçilik dedikdə yalnız çap mediasını nəzərdə tutmamalıyıq. Qəzet bir informasiya daşıyıcısıdır – amma bu gün o funksiyanı onlayn platformalar daha çevik, daha sürətli və daha interaktiv şəkildə yerinə yetirir. Bu səbəbdən, qəzetçilik transformasiya olunmalıdır, yəni platforma dəyişsə də, jurnalistikanın mahiyyəti – dəqiq, obyektiv, məsuliyyətli informasiya – qorunmalıdır.
Niyə jurnalistlər bu gün sayt və televiziyaya üstünlük verirlər? Çünki ənənəvi qəzet modeli artıq iqtisadi cəhətdən dayanıqlı deyil. Gündəlik çap, kağız xərcləri, paylama sistemləri həm baha başa gəlir, həm də sürət və çeviklik baxımından rəqabət qabiliyyətini itirib. Bu gün xəbər oxucusu məlumatı dərhal almaq istəyir və bununçün mobil telefondan istifadə edir. Yəni, insanlar - auditoriya haradadırsa, jurnalist də orada olmalıdır.
Biz qəzetçilik ənənəsini yaşatmaq istəyiriksə, onu rəqəmsal mühitə daşımalı, onlayn qəzetçilik mədəniyyəti yaratmalı, multimedia alətlərindən istifadə etməklə interaktiv kontent təqdim etməliyik. Gələcəyin qəzetçiliyi təkcə mətnlə deyil – video, “podcast”, qrafika, sosial media formatları ilə də öz sözünü deməlidir.
Bütün bunlarla yanaşı, əsas məsələ yenə də peşəkarlıq və informasiya dəqiqliyidir. Məlumatın çatdırılma formasından asılı olmayaraq əsas məsuliyyət jurnalistin dürüst və ictimai maraqlara cavab verən informasiya təqdim etməsidir.
Vizual media ilə yanaşı audivizual mediamızda da hələ də öz həllini tapmayan məsələlər qalmaqdadır. Bu yazını ona görə yazmıram ki, mediamızın ən yüksək inkişafı mərhələsində onu tənqid edim. Əsla, mənim məqsədim odur ki, bu gün ziyalılarımız, qocaman, illərlə peşəkar fəaliyyəti olan jurnalistlərin özləri, mənim ətrafımdakı şəxslər, sosial şəbəkə istifadəçisi olan hər bir fərd, mənim çalışdığım sahədə, 4-cü hakimiyyətdə ən xırda qüsuru belə tapa bilməsinlər. Bu gün ölkəmizdə kifayət qədər ciddi kontentə sahib televiziyalarımız var, lakin hamımızın oxuduğu məlumatlardan da görünür ki, bu gün də hansısa efirdə aparıcının, qonağın fikirlərinə görə bütövlükdə kanal tənqid olunur, bütövlükdə kanala xəbərdarlıq olunur, yayımı dayandırılır və s. Bu baxımdan mediamızın problemlərinin həllinə təkcə 1 gün yox, hər gün çalışmalıyıq.
Azərbaycan televiziya efirinin problemləri ilə bağlı əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, İTV-nin böyük redaktoru Nüşabə Hüseynli deyib ki, əslində milli mətbuatımızın 150 illik yoluna nəzər salanda danışılası, araşdırılası, müzakirə ediləsi çox mövzular ortaya çıxır:

“Yaxşılara görə qurur duyaraq ağrılı yerlərə toxunmaq istəyirəm. Bu gün efir arxasından baxarkən bəzən böyük xaos görürəm. Ən ciddi məsələ - bu gün efirlərimizdə kontentin keyfiyyətinin zəifləməsidir. Bəzi efirlərdə hazırlıqsız, bir-birini təkrarlayan və tamaşaçının marağına cavab verməyən proqramlar çoxalır. Araşdırma, analitik yanaşma əksər hallarda arxa plana keçir. Reytinq uğrunda açıq və eybəcər mübarizə gedir və ən pisi budur ki, bu prosesin içində olanlar, hədəfi məhz reytinq olanlar artıq bunu gizlətmir və bu barədə rahat şəkilə danışırlar. Bu isə keyfiyyətsiz məzmunu normaya çevirir. Beləcə, keyfiyyətli və maarifləndirici verilişlər əvəzinə, tamaşaçını süni şəkildə həyəcanlandıraraq səs-küylü, sensasiyalı mövzulara üstünlük verilir.
Daha bir məsələ: ciddi kadr çatışmazlığı müşahidə edirəm. Təcrübəli jurnalist, rejissor, ssenarist və montajçı azlığı nəticədə, efirdə keyfiyyətsiz məhsulların peyda olmasına və çoxlamasına səbəb olur.
Ən vacib daha bir problemimiz isə peşəkar etik standartların zəifləməsi, əməl edilməməsidir. Etik sərhədlərin itməsi verilişi olduqca qeyri-etik məhsula çevirir. Sosial platformlardakı məzmunun, leksikonun, davranışın efirə daşınmasını, informasiyaların təqdimatında balansın pozulması hallarını ağrı ilə müşahidə edirəm. Təbii ki, bütün bunlar peşəkar jurnaistikaya ziddir və yolverilmzdir.
Mən sizin sualınıza uyğun olaraq, tənqidi mövqedən çıxış etdim, amma bu o demək deyil ki, efilərimizdə peşəkar jurnalistika məhsulu yoxdur. Var, sadəcə, azdır və ümumi xaosun içində azlığından əziyyət çəkir, reytinq yarışının qurbanı olur, bu rəqabətdə uduzur.
Bunun qarşısını yalnız komandanın peşəkarlığı ilə almaq olar. Aparıcılar, müxbirlər, elə texniki heyət də müasir media texnologiyalarını öyrənməlidir. Keyfiyyətli kontent hazırlamaq üçün analitik, araşdırma verilişlərinin sayı artırılmalıdır. Etik kodeksə gəlincə, media orqanlarının öz daxili qaydalarını gücləndirməsi, balanslı və obyektiv efir siyasəti aparması vacibdir. Bir də mühitin necəliyi burada çox mühümdür. Aparıcılar və jurnalistlər öz bacarıqlarını sərbəst şəkildə ifadə edə biləcəkləri yaradıcı mühitə malik olmalıdırlar”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Səfər














