4 təkərli “qəbiristanlıq”: Ölümə aparan sovet avtomobilləri niyə yığışdırılmır?
Statistikaya görə, Azərbaycanda avtomobil qəzalarının bir çoxu ölüm və ya ciddi zədə ilə nəticələnir. Rəqəmlə götürdükdə Azərbaycanda avtomobil qəzalarının 40 faizinin ölümlə nəticələndiyi bildirilir. Halbuki, bu rəqəm Gürcüstanda 9 faiz, Avropa ölkələrində isə daha aşağıdır. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, ekspertlərə görə, ölkəmizdə avtomobil qəzalarının ölümlə nəticələnməsinin müxtəlif səbəbləri var, onlardan ən başlıcası isə köhnə avtomobillər, daha dəqiqi, sovet dövrünün istehsalı olan maşınlardır. Eyni zamanda “avtoş”lar da sovet avtomobillərinə üstünlük verirlər ki, bu da qəzaların sayının artmasına vəsilədir.
Bir məqam da var ki, Azərbaycanda 2014-cü il aprelin 1-dən avtomobillər üçün “Avro-3"-ə keçmədən ”Avro-4" ekoloji standartı (zərərli maddələrin atılması üzrə) tətbiq edildi. Lakin bu qərar belə, bəhs etdiyimiz məsələyə əsaslı təsir etmədi. Ekspert Ərşad Hüseynov bildirdi ki, “Avro-4" standartlarının tətbiqi ancaq idxala aiddir: ”Lakin Azərbaycanda bu tarixdən əvvəl gətirilən avtomobillərə heç bir məhdudiyyət mövcud deyil. Avtomobilləri texniki baxışdan keçirib, sürürlər. Hansı standartın olub, olmamasına diqqət edilmir. Hətta 2014-cü ildən sonra da Azərbaycana gətirilən avtomobillərin eləsi var ki, təhlükəsizlik səviyyəsi o qədər də qənaətbəxş deyil. Ümumiyyətlə, təhlükəsizlik səviyyəsi müxtəlif cür qəbul edilir. Ümumi yanaşma belədir ki, avtomobilin konstruksiyası, içəridəkilərin sağlamlığını nə dərəcədə qoruya bilər. Bu isə Avropanın müasir avtomobillərində daha yüksəkdir. Eyni zamanda həmin avtomobillərin qiyməti də bahadır. Rusiya avtomobillərində isə heç indi də təhlükəsizliyə bir o qədər də fikir vermirlər. Hindistanda, Türkiyə də həmçinin təhlükəsizlik məsələsinə çox önəm vermirlər. Bu nüans Avropanın bəzi avtomobil modellərinə də aiddir. Misal üçün, “Opel”lə “BMW”nin təhlükəsizliyi eyni deyil".
Ekspertə görə, köhnə maşınlara qarşı utilizasiya proqramları olur: “Belə ki, bu avtomobilləri inzibatçılıq yolu ilə yığışdırırlar. Bunu bizim ölkədə qəbul etmədilər. Hələ ki heç olmasa, texniki baxış tam obyektiv formada aparılsa, adamlar bilərlər ki, istifadə etdikləri avtomobilləri yararsızdır və hər an onların həyatları üçün ciddi təhlükəyə səbəb ola bilər. Bu məsələ geniş təbliğ olunarsa, insanlar özləri də köhnə avtomobildən uzaqlaşarlar”.
Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun da fikirlərini aldıq. V.Əsədov bildirdi ki, sovet maşınlarında təhlükəsizlik baxımından bəzi məsələlərin yerində deyil: “Bunu sürücü kimi söyləyə bilərəm. Adicə bu avtomobillərdə hava yastığının olmaması, tormozlama sisteminin müasir avtomobillərdən geri qalması nə isə ifadə edir. Bütün bunlar istər-istəməz ekstremal şəraitdə özünü büruzə verir. 2014-cü ilin aprelin 1-dən etibarən Azərbaycana köhnə avtomobillər gəlmir. Doğrudur, Rusiya istehsalı olan avtomobillər gətirilir, ancaq bu, müasir avtomobillərdir və onlarda təhlükəsizlik məsələləri nəzərə alınıb”.
Onu da qeyd edək ki, “Avro- 4" standartlarına görə Azərbaycana gətirilən avtomobillər Avrozonaya daxil olan ölkələr üçün 2005, ABŞ üçün 2004, Cənubi Koreya üçün 2006, Yaponiya üçün 2011, Türkiyə üçün isə 2008-ci il istehsalı olmalıdır. Və bu avtomobillərin təhlükəsizlik sistemi bütün beynəlxalq standartlara cavab verməlidir.