Reklam

Ana və oğlunun öldüyü qəzada kim günahkardır; sürücü, piyada, yoxsa dövlət qurumları? - VİDEO

Yazarlar 20 Aprel 2021 16:17 Oxunub 2304
Ana və oğlunun öldüyü qəzada kim günahkardır; sürücü, piyada, yoxsa dövlət qurumları? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, dünən axşam saat 09 radələrində aeroport yolunda piyada keçidi olmayan və avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yerdən yolu keçməyə çalışan 28 yaşlı Gülnar və onun 9 yaşlı oğlu Yusmir maşın vurması nəticəsində vəfat edib. Bundan sonra sürücülər sosial şəbəkələrdə aksiya başladaraq bütün piyada vurulma larına görə sürücülərin cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinə çağırışlar etməyə başladılar.

Vətəndaşlar həmin 110 km/saat yolda qaranlıq vaxtı sürücünün piyadanı görüb qəzadan yayınmasının mümkün olmadığını bildirirlər. İddia olunur ki, sürücü piyadaları vurmamaq üçün hərəkət istiqamətini dəyişsə, daha böyük faciəyə səbəb ola bilərdi. Həmin yolda süni işıqlandırmanın zəif olması da sürücülərin piyadaları görməyini çətinləşdirir.

Qəza yerindən aeroport yoluna paralel hərəkət etməklə təxminən 500 metr məsafədə yerüstü piyada keçidi var. Lakin keçidlə qəza baş verən yerin arasında Zabrat körpüsünün olması həmin istiqamətə hərəkəti çətinləşdirir. Aeroport yolunun kənarında isə piyada səkisi yoxdur. Biz hadisə yerində olarkən də piyadaların yolun həmin hissəsindən, bir neçə saat öncə ana və övladının keçərkən vurulduğu və vəfat etdiyi yerdən keçdiyinin şahidi olduq.

Ekspert-hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkədə aksiya keçirən sürücüləri haqlı sayır: “Burada insanlar dünyasını dəyişib və çox ağır hadisədir. Mən bu hadisəyə qiymət vermək fikrində deyiləm və ümid edirəm ki, hüquq-mühafizə orqanları obyektiv qiymət verəcəklər. Amma bizdə anormal yanaşma var ki, ölkə üzrə qəzaların əksəriyyətində sürücülər təqsirli bilinir. Bütün hadisələrdə səbəblər əsasən sürücülərin, qismən də digər hərəkət iştirakçılarının səhvlərinə yüklənir. Belə ola bilməz axı, daim ancaq sürücü, ancaq piyada, ancaq velosipedçi qayda poza bilməz. Dünyada yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün vacib olan 5 elementdən biri yol hərəkəti iştirakçıları, sürücülər və piyadaların intizamlılığıdır.

Amma digər 4 element də var. İkinci vacib element infrastrukturdur. Müasir dövrdə hərəkət etmək üçün normal təhlükəsizlik tələblərinə cavab verən svetoforla, nişanla, xətlə təmin olunan, düzgün işıqlandırılan, konfliktlərin təhlükəsiz dərəcədə həll olunduğu yol olmalıdır. Konflikt odur ki, məsələn, avtomobil yoludur, piyadalar da oradan keçmək istəyir, burada konflikt var. Yolu gərək elə layihələndirəsən ki, hətta sürücülərin müəyyən səhvlərini də kompensasiya edə bilsin.

Aeroport yolu magistral deyil, amma sürət yüksək olduğu üçün kənarında piyada səkisi olmamalıdır. Çünki 60 km/saatdan artıq sürət olan yolda piyada səkisi olmur. Çünki 60km/saatdan artıq sürət olan və səki olan yerdə ölüm riski çoxdur”.

Hadisə yerində olarkən məlum oldu ki, yolun həmin hissəsindən digər tərəfə keçmək istəyən piyada Zabrat qəsəbəsinin içinə doğru hərəkət etməli, orada yerüstü piyada keçidindən keçib yenidən aeroport yolu istiqamətində qayıtmalı, burada yola paralel hərəkətini davam etdirməli, nizamlanmayan piyada səkisindən keçib parkın içi ilə hərəkət edərək aeroport yolu üzərində quraşdırılan yerüstü piyada keçidindən keçib yenidən sağa doğru hərəkət edərək həmin nöqtəyə gəlib çata bilər. Bu zaman piyada iki yerüstü keçid, bir piyada xətti keçməlidir. Bunun üçün isə təxminən 1,5 kilometr yol getməlidir.

Ekspert bildirir ki, vətəndaş həmin yolu getməyə məcbur qalmamalıdır: “Onun yolu keçməsi üçün şərait yaradılmalıdır. Yolun kənarında məskunlaşma var, hər iki tərəfdə avtobus dayanacaqları var. Vətəndaş bir tərəfdə yaşayır, amma digər tərəfə keçməlidir. Bunun üçün planlaşma elə olmalıdır ki, vətəndaş 300 metrdən artıq məsafə getməsin. Əsas fokus bunda olmalıdır ki, heç də həmişə hərəkət iştirakçıları günahkar deyillər. Bütün digər məsələləri həll etmək, iş görmək lazımdır”.

Ə.Hüseynov bildirir ki, belə hallarda günahı nə piyadanın, nə də sürücülərin üzərinə atmaq olmaz: “İnsanlar həmişə diqqətli ola bilmirlər, insanın səhv etmək xüsusiyyəti var. Amma infrastruktur, gecə işıqlandırılması mükəmməl olmalıdır, sürət düzgün müəyyən edilməlidir. Həmin yol piyada keçidi olmayan və mürəkkəb hərəkət şəraiti olan yerdir. Yəni bir neçə zolaqda avtomobillər hərəkət edir. Sürücü həm yan zolaqlardakı avtomobilləri nəzərində saxlamalıdır, həm arxadan hərəkət edən, ötmə etmək istəyənləri, həm də öndə hərəkət edənləri müşahidə altında saxlamalıdır. Biz heç vaxt ona istiqamətlənməməliyik ki, yol qəzalarının günahkarı ancaq sürücülər və piyadalardır. İnfrastrukturumuzda, müasir sürücü hazırlığında ciddi problemlər var”.

Ekspert qeyd edib ki, iki il öncə bir neçə yüz nəfər sürücünün adından ölkə rəhbərliyinə müraciət edilib ki, qəzalar araşdırılarkən sadəcə sürücünü təqsirkar hesab etmək istiqamətində tədbirlər görülməsin: “Hər şeyi sürücüyə yükləmək olmaz. Hadisənin səbəb və şəraiti araşdırılmalıdır və bu zaman piyadaların da, sürücülərin də hərəkətinə və şəraitə qiymət verilməlidir. Bir insan öldü deyə günahı sürücüyə yükləmək olmaz”.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh