Banner

Aeroport yolundakı tablolarda sürət oyunu; sürücülər radara necə düşür? - FOTOLAR

Yazarlar 5 Dekabr 2014 15:07 Oxunub 3642
Aeroport yolundakı tablolarda sürət oyunu; sürücülər radara necə düşür? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tablo üzərindəki rəqəmləri dispetçer məntəqəsinin operatoru yox, Yol hərəkəti təhlükəsizliyi Komissiyası dəyişməlidir

 

Sürücü hərəkət vaxtı tapmaca şəraitinə düşdükdə cavab tapana qədər ya ölür, ya da öldürür

 

Bəzi yollarda quraşdırılmış və üzərində sürət həddi göstərilən tablolarla bağlı problemlər tez-tez müzakirə olunur. Xüsusən, aeroport yolunda qoyulan və hərdən üstündəki sürət kəmiyyəti dəyişdirilən tablolarla bağlı anlaşılmazlıqlar mövcuddur. 

Ən maraqlısı da odur ki, həmin tablolarda sürət rejimi aşağı salınandan sonra əvvəlki, daha yüksək sürət rejimini yadında saxlayaraq bu yolda şütüyən sürücülər radara düşürlər. Belə çıxır ki, tabloların üstündəki sürətin kəmiyyəti azaldıldıqda həmin yolda quraşdırılmış radarlarin iş rejimi də dərhal dəyişdirilir.

Məlumdur ki, yollardakı həmin tabloları Nəqliyyat Nazirliyinə aid qurumlar quraşdırıb və onların üzərindəki rəqəmləri də bu qurumlar dəyişdirirlər. Radarlar isə DYP-nindir. Açığı, bu iki qurumun belə sinxron fəaliyyəti alqışalayiqdir. Kaş ki, bütün məsələlərdə belə olaydı.

Amma məsələnin xeyli hüquqi incəlikləri də var. Onları nəzərdən keçirək.

1. “Yol hərəkəti haqqında” Qanunda (xüsusən, onun 4 saylı əlavəsində), “Yol nişanları və siqnalları haqqında” Konvensiyada, habelə hazırda ölkəmizdə qüvvədə olan QOST 23457-86-da “tablo” adlanan və ya tablo kimi olan yol nişanı yoxdur. 

2. Yuxarıda sadaladığımız qanunvericilik aktlarında göstərişi dəyişən, yəni müxtəlif vaxtlarda və ya şəraitlərdə fərqli tələb irəli sürən nişan barədə də heç nə deyilmir. 

3. “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin 10-cu hissəsinə əsasən, ölkəmizdə istənilən yol nişanı yalnız müvafiq Yol hərəkəti təhlükəsizliyi Komissiyasının qərarı ilə quraşdırıla bilər. Deməli, yol  nişanının fərqli tələbi olan başqa nişanla əvəzlənməsi də məhz həmin Komissiyanın qərarına əsasən həyata keçirilməlidir. Başqa sözlə, tablo olsaydı belə, onun üzərindəki rəqəmləri dispetçer məntəqəsinin operatoru yox, Komissiya dəyişməlidir.

Yuxarıda qeyd olunanlardan belə nəticə çıxır ki, yollarda sürət rejiminin tablo ilə müəyyən edilməsi, həmin tablodakı göstərişlərin dəyişdirilməsi və bundan sonra həmin tablodakı tələbləri pozan sürücünün məsuliyyətə cəlb edilməsi qanunsuzdur. 

Bəs həmin məsələ necə tənzimlənməlidir?

Yol hərəkətinə dair qanunvericilikdə  bu sualın çox aydın və sadə cavabı mövcuddur. Məsələ bu qaydada tənzimlənməlidir.

1. “Yol hərəkəti haqqında” Qanun (xüsusən, onun 50-ci maddəsi), “Yol hərəkəti haqqında” Konvensiya yolda sürət rejiminin yolların kateqoriyasına və nəqliyyat vasitələrinin növünə uyğun olaraq, habelə şəkildə gördüyünüz 3.24 nişanı ilə tənzimlənməli olduğunu nəzərdə tutur.

Xüsusi vurğulamaq istəyirəm ki, 3.24 nişanı  vasitəsilə yolda onun kateqoriyasına uyğun yuxarı sürət həddi göstərilə bilməz. Bu yol hərəkətinin təşkilində kobud və təhlükəli səhvdir, çünki sürücüləri çaşdırır. Yolda onun kateqoriyasına uyğun yuxarı sürət həddi göstərildikdə istənilən sürücü düşünür ki, həmin hədd daxilində hərəkət edə bilər. Məsələn, Bakı-Sumqayıt yoluna üzərinə “90” yazılan 3.24 nişanı qoyulur. Bu yolda hərəkət edən iri yük avtomobilinin sürücüsü və ya şəhərdaxili daşımalar üçün nəzərdə tutulmuş avtobusların sürücüsü də 90 km/saat sürətlə hərəkət edir. Amma bu yolda onlar üçün icazə verilən maksimal sürət 70 km/saat-dır. Yalnız yaşayış məntəqələrinin ərazisində 3.24 nişanı vasitəsilə yaşayış məntəqəsində nəzərdə tutulduğundan yuxarı sürət həddi tətbiq oluna bilər. Buna isə elə küçə və prospektlərdə yol verilir ki, onun başqa küçələrlə eyni səviyyəli kəsişməsi yoxdur, orada piyada keçidləri, svetofor yoxdur, əks istiqamətli hərəkət hissələri ayırıcı zolaqla ayrılıb və s. Unutmaq olmaz ki, 3.24 nişanının adı “Maksimum sürətin məhdudlaşdırılmas”ıdır, artırılması deyil.

2. Eyni bir yolun müxtəlif hərəkət zolaqlarında sürət rejimini fərqləndirmənin qaydası qanunvericilikdə aydın şəkildə verilib. Bunun üçün şəkildə gördüyünüz 7.14 lövhəciyini 3.24 nişanı ilə birgə tətbiq etmək lazımdır. Bunların necə tətbiq olunmasının şəkildə göstərmişəm. 

3. Yolun müəyyən sahəsində yağışlı havada sürət rejimini fərqləndirmənin qaydası da qanunvericilikdə dəqiq göstərilib. Bunun üçün 7.16 lövhəciyini 3.24 nişanı ilə birgə tətbiq etmək lazımdır. Əgər yol örtüyü yaş olanda müxtəlif hərəkət zolaqlarında fərqli sürət rejimi tətbiq etmək zəruridirsə, 3.24 nişanı 7.16 və 7.14 lövhəcikləri ilə birgə tətbiq edilməlidir. Bunun da nümunəsini şəkildə əlavə etmişəm. 

Qanunvericilikdə bu tipli məsələlərin aydın və sadə həlli yolu təsbit edilib. Ona görə də yol hərəkətini təşkil edərkən hansısa əcnəbi ölkədə gördüyümüz texniki qurğulardan yox, qüvvədə olan doğma qanunvericiliyimizdə nəzərdə tutulan tənzimləmə vasitələrindən istifadə etməliyik. Unutmaq olmaz ki, yol hərəkəti tapmacaları sevmir. Sürücü hərəkət vaxtı tapmaca mahiyyətli şəraitə düşdükdə, tapmacaya cavab tapana qədər ya ölür, ya da öldürür.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh