Ailə cəmiyyətin əsas sütunu - sosial və fərdi aspektləri

Yazarlar 21 Avqust 2023 08:00 Oxunub 1012
Ailə cəmiyyətin əsas sütunu - sosial və fərdi aspektləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər birimiz fərd olaraq cəmiyyətin bir üzvüyük. Lakin toplumu təşkil edən insanlar bir-birindən seçilir. Zaman-zaman hər hansı bir şəxslə fikir və xüsusiyyətlərimiz ortaq olsa da, fərd olaraq böyüdüyümüz mühitin bizi özünəməxsus yetişdirdiyini gözardı edə bilmərik. Ailə adlanan bu mühit gözümüzü açdığımız andan etibarən bizim formalaşmağımızda rol oynayan əsas faktordur. Bir sözlə, uşaq ailənin, ailə isə cəmiyyətin güzgüsüdür. 


Uşaq ailədə elə ilk gündən birgəyaşayış normalarını mənimsəyir, böyüdüyü mühitdə olan yaxşını və pisi, bura aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə gördüklərini təkrar edərək sosiallaşır. Bu baxımdan uşağın doğru şəkildə tərbiyə olunması, şüuraltının düzgün kodlanması vacib amildir. Əks halda cəmiyyətə faydasız, hətta təhlükə yarada biləcək fərd formalaşacaq. Böyüyən hər uşağın gələcəkdə öz ailəsini quraraq yeni nəslin yaranmasında iştirakını gözə alsaq o zaman vəziyyətin köklü şəkildə şaxələndiyinin şahidi olarıq. Cəmiyyətə yararsız şəxsin ona verəcəyi fərd də təəssüf ki, özü kimi olacaq. 
Ölkəmizdə ailə anlayışı hər insanın təfəkküründə fərqli formada təsvir olunur. Bəziləri üçün sevgi münasibətlərinin rəsmiləşməsi, bir qisim üçün nəsil artırmaq, kimiləri üçün isə vacib olan öhdəlikdir. Əslində bu elementlərin hər biri ailənin daxilində var olur və olmalıdır.

Lakin  bu ünsürlərdən kənar ailə məhfumunun nə olduğunu dərk etməyən insanların evliliyinə də tez-tez rast gəlinir. Əslində çox vaxt bu durum insanların şəxsi qərarından kənar - valideyn seçimi ilə gerçəkləşir. Nəticə olaraq bir-birini kifayət qədər tanımayan, sevgi aşılamayan, “zamanla sevərsən, alışarsan” düşüncəsi ilə razılıq verilən ailə qurulur. Nəticə olaraq isə “düzələcək” deyə ümid bəslənilən ailə daha da həll olunmaz problemlərlə örtülür. İşin ən acınacaqlı məqamı ölkəmizdə hələ də, ailə olmağı bacarmadıqları halda başqalarının düşüncəsini əsas götürərək öz bədbəxtliklərinə razı olan insanların çoxluq təşkil etməsidir. İlk olaraq ailəsi, daha sonra qohumlar, tanışlar və digərlərinin fikri ilə hərəkət edən kişi, yaxud qadının birgə dünyaya gətirdiyi uşaq da ailəni bu şəkildə zehinində saxlayır və öz iradəsindən kənar yanlış düşüncələrin həyatını məhv etməsinə imkan yaradır. Təbii ki, üzərində çalışan, valideynlərindən fərqli biri olmaq üçün cəhd edən insanlar da var. Onlar özlərindən öncə kökü ulu nənə-babalarına gedib çıxan bu düşüncə sisteminə boyun əymir və şüuraltı fikirlərinin əleyhinə olan insanlardan ibarət çevrəyə daxil olur. O zaman qurduğu öz ailəsində də köhnə zəncirləri qıraraq, yeni başlanğıca addım atır. Sağlam zehinə malik və bu məhfumu düzgün şəkildə dərk edən insanlardan ibarət ailə formalaşır. Ən əsası cəmiyyətə xeyir gətirən fərd yetişir və gələcəkdə o da  özü kimi insanların çoxalmasına zəmin yaradır.


Bəzən isə bir-birilərini öz istəyi ilə tanıyıb sevən, valideynin müdaxilə etmədiyi halda həyatlarını birləşdirən cütlüklərin qurduğu ailədə müəyyən problemlər öz əksini tapır. Təbii ki, hər ailədə mübahisə, zamanla anlaşılmazlıq, konflikt olur. Lakin önəmli məqam mövcud olan bu problemin dəf edilməsi və ailəyə zərər gətirilməyəcək dərədəcə qaydaya salınmasıdır. Hər insanın böyüdüyü ailənin təfəkkürünü özündə az-çox daşıdığını düşünərək bir-birilərinə bəslədikləri sevginin, hörmətin olmasına baxmayaraq ara-sıra zehni cəhətdən uyğunsuzluq göstərmələri normaldır. Əsas orta yolu taparaq bu ziddiyyətin sevgilərinin önünə keçməsinə mane olmaqdır. Yaşadığı hər çətinlikdən çıxmağı bacaran, nə olursa-olsun qurduğu ailənin baş qaldırmış problemlərdən daha önəmli olduğunu dərk edən insan mütləq çıxış yolu tapır və onu nizamlayır. 
Qurulan ailə heç vaxt dağıla bilməz prinsipi ilə yanaşmaq da doğru deyil. Nə qədər qəbul edilməsi çətin olsa da, bəzən bir-birinə yanlış olan iki insan birləşə bilər, ya da zamanla həyatını bölüşdüyü şəxsin onun üçün doğru olmadığını görə bilər. Ailələrin dağılması arasında xəyanət və şiddət başlıca yer tutur. Bunların şahidi olan uşaq gələcəkdə iki formada özünü göstərir: Ata, yaxud anasının xəyanətini, şiddətini təkrarlayan insan və ya şüuraltı qorxularla doldurulmuş beyinə sahib olan insan. Hansı səbəblə olursa-olsun çıxış yolu psixoloji olaraq özünü və dünyaya gələcək uşağı tükəndirmədən sonlandırmasıdır. Əksinə belə ailəni davam etdirmək travmalı fərdin əmələ gəlməsinə səbəb olur və yenə də nəticə olaraq bədbəxt ailə tablosu yaranır. Ən əsası sevgi, hörmət, dəyər hissindən yoxsul olan uşaq yetişir və o da müəyyən yaşa çatdıqdan sonra gördüklərindən yola çıxaraq ya öz ailəsini qurmaqdan boyun qaçırır, ya da ailəsini doğru şəkildə qura bilmir. 


Ailədə hər kəsin yerinə yetirməli olduğu vəzifələr var. Təbii ki, kişi və qadın üzərinə düşən öhdəliklərin nə olduğunu bilməli və yerinə yetirməlidir. Hər şeydən əvvəl onlar ailə qurduqları zaman həyatlarını da birləşdirdiklərini, artıq lazımi zamanlarda birlikdə də qərar verərək ortaa məhsuliyyət daşıdıqlarını unutmamalıdır. Vəzifələrin icra olunmadığı ailədə böyüyən uşaq da məhsuliyyətdən məhrum, komfort zonasından çıxmayan, məqsədsiz şəkildə həyatını yaşayan biri kimi formalaşır. Çünki göz açdığı andan gördüyü mənzərə valideynlərin bu istiqamətdə hərəkəti və davranışları olur. Təsadüfi deyil ki, hər birimiz üçün ilk qəhrəman atamız, ilk arzuolunan qadın isə anamız olur. Əvəzolunmaz və mükəmməl obraz kimi gördüyümüz valideynlərimizin hər davranışı, hər sözü bizim üçün nümunəvi əhəmiyyət daşıyır və onlar kimi olmağa can atırıq. Belə olduqda yanlış  davranışlar doğruymuş kimi bizə təqdim edildiyində belə şüuraltımızda kodlanan düşüncə də yanlışın doğru kimi qəbul edilməsiylə nəticələnir. Xəstə təfəkkürlü fərd də nə cəmiyyətə faydalı ola bilkr, nə də ona düzgün zehinə malik şəxs verə bilir. 
Ailədə sevginin dozasını tənzimləmək də vacibdir. 


Sevgisiz ailə kimi sevginin yüksək səviyyədə - bağlılıq, ilahiləşdirilmiş dərəcədə təzahürü də yanlışdır. Valideyndə uşağa qarşı anormal sevgi onun müstəqil fərd kimi özünü tanımasına və çətinliklərlə təkbaşına mübarizə apararaq ayaqları üzərində durmasına əngəl olur. Belə ki, valideyn uşağın hər işinə müdaxilə edir, cəmiyyətə uyğun fərd yetişdirmək əvəzinə eqoistcəsinə öz istədiklərini övladının üzərində tətbiq edir və onu özündən asılı vəziyyətə salır.


Bəzi hallarda isə əksinə uşaqda özünü göstərən yüksək dozalı sevgi valideyndən qoparaq sərbəst hərəkət etməsinə əngəl olur və onun yanlış olsa belə dediyini əmr kimi qəbul edib icra etməsinə səbəb olur. Gələcəkdə qurduğu ailədə də söz sahibi olmaq əvəzinə, valideynlərinin yönləndirməsiylə qurduğu ailəni idarə edə bilmir. 


Hər zaman aktuallığını qoruyub saxlayan mövzuyla bağlı Avtosfer.az-a açıqlama verən Bakı Dövlət Universitetinin müəllimi, sosioloq Əli Babayev ailə məhfumunu geniş şəkildə şərh edib. “Ailə - nikah və qan qohumluğuna əsaslanan məişət evliliyi, qarşılıqlı mənəvi məhsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O həmçinin çox aspektli sosial qurumdur. Yəni sosiologiyanın cəmiyyətlə bağlı bütün bölmələrində (iqtisadi, sosial, psixoloji, mənəvi, təhsil, səhiyyə, hüquqi) ailəyə istinad edirik. Ailə hər şeydən əvvəl cəmiyyətin onun strukturunun təkrar istehsalının əsas mənbəyidir. Bu məhfumla bağlı daha geniş təriflər də mövcuddur. Məsələn rusiyalı sosioloqun tərifinə görə  ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemidir, hansı ki onun üzvləri nikah və qohumluq əlaqələri olur, ümumi məişət, qarşılıqlı məhsuliyyətlə birləşir, sosial vacibliyi olur, əhalinin fiziki-mənəvi artımına, cəmiyyətin irəli sürdüyü şərtlərdən ibarət qurumdur. Bu təriflərlə yanaşı, ailə sözünün əslinə, haradan gəldiyinə diqqət yetirmək lazımdır. Ailə ərəbcədən gələn “aul” felindəndir, mənası dayanmaq deməkdir. Yəni bir-birilərinə dayanan, etimad edən insanlar üçün işlənir. Ailədə üç əsas prinsip öz əksini tapmalıdır. Ər-arvadlıq, valideynlik və qohumluq əlaqələri ilə bir-birinə bağlanır. Əgər sadaladığım üç münasibətdən hır hansı biri olmazsa o zaman o natamam ailəyə çevrilir. Ailənin funksiyaları bir tərəfdən ailə-cəmiyyət, digər tərəfdən dı ailə-şəxsiyyət qarşılıqlı təsir sistemini əks etdirir. Yəni cəmiyyətin sosial təsisatı kimi ailəyə olan tələblər də inkişaf, təkamül nəticəsində dəyişir. Məsələn ailənin nəsil artırma, tərbiyə etmə, təsərrüfat, iqtisadi, sağlamlığın qorunması, qarşılıqlı kömək, əlaqə, ünsiyyət kimi kommunikativ, ilkin sosial nəzarət sosial tənzimləyici kimi funksiyaları var. Sosiologiyada ailə vacib sosial insititutlardan biri kimi təhrif olunur.  Bu sahədə ailə üçün xarakterik olan sosial münasibətlərə, ailə birliyinin quruluşuna, ailənin digər sahələrlə əlaqəsinə, sosial-psixoloji amillərə, ailədaxili münaqişələrin meydana gəlməsinə və aradan qaldırılmasına, ailə-nikah münasibətlərinə, tarixi tiplərinə, formalarına diqqət olunur. Ailə əsasən, beş mərhələyə bölünür: İlk növbədə nikahın bağlanması, daha sonra ilk uşağın dünyaya gəlməsi, ardınca sonuncu uşağın anadan olması, boş yuva (uşaqların böyüyərək ailə qurması) və sonda ailənin mövcudluğunun sonu, yəni ailə başçılarından birinin vəfatı. 


Ailə sosial institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana gəlib. Həmin dövrdə ailənin fəaliyyəti normativlərlə tənzimlənirdisə, artıq dövlət yarandıqdan sonra ailə münasibətlərinin nizamlanması hüquqi xarakter daşımağa başlayır. Nikahın hüquqi qeydiyyatı isə, yəni tək ər-arvadın yox, həm də onların birgə həyatını sanksiyalaşdırır və dövlətin üzərində müəyyən öhdəliklər qoyur. Artıq bundan sonra sosial nəzarət və sanksiyalar yalnız ictimai rəylə deyil, həm də dövlət orqanları tərəfindən həyata keçirilir. Bu, ailənin dağılmasının qarşısının alınmasında, oradakı sabitliyin qorunmasında mühüm amillərdən biridir. Dövlət müxtəlif qurumlar vasitəsilə mövcud olaraq ailədaxili problemlərin aradan qaldırılmasında, ailə institununun qorunmasında müxtəlif layihə və proqramlarla çıxış edir və daim nəzərdə saxlayır. Məsələn bugünkü statistikaya baxdıqda artıq ailə institutuyla bağlı həyəcanlı səslər, siqnallar gəlir. Bu ilin ilk altı ayı üçün ölkə əhalisinin sayı 10 milyondan artıq olub və bu müddətdə qeydiyyat şöbələri tərəfindən 24146 nikah faktı, 10631 boşanma faktı qeydə alınıb. Yəni hər min nəfərə görə nikahların sayı 5,8-dən 4,8-ə azalıb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə yüksəlib. Bu rəqəmlər məsələnin ciddiliyindən xəbər verir. Ailə institutunun dağılması, cəmiyyətin dağılmasına, o isə öz növbəsində dövlətin dağılmasına səbəb olur.


Fikrini Yaponiyada qəbul olunmuş qanunla yekunlaşdıran sosioloq bu dövlətin vətəndaşlarının gec yaşlarda ailə qurmalarından narazı olduğunu vurğulayıb. “Vətəndaşlar demək olar ki ailə qurmağa meyilli deyillər və belə şəxslər üçün müxtəlif sosial layihələr həyata keçirirlər. Bizim mental dəyərlərimizə, təfəkkürümüzə yad olan “kirayə ailə” deyilən sosial layihə həyata keçilir. Yəni ailə qurmayan gəncə natamam ailə (qadın və uşaqdan ibarət) təqdim olunur və bu şəxs bir-iki aylıq müddətlə onlarla bir ailə kimi yaşayır. Bir növ ailə qurmayan şəxslərə ailənin şirinliyi, gözəlliyi dolğun şəkildə çatdırılır. Bizdə isə daha çox məişət məsələlərinə, hüquqi-psixoloji aspektlərə diqqət yetirmək lazımdır. Ailədə artıq “mən” məhfumu “biz”lə əvəz olunur. Ailənin adaptasiya dövrünü də psixoloq və sosioloqlarla araşdırmaq və  bu institutun dövrün, zamanın tələblərinə uyğun təkamülünə baxmaq, eyni zamanda ailə dağınıqlığının səbəblərini araşdırmaq lazımdır.”

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması ” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh