"Amerikada piyada olmaq ikinci dərəcəli insan olmaq demək deyil"
Hörmətli oxucularımız, saytımızın Amerikadakı müxbiri oradakı içtimai nəqliyyat vasitələrindəki vəziyyət və sürücü-piyada münasibətlərindəki diqqət çəkən fərqli və maraqlı nüansları qələmə alıb.
“Salam, bu gun əhvalınız necədir?”- avtobus sürücüsünün səhər tezdən müxtəlif işlər arxasınca gedən hər bir sərnişinə göstərdiyi diqqət ən qaraqabaq insanın belə gülümsəməsinə və günə xoş əhval ilə başlamasına səbəb olur. Eləcə də axşam yorğun halda evə qayıdarkən – “Gününüz necə keçir?” sualını da verməyə məcbur deyil həmin avtobus sürücüsü, amma o bunu edir, cünki o bilir ki, bizim atalar sözündə deyildiyi kimi - “Hər şey nazikliyindən sınır, insan kobudluğundan”.
Biri-birinə qaşqabaqlı baxmaq, çiynindəki çanta ilə ətrafdakıları itələyib keçmək, müxtəlif bəhanələrlə sıradakı insanlara məhəl qoymadan önə keçməyə çalışmaq hər kəsin bacara biləcəyi işdir. Amma insanların bir-birinə qarşı diqqətli olması, həyatında ilk və bəlkə də son dəfə gördüyü insanların üzünə gülümsəməsi məncə daha asan və xoşdur. Elə yerli əhali də belə düşünür. Yaşadığımız dövrdə hər kəsin həyatında yetəri qədər stress faktorları mövcuddur və Amerikada insanlar bir-birilərinə qarşı daha anlayışlı olmaqla və xoş rəftar etməklə ən azından bu stress faktorlarından biri olmaqdan çəkinirlər.
Heç bir amerikalı yolda gördüyü zibili götürüb zibil qutusuna atmağı özünə ayıb saymır. Necə ki, yalnış zibil qutusuna atılmış karton və ya şüşə qabı düzgün qutuya yerləşdirməyi - “Bu mənim şəhərimdir, əgər mən, o və bu sıra ilə hamımız bu hala göz yumsaq o zaman şəhərimizlə fəxr etmək yerinə ondan utanmağa başlayacayıq və bunda hər birimizin günahı olacaq. Bunun baş verməməsi üçün hərəkətə keçməliyik və qarşısını elə biz özümüz almalıyıq”.
Amerikada əlilliyi olmaq və buna görə də kimdənsə asılı olmaq bir dairənin heç vaxt uzlaşmayan iki ayrı sonlarıdır. Hər bir içtimai nəqliyyat vasitəsində bu insanların maksimum rahat hərəkət edə bilməsi üçün bütün şərtlər gözlənilib. Etiraf etməliyəm ki, əlilliyi olan şəxsin öz arabası ilə avtomobil yolu ilə hərəkətəni görəndə bizim də sürücülərin bu cür anlayışlı və səbrli olmasını çox istədim.
Şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edən sürücülər bir-birilərini rəqib kimi görüb hər kəsi geridə qoymaq üçün sürəti artıraraq qəza vəziyyəti yaratmırlar. Yol boyu, bəzən isə şəhərlərarası yol 5 saata kimi çəkə bilər, hərəkət zolağını heç bir dəfə də dəyişmirlər. Bəzən çox uzun tıxaclar olur, heç kəs qabaqda duran sürücünün səbrini siqnal silahı ilə yoxlamır.
Piyadalara gəlincə, onlar da özlərini tam təhlükəsiz hiss edirlər. Piyadalar hətta işıqfor və ya piyada keçidi olmayan yollardan keçərkən belə nəqliyyat vasitələri tərəfindən söz, siqnal və ya sürət təzyiqinə məruz qalmırlar. Əksinə piyada və sürücülər arasında qarşılıqlı mədəni anlaşma var, sürücülər hətta baş yoldan ikinci dərəcəli yola dönmə zamanı belə yolu keçmək istəyən, amma hələ yola doğru addım atmayan piyadaya yol verir, piyadalar isə öz novbəsində əlini qaldırmaqla sürücüyə təşəkkür edir. Amerikada piyada olmaq ikinci dərəcəli insan olmaq demək deyil.
Diqqətimi çəkən başqa bir məsələ isə insanların səliqəli görünüşə ayırdığı diqqətdir. “Geyimə görə qarşılayıb ağıla görə yola salarlar”- atalar sözümüzə də Amerikalılar çox düzgün əməl edir. Hər kəs üz tutduğu hər bir məkanda yaxşı qarşılanmaq istəyir, bunun üçün yerli əhali maksimum səliqəli və rahat geyimlərə üstünlük verir. Təbii ki, yaxşı qarşılanmaq qədər eyni qaydada yola salınmaq da xoşdur. Buna görə də özünə hörmət edən hər bir amerakalı daim yeni filmlər, kitablar, dünyada baş verən yeniliklərlə yaxından maraqlanır.
Öz adət ənənələrimizi qorumaq və özümüz olmaqdan çıxmamaq şərti ilə başqa ölkə insanlarının müsbət keyfiyyətlərini mənimsəməyə çalışmaqla ən idealı elə biz özümüz ola bilərik.
Ülviyyə Qasımova
İnterpress.az