Banner

"20 Yanvar” dairəsindəki problemi necə həll etmək olar? - Ərşad Hüseynov TƏKLİFLƏR VERDİ

Yazarlar 4 Sentyabr 2024 14:34 Oxunub 6542
"20 Yanvar” dairəsindəki problemi necə həll etmək olar? - Ərşad Hüseynov TƏKLİFLƏR VERDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

““20 Yanvar” metrostansiyası ətrafında Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra orada maraqlı proseslər baş verir və buna uyğun müzakirələr gedir. Bəri başdan qeyd edim ki, orada problem nə avtobus zolağıdır, nə də “qanunsuz” sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslardır. Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir”.

Avtosfer.az xəbər verir ki, bunu hüquqünas Ərşad Hüseynov deyib:

“Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır. On minlərlə (bəkə də yüz mindən çox) insan mütəmadi olaraq hər gün bu iki şəhər arsında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s”.

O bildirib ki, müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün 2 çox ciddi amili nəzərə alır:

“Səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul). Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin, özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata yaxınlaşdırır. Deməli, çox səmərəsiz və insanları qaçırdan bir üsuldur”.

Hüquqşünas qeyd edib ki, Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə (o cümlədən elə həmin “20 Yanvar” stansiyasının yanına) və əksinə ictimai nəqliyyat təşkil edilməlidir.

“Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarala marşrutlar yaradılmalıdır. Maraqlısı odur ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat var idi. Bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır”.

O həmçinin vurğulayıb ki, iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi formada yaxşılaşdırılmalıdır:

“İndiki vəziyyətdə “qanunsuz” dediyiniz taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar. Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin “qanunsuz” dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq”.

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh