Açılan məktəblər, “tıxanan” yollar... - Çıxış yolu varmı?

Yazarlar 15 Sentyabr 2021 23:41 Oxunub 1636
Açılan məktəblər, “tıxanan” yollar...  - Çıxış yolu varmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2021-2022-ci tədris ilinin başlamasına çox az müddət qaldı. İki ildir bütün dünyada tüğyan edən, normal həyatın demək olar ki bütün sahələrində problemlər yaradan koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan məqsədyönlü mübarizə, vaksinasiya prosesində ciddi irəliləyişə nail olunması öz müsbət nəticələrini göstərməkdədir və uzun fasilədən sonra nəhayət, orta və ali məktəblərdə dərslər distant formada deyil, əyani şəkildə keçiriləcək. Ənənəvi tədrisin bərpası nə qədər sevindirici olsa da, məktəblərin açılması bir sıra problemlərin yaranma ehtimalını da gündəmə gətirir. Təəssüf ki, məktəblilərin, tələbələrin və müəllimlərin də piyada, sərnişin, yaxud sürücü qismində iştirakının paytaxt Bakının onsuz da “yüklənmiş” yollarında tıxacları qaçılmaz edəcəyi gözlənilir. Bundan başqa, yollarda hərəkət içtirakçılarının artması yol-qəza hadisələrinin də çoxalmasına şərait yaradır. Bəs yarana biləcək problemlərin təsirlərini azaltmaq üçün aidiyyəti qurumlar tərəfindən hansı qabaqlayıcı tədbirlər görülür və ya görülməlidir?

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında yollarda hərəkətin təhlükəsizliyinin təkcə xüsusi günlərdə deyil, hər an təmin edilməsi üçün davamlı və zəruri tədbirlərin həyata keçirildiyini bildirdi: “Sentyabrın 22-də orta məktəblərin ibtidai siniflərində dərslərin başlaması ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Məqsəd həm sürücülərin, həm də piyadaların təhlükəsiz hərəkətini təmin etmək, tıxacların yaranmasının qarşısını almaqdır. Bildiyiniz kimi, həmin gün ilk dəfə birinci sinfə qədəm qoyacaq şagirdlər məktəbə valideynlərinin, yaxın qohumlarının müşayiəti ilə gəlirlər və bu da məktəblərin qarşısında, ətrafındakı küçələrdə sıxlıqların, süni tıxacların yaranmasına səbəb olur. Xüsusilə şəxsi avtomobilindən istifadə edən valideynlər nəzərə almalıdırlar ki, onların yol hərəkəti qaydalarını pozmaları, dayanma, durma və parketmə nişanlarının tələblərinə əməl etməmələri digər hərəkət iştirakçılarının da sərbəst fəaliyyətinə ciddi maneələr yaradır.”

V.Əsədov bir maraqlı statistikanı da diqqətə çatdırdı: “Bir istiqamətdə iki hərəkət zolağı olan yolda günün pik saatlarında hər hansı sürücünün cəmi 30 saniyə avtomobili dayandırıb yolu kəsməsi 70-ə yaxın digər nəqliyyat vasitəsinin 5-7 dəqiqə ləngiməsi deməkdir. İndi təsəvvür edin ki, kiminsə “uşaq çatır, götürüb çıxıram” və ya “xəstəm var, dərman alım, gedirəm” deyərək nəqliyyat vasitəsini həmin yerdə 2-3 dəqiqə saxlaması hərəkətin intensivliyinə necə ciddi problem yarada bilər. Mən fürsətdən istifadə edib bütün sürücü valideynləri, məktəblərə uşaq gətirən başqa qohumları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıram və bildirirəm ki, qanun pozuntusuna yol verən hər kəs müvafiq qaydada cəzalandırılacaq. Nəzərə alın ki, yaranmış tıxacdan hamımız əziyyət çəkirik”

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, təmsil etdiyi qurum tərəfindən Azərbaycanda yeni tədris ilinin başlamasını nəzərə alaraq həm sərnişin daşımalarının, həm də yol hərəkətinin təşkil edilməsi istiqamətində hazırlıq işlərinin görülməsinə başlanılıb və bunula bağlı daşıyıcı şirkətlərə müəyyən tapşırıqlar veriləcək: "Bura avtobusların sayının, onların arasındakı intervalın tənzimlənməsi daxildir. Amma bu işlərin effektiv olması üçün qarşılıqlı tədbirlər görülməli, hərəkət iştirakçıları da müəyyən addımlar atmalıdır. Övladını məktəbə aparan valideynlərdən xahiş edirik ki, avtomobillərini məktəblərin önündə park edib, ümumi hərəkətə mane olmasınlar. Bu, xüsusilə şəhərin mərkəzində yerləşən məktəblərə aiddir. Bəzi hallarda görürük ki, parketmə nəticəsində küçələr keçilməz olur.”

M.Ağayevin sözlərinə görə, məktəblərin ətrafında yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı da işlər həyata keçirilir və ümumiyyətlə, nəzərdə tutulan tədbirlər haqqında yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı da yeni dərs ilinin başlamasının paytaxtda tıxacların böyüməsinə səbəb olacağı qənaətindədir. O, mövzu ilə bağlı açıqlamasında məktəblərdə dərslərin keçirildiyi vaxt tıxac və hərəkətin təhlükəsizliyi probleminin köhnə və kifayət qədər ciddi olduğunu dedi: “Təəssüf ki, yeni tədris ilində əvvəlkilərdən fərqli yol hərəkəti təhlükəsizliyi gözləmək bir az sadəlövhlük olardı. Təmirə ehtiyacı olan küçələr, silinmiş piyada keçidləri, yerində olmayan yol nişanları ilə bağlı problemlər yenə də qalır. Hərəkətin təşkili sahəsində də problemlər var. Xüsusilə məktəblərin ərazisi ciddi nəzarət altında saxlanılmalıdır. Bəzən görürsən bu ərazilərdə nişanlanma xətləri çəkilir, nişanlar quraşdırılır və dərs ili boyunca nəzarət olmadığı üçün yenidən bərbad vəziyyətə düşür. Nəticədə nə qədər acınacaqlı olsa da hər il yeni dərs ili başlayan gün ağır yol-nəqliyyat hadisələrinin şahidi oluruq, piyadaların, məktəblilərin vurulması, hətta ölüm halları baş verir.”

E.Muradlı bildirdi ki, valideynlər övladlarının təhlükəsizliyi baxımından xüsusilə diqqətli olmalıdırlar, uşaqları nəzarətsiz buraxmamalıdırlar. Çünki nəzarətsiz uşaqlar yollarda çox böyük təhlükədir: “Orta və ali təhsil müəssisələrinin qarşısında tıxaclar yaranır, səbəb parklanma üçün yerin az və ya heç olmamasıdır. Sovet dövründə məktəblər tikiləndə bu amil nəzərə alınmayıb. Təəssüf ki, bəzi yeni məktəblər də yola yaxın tikilib. Bakıda elə məktəblər var ki, qapısı birbaşa magistral yola açılır və bu, çox böyük təhlükədir. Razılaşaq ki, hər təhsil ocağının qarşısında Dövlət Yol Polisi müfəttişinin xidmət aparması real deyil. Ona görə də məktəblərdə həm şagirdlər, həm də müəllimlər arasında təbliğat işləri gücləndirilməlidir. Müəllimlərsə bu məsələyə xüsusilə ciddi yanaşmalıdırlar. Təsəvvür edin ki, müəllim “Həyat bilgisi” fənnində şagirdə başa salır ki, yolu ancaq piyada keçidindən keçmək lazımdır. Ancaq dərsdən sonra şagird görür ki, piyada keçidi qalıb bir tərəfdə, müəllim isə tamam baçqa yerdən yolu keçir. Yəni, müəllimlər özləri də öyrənməlidir, nümunə olmağı bacarmalıdır. Odur ki, müəllimlərlə də ciddi işləmək lazımdır.”

Ekspert hesab edir ki, məktəblilərin təhlükəsizliyini təmin etməklə yanaşı, məktəblərdə yol hərəkəti təhlükəsizliyinin tədris olunması məsələsi də reallaşmalıdır: “Yol hərəkəti bir həyat tərzidir. Necə olur ki, “Həyat bilgisi”, tarix, əmək təlimi, ədəbiyyat və s. fənlər keçilir, ancaq hər birimiz piyada, sərnişin və ya sürücü qismində yol hərəkəti iştirakçısı olduğumuz halda, bu məlumatlar bizə daha ətraflı öyrədilmir. Düşünürəm ki, bu, çox vacibdir. Yeri gəlmişkən, bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Yol hərəkəti təhlükəsizliyinə dair” 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da öz əksini tapıb. Məndə olan məlumata görə, yol hərəkəti təhlükəsizliyinin tədris olunması məsələsi Təhsil Nazirliyi tərəfindən bu il həll olunacaq.”

Görünən odur ki, yollarda tıxaclardan əziyyət çəkməməyimiz, mənzilbaşına həm özümüzün, həm də övladlarımızın sağ-salamat çata bilməsi üçün elə özümüzdən, bizim qaydalara əməl etməyimizdən, səbrimizdən də çox şey asılıdır. Unutmayaq, heç bir yol bizim şəxsi mülkiyyətimiz olmadığı kimi, heç bir şey də sağlamlığımızdan dəyərli deyil. Vaxt belə!
///ikisahil

ŞƏRH YAZ
Ad

E-mail

Şərh