Banner

Almanlardan oğurluq avtomobillərlə bağlı inanılmaz addım

Yazarlar 23 Sentyabr 2014 07:52 Oxunub 2587
Almanlardan oğurluq avtomobillərlə bağlı inanılmaz addım
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar özləri avtomobilin Almaniya ərazisindən oğurlanıb çıxarılmasında böyük rol oynayırlar

 


Ərşad Hüseynov: «Ölkəmizə gətrilən avtomobil İnterpol xətti ilə yoxlanıldıqdan sonra dövlət qeydiyatına alınmalıdır»

 

Avropa İttifaqına üzv ölkələrin öz aralarında sərhədləri açması insanların sərbəst hərəkətinə imkan yaratmaqla bərabər oğruların da əl-qolunu açıb. “Rossia Today” (RT) telekanalı Avropa ölkələrindən oğurlanan avtomobillərin Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarına daşınmasından bəhs edən reportaj yayıb. Məlumatda deyilir ki, oğrular mütəşəkkil şəkildə hərəkət edirlər və əllərinə nə keçdi oğurlayırlar. Onlar bilirlər ki, nə üçün gəliblər. Cinayətkarlar əmlakını oğurladıqdan sonra Almaniyanı tərk edirlər. Əsas problem odur ki, dövlət sərhədləri cinayətkarların qarşısını kəsmir. Oğrular GPS avadanlıqları ilə təchiz olunmuş bahalı avtomobilləri də oğurlamaqdan çəkinmirlər. Bunun üçün onlar GPS siqnallarını pozan xüsusi qurğudan istifadə edirlər. Avtomobil oğurluğu iri beynəlxalq biznesdir. Polis komissarı Yens Ştariqk bildirib ki, mütəşəkkil qruplaşma halında fəaliyyət göstərən peşəkarlarla və oğurlanan avtomobillərin geniş bazarı ilə üzləşiblər: “Oğurlanmış bahalı avtomobillər Rusiya, Azərbaycan, Qazaxıstan, hətta Çində satılır. Bu problem bütün Avropa üçün xarakterikdir”.

O əlavə edir ki, Avropa polisi üçün oğurlanmış avtomobillərin satıldığı ölkələrin sərhədlərini keçmək mümkün deyil.

Bu məsələ ilə bağlı müstəqil ekspert Ərşad Hüseynova müraciət etdik. O “Üç nöqtə”yə bildirdi ki, hər il dünyada təqribən 100 mindən artıq qaçırılmış avtomobil qanunsuz dövriyəyə düşür: “Azərbaycan qaçırılmış avtomobillərin dövriyyəsinə görə ön sırada deyil. Çünki ölkəmiz kiçikdir, nəzarət etmək asandır. Həm də dünya ilə müqayisədə avtomobillərin sayı da elə çox deyil. Rusiyada daha biabırçılıqdır. Məsələn, bu ölkənin qərb vilayətlərindən avtomobil qaçrılır, aparıb Sibirdə hissə-hissə satırlar. Oğruların oğurlanmış 100 minlik avtomobilin hissə-hissə satılmasından əldə etdikləri gəlir 5-10 min manat olur”.   

Müsahibimiz qeyd etdi ki, dünyanın hər yerində avtomobillərin hamısı xüsusi qeydiyatdadır: “Qeydiyatda olmayan avtomobil yoxdur. Onların hamısına dövlət qeydiyat nişanı verilir. Bir avtomobildə ban, şasi və mühərrik nömrəsi olmaqla 3 dənə qeydiyat nömrəsi var. Avtomobil hər hansı ölkədən qaçrılanda, yəni belə deyək ki, qanunsuz başqasının əlinə keçəndə, sahibinin istifadəsindən qanunsuz çıxanda məlumat verilirsə, dərhal həmin ölkənin məlumat bazasına yerləşdirilir. İNTERPOL-un üzü olan ölkələrin arasında isə belə razılaşma var ki, eyni zamanda həmin məlumat dərhal İNTERPOL-un məlumat bazasına da salınmalıdır. Avtomobili sürməklə bir gün ərzində 10 min km yol qət etmək olar. Məlumat İNTERPOL-un məlumat bazasında olduqda digər ölkənin ərazisində oğurluq avtomobili aşkar etmək mümkündür. Söhbət ondan gedir ki, qaçırılma faktı ilə bağlı dərhal məlumat yerilərsə, növbəti dövlət sərhədində,avtomillər nəzarətindən keçəndə oğurluq avtomobili aşkar etmək mümkündür”.

Ə.Hüseynov dedi ki, bundan yan keçməyin iki variantı var: “Variantlardan biri korrupsiyadır. Məhz buna görə də, nəzarət edənlər özlərini görməməzliyə vururlar. İkinci variant saxta sənədlərlədir. Bunun da bir tərəfi gedib yenə korrupsiyaya söykənir. Bəli, oğrular avtomobillərə asanlıqla saxta sənədlər əldə edirlər. Həmin saxta sənədləri də təqdim edirlər və ona görə sərhəddə heç bir problem yaranmır. Sərhədi maneəsiz keçəndən sonra isə avtomilin satılması nəzərdə tutulan dövlətin ərazisində, hətta onu qeydiyata saldırırlar. Yenə də ortada korrupsiya, saxtalaşdırma var. Çünki təsəvvür edin, bizim də qanunvericilikdə xaricdən Azərbaycana gətirilən avtomobillər, xüsusən də, işlənmiş avtomobillərlə (təzə avtomobillərlə bağlı problem olmur) bağlı DİN-nin təsdiqləyici təlimatı var: İNTERPOL xəttilə gətrilən avtomobil yoxlanmayana qədər o avtomobil qeydiyata alına bilməz. Bu qurumun məlumat bazası vasitəsilə avtomobil yoxlanılır. Əgər məlumat bazasında göstərilən nömrədə, rəngdə, markada (həmin 3 qeydiyat nömrəsinin yoxlanılması daxil olmaqla) olan avtomobillə bağlı heç bir axtarış yoxdursa, o qeydiyata alınıb, sənədləşdirilir. Bütün dünyada – Rusiyada, Türkiyədə də belədir. Yalnız saxta sənədlərlə, korrupsiya ilə, başqa heç bir şeylə bunu etmək olmaz”. 

Müsahibimiz avtomobil alıcılarının oğurluq avtomobili fərqləndirməsi prosesinin çətin məsələ olduğunu söylədi: “Avtomobil əldə edən adi adamlara oğurluqla bağlı informasiyanı tutmaq elə-belə asan məsələ deyil. Bir var, sənədə  kustar üsulla özündən möhür vurasan, imza atasan, bir də var bütün sənədlər peşəkarcasına hazırlanıb. Birinci halda saxtakarlığı aşkar etmək çətin deyil. İkinci halda sənədin saxta olduğunu aşkar etmək asan deyil. Saxta sənəd deyəndə o  sənəd başa düşülür ki, altında heç bir ilkin sənədlər yoxdur. Səlahiyyətli, vəzifəli şəxs özündən sənəd tərtib edib, möhürdə vurur, imza da atır. Havadan sənəd verir ki, bu avtomobili filankəsov filankəs satıb. Ən təhlükəli saxtalaşma budur. Bundan sonra avtomobilin qaçırıldığını müyəyən etmək mümkün deyil. Ola bilər ki, İNTERPOL-un məlumat bazasına informasiyanın yerləşdirilməsi ləngidilir, daxil olan məlumatın bir neçəsində yanlışlıqlar olur və ya daxil olan məlumatlardan yerli orqanlar istifadə etmirlər. Avtomobili gətirəndə o təsdiqləyici məlumatları dəyişdirə də bilərlər. Məsələn, Gürcüstanın ərazisindəki nəhəng bazarda avtomobilin mühərrikin nömrəsində dəyişmək olar. Heç bir problemsiz rəngin də dəyişdirmək olar. Bundan sonra həmin avtomobilin eyniləşdirilməsi mümkün olmayan avtomobilə çevrilir”. Ərşad Hüseynov deyir ki, kriminal bütün istedadı ilə işləyir.

Vəkil Sadiq Əfəndiyev isə bu məsələ ilə bağlı deyib: «Düzdür, alman polisinin dediklərində həqiqət var. Almaniyadan oğurlanmış avtomobillərin çox hissəsinin hazırda post sovet ölkələrində istifadə edilməsi son zamanlar geniş vüsət alıb. Burada əsas məsələ ondan ibarətdir ki, avtomobillərin Almaniya ərazisindən oğurlanıb çıxarılmasında avtomobil sahibləri olan alman vətəndaşlarının (əsasən də qeyri alman mənşəli ərəb, rus və s.) bilavasitə iştirakı olur. Onlar öz avtomobillərini müəyyən maxinasiyalarla müştilərini razı salan qiymətə satdıqdan və avtomobil Avropa ərazisini tərk etdikdən sonra avtomobillərinin oğurlanması haqda polisə yalan məlumat verərək yüksək məbləğdə sığorta ödənişi almağa nail olurlar».

Onun sözlərinə görə, bu cür oğurluq avtomobillər bəzən bizim respublikamızın ərazisində də aşkar olunur. «Ancaq bu avtomobillər onları əldə etmiş şəxslər tərəfindən Azərbaycan Respublikasında qanuni əsaslarla idarə olunur. İnterpol vasitəsilə həmin avtomobillər Azərbaycan Respublikasının ərazisində aşkar olunduqda faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində araşdırma aparılır. Araşdırma zamanı müəyyən olunsa ki, avtomobili sonuncu əldə edən Azərbaycan Respublikası vətəndaşının cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur, eləcə də o, avtomobili əldə edərkən avtomobilin oğurluq olmasından xəbəri olmayıbr, onda həmin şəxs avtomobili vicdanlı əldə edən şəxs kimi qiymətləndirilərək onun barəsində cinayət işinin başlanması rədd edilir və avtomobilin Azərbaycan Respublikasının ərazisində aşkar olunması ilə bağlı axtarışın təşəbbüskarına yazılı məlumat verilir».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh