Artan qəzalar: insan faktoru, yoxsa texnikanın qüsuru? - "Prius" bəlası"

Bu gün səhər saatlarında baş verən taksi qəzası bir daha “Prius” məsələsini gündəmə gətirdi. Mən də bu avtomobillərin xidmətindən həm Bakıda, həm də ölkə xaricində istifadə etmişəm. Artıq həm sürücülərdə, həm də sərnişinlərdə bu avtomobilə qarşı kifayət qədər antipatiya yaranıb. Avtomobil sahibi olan dostlarım bu maşınlardan ehtiyat edirlər. Mənim kimi piyadalar isə mümkün qədər “Prius”a minməməyə çalışırlar. Bəs bu qorxu nə dərəcədə əsaslıdır?
Əvvəla deyək ki, “Toyota” şirkəti “Prius” modelini 1997-ci ildən istehsal edir. Hazırda “Prius”un 5-ci nəsli konveyerdədir. Bütün nəsillər müvafiq kraş test və təhlükəsizlik sınaqlarından uğurla çıxıb. Yəni, model dünya standartlarına uyğundur. Eynən də “Prado”. Bəs bizdə bu tərslik nədən ortaya çıxıb? Elə bir gün yoxdur ki bu 2 modellə insan səhhətinə zərər vuran və ya maddi xəsarət yaradan qəza törətməsin.
Cavab qəzaya hansı avtomobillərin düşməsidir. Bu gün “Prius”dan şəxsi avtomobil kimi istifadə edən, taksi fəaliyyəti göstərməyən yüzlərlə sürücü var. Onlar bir qayda olaraq ciddi qəza törətmir. Eynən də “Toyota”nın digər modelləri ilə törədilmiş ciddi qəzaların sayı kifayət qədər azdır. Bəs onda necə olur ki, “Prius” və “Prado” ilə törədilən ağır qəzalar normaya çevrilir?
“Prius”la məsələ məlumdur: ağır iş rejimi, rəqabət, yuxusuzluq, nasaz avtomobil, aşağı gəlir və s.
“Prado”da isə vəziyyət tam fərqlidir. Bu avtomobillə törədilən qəzaların başlıca səsəbi özünə və texnikaya arxayınlıqdır. “Prado” ilə qəzalar bir qayda olaraq şose yollarında, yüksək sürətlə baş verir. Sürücü özünü inandırır ki, avtomobil onu və ya o avtomobili ən pis situasiyadan çıxara biləcək. Lakin fizika qanunları sabitdir və heç kim buna müdaxilə etmək iqtidarında deyil.
Eyni vəziyyət “VAZ-2107”yə də aiddir. Hərçənd bu avtomobildə ölümlə nəticələnən qəzaların azalması elə modelin özünün və sürənlərin (təəssüf ki həyatdan köçərək) azalması ilə izah edilməlidir. “2107” əvvəllər onlarla gəncimizin həyatına son qoyub. Hər dəfə də izah belə olub: avtomobil təhlükəsizlik normalarına cavab vermir. Çox gözəl, bəs nə üçün eyni texniki göstəricilərə malik olan, kuzovu isə daha zəif olan “VAZ-2104”lə qəzalar baş vermir? Axı məntiqlə “VAZ-2104”də ölüm sayı daha çox olmalıdır! Bunun da cavabı sadədir: “VAZ-2104” istifadəçiləri nisbətən yaşlı adamlardır və bu model avtoxuliqanlıq deyil, kommersiya məqsədi ilə istifadə olunur. Saytlarımızın arxivlərini axtarsaq bu modellə törədilən qəzalara demək olar rast gəlinməyəcək.
Vaxtilə “Ford”lar sərnişinlərin axırına çıxırdı. Indi bu funksiyanı “Vito” və “Sprinter”lər üzərinə götürüb.
Bəli, sözümün canı odur ki, pis texnika yox, pis istifadəçi var. Pis istifadəçini yaradan səbəblər aradan qalxmayınca modellər dəyişəcək, vəziyyət isə olduğu kimi qalacaq. Amma şəxsən mən vəziyyətin yaxşıya doğru dəyişəcəyini mümkün sayıram və buna inanıram. Sadəcə olaraq tələsmək lazımdır.
PS. Bakıdakı qəbiristanlıqlardan birində bahalı baş daşının üstünə 16 yaşlı yeniyetmənin şəkli, arxa fonda isə qabağı qaldırılmış “VAZ-2107” təsvir edilib. Valideyn öz ağılsız hərəkətinin təsəllisini avtomobil qiymətinə baş daşı düzəltməklə tapır. Bəlkə də valideyn o gənci idmana və ya xarici dil dərsinə yollasa daha yaxşı nəticə olardı.
Etik cəhətdən uyğun olmadığı üçün bu qəbrin fotosunu çəkmədim.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










