Banner

“20 Yanvar” dairəsini belə görməmisiz - FOTOLAR

Yazarlar 12 İyun 2015 00:14 Oxunub 3659
“20 Yanvar” dairəsini belə görməmisiz - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropa Oyunları sanki həmişə səs-küylə qaynayan “20 Yanvar”a da elitlik gətirib

Bu günlərdə yolu “20 Yanvar” metrostansiyası yaxınlığından düşənlər “görəsən, düzmü gəlmişəm” deyə bir anlıq ayaq saxlayır. Sıxlıqdan dəqiqəbaşı tıxac yaradan maşınların qulaq batıran siqnalları, hər addımbaşı dayanan taksilər və onların yolkəsən sürücüləri, aşıb-daşan zibil qabları – bütün bunları indi bu ətrafda görmək qeyri-mümkündür. İndi burada sanki milçək uçsa, səsini eşidə bilərsən. Ətrafda yolu tənzimləyən Yol Polisi əməkdaşları, metro çıxışlarından xeyli aralı duran taksilər – bir sözlə, hər şey olmalı olduğu kimidir.

17 günlük elit idman yarışları sanki həmişə səs-küylə qaynayan “20 Yanvar”a da elitlik gətirib.

Avropa Oyunları iyunun 12-i başlasa da, artıq bir neçə həftədir bu əraziyə Sumqayıt və Bakının bir çox kəndlərindən, həmçinin bölgələrdən gələn maşınlar buraxılmır. Əksər marşrutların da yolu buradan keçməsin deyə, istiqamətləri dəyişdirilib.

 

“OYUNLARDAN SONRA YƏQİN TAKSİ SÜRÜCÜLƏRİ YENƏ ÜSTÜMÜZƏ HÜCUM ÇƏKƏCƏK”

 

Bütün bunlar Bakıya üz tutanlar üçün müəyyən problemlər yaradıb. Bəzilərinin yolu uzanıb, bəziləri mənzil başına çatsın deyə, bir neçə marşruta minməli olur. Bu çətinliklər öz yerində. Amma burada yaranan fərqli mənzərəyə də Bakı sakinləri biganə deyillər: “Əvvəl burada marşrut çox idi, tıxaclar olurdu, amma bugünkü “20 Yanvar” çox gözəl və rahatdır. Bu cür rahatçılıq çox gözəl bir şeydir”.

“İndi bura çox normaldır, çünki yarışlar vaxtıdır, yarışlardan sonra yəqin ki, əvvəlki halına qayıdacaq. Yenə taksilər metrodan çıxan kimi adamların üstünə hücum çəkəcək və s. Amma bütün bunlar yarışlardan sonra da olmasaydı, yaxşı olardı. İnanmıram ki, olmasın, amma əslində mümkündür. Nəqliyyat departamenti öz işini düzgün qursa, mümkündür”.

 

“QAZANCIMIZ YARIBAYARI AZALIB”

 

Fərid Kazımzadə kimi, digər Bakı sakini Rübabə Məmmədova da bu mənzərəni bir ay sonra da görəcəyinə çox az ümidlidir:

– Fərq çoxdur. Sakitçilikdir, sərbəstlikdir, yol açıqdır, maşın, adam azdır. Hər yerdə polislər dayanıb, nəzarət var. Bunu həmişə belə etmək olardı da.

- Sizcə, bu cür durumu sonralar da saxlamaq mümkün olacaq?

– Məncə yox. İndi rayon maşınlarını buraxmırlar. Düzdür, bu da rayondan gələn camaat üçün əziyyətdir, amma bir tərəfdən də sərbəstlikdir. Polis işçiləri, heç olmasa, 50 faiz belə işləsələr, hər şey düzələr.

Tıxacların, səs-küyün olmamasından burada çalışan taksi sürücüləri də məmnundur. Amma bu sakitçilik onlara baha başa gəlir. İllərdir qazancı burada taksi sürücüsü kimi çalışmaqdan çıxan Gülağa Məmmədov deyir ki, gündəlik qazancları yarıbayarı azalıb:

– Qazancımızda müəyyən itkilər olub, dayandığımız yeri itirmişik. Əvvəl metronun düz çıxacağında dayanırdıq. İndi polislər imkan vermirlər ki, sürücülər qaydaları pozsunlar. Ona görə də, bir balaca təsiri olub.

- Əvvəl günə təxminən nə qədər qazanırdınız, indi nə qədər?

– Əvvəl 40 manat qazanırdıqsa, indi 15-20 manat. Amma indi sakitçilikdir də. Əvvəl sıxlıq çox olurdu.

Qazanclarını itirməkləri bir yana, hələ qaydaları pozsan, bu da sənə nə az, nə çox, düz, 80 manatadək başa gələ bilər. Gülağa Məmmədov qısa müddət ərzində artıq iki dəfə polis əməkdaşları tərəfindən cərimələndiyini deyir. Gileylənir ki, qaydanı pozmasan, heç günə 15-20 manatı da qazana bilməzsən. Elə ona görədir ki, onun sürücü həmkarı, ağsaqqal Əliyar kişi nə bir ay əvvəlki, nə də bugünkü «20 Yanvar»a üstünlük verir: “Sovet vaxtı, keçmiş “XI Qızıl Ordu” meydanında nə bu qədər maşın var idi, nə də bu qədər hərəkət”.

Nəqliyyat Nazirliyinin açıqlamasına görə, sıxlığa səbəb olan maşınlarla bağlı qadağalar iyulun 1-dək, yəni oyunlar bitənədək tətbiq olunur. Marşrut avtobuslara gəlincə, oyunlardan sonra onlardan yalnız zərurət olanının xətləri bərpa olunacaq.

 

“BUNDAN SONRA DA BELƏ OLACAQ”

 

Əksər Bakı sakinləri düşünür ki, buradakı sakitçilik, səliqə-sahmanın ömrü elə bu qadağaların ömrü qədərdir. Yəni iyulun 1-dən “20 Yanvar” dairəsi elə əvvəlki səs-küyünə, tıxacına, toz-dumanına qovuşacaq. Polis əməkdaşları isə fərqli fikirdədirlər. “Bundan sonra da, inşallah, belə olar”.

Müsahibə verməkdən imtina edən, adını açıqlamayan yol polis əməkdaşı ilə söhbətdən bəlli oldu ki, bu mənzərənin yaranmasında onların əməyi hədsiz çoxdur. Yol hərəkət qaydalarına nəzarət artırılıb, hamı gərgin iş qrafiki ilə çalışır. “Bəs əvvəl necə çalışırdınız” deyə sual edirik, polis əməkdaşı “elə əvvəllər də belə çalışmışıq” cavabını verir. Baxmayaraq ki, fərq göz qabağındadır.

 

 

AzadlıqRadiosu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh