Artan yol qəzaları - Sürücü məsuliyyətsizliyi yoxsa laqeydlik?
Demək olar ki, vətəndaşların çox hissəsi gündəlik ictimai nəqliyyatdan istifadə edir. Bu isə o deməkdir ki, biz öz həyatımızı günün müəyyən saatlarında avtobus və taksi sürücülərinə etibar edirik. Bəs sürücülər bu məsələdə nə dərəcədə etibarlıdır?
Təəssüflər olsun ki, işinin məsulliyyətini dərk edən sürücülərlə yanaşı, sükan arxasında yuxulayan, spirtli içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülər də az deyil. Sürücülərin növbədən artıq işləməsi bir başa bədbəxt hadisəyə yol açır. Belə qəzalar zamanı insanın həyatını itirməsi bəzən qaçılmaz olur, bəzən də ömürlük şikəst olurlar.
Bəzən taksi sürücülərin həddindən artıq tələsməyi də bədbəxt hadisəni özünə bir addım yaxınlaşır. Kənardan elə görünür ki, sanki taksi sürücüləri bir-birləri ilə rəqabət aparır. Ancaq bu “rəqabət” bəzən kimlərinsə son qoyur.
Qeyd edim ki, statistikaya əsasən, təkcə yanvar-mart aylarında 403 nəqliyyat qəzası baş verib. Bu isə gündə minimum 4 hadisənin baş verməsi deməkdir. Bu aylar ərzində baş verən yol qəzaları nəticəsində 183 nəfər həlak olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı 525.az-a danışıb. Ekspertin sözlərinə görə, son vaxtlar daha çox taksi sürücüləri qəzalara səbəb olur. Bu siyahıya mikroavtobusları da əlavə etmək olar:
“Ümumən bütün bunlar narahatlıq doğuran haldır. Təəssüflər olsun ki, yük avtobuslarının iştiraki ilə də qəzalar baş verir. Bakı Dövlət Yol Polis İdarəsi bu barədə müvafiq müraciətlər edir. Aidiyyatı üzrə daşıyıcı fəaliyyətiylə məşğul olan şəxslərə xəbərdarlıq edilir ki, sürücülərin iş və istirahət rejiminə əməl olunsun. Avtomobillərin texniki vəziyyəti nəzarətdə saxlanılsın və digər zəruri tədbirlər görülsün. Bütün bu xəbərdarlığa rəğmən, ciddi bir dəyişikliyin olmadığını görürük. Məsələ ilə bağlı ciddi inzibati tədbirlərin görülməsinə ehtiyac var. Cərimələr sərtləşdirilməlidir, nəzarət mexanizmi gücləndirilməlidir. Xüsusən taksi fəaliyyyətiylə bağlı təkminləşdirilmə işi aparılmalıdır.
Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev tərəfindən ilin əvvəlində müvafiq fərman imzalanıb. Həmin fərmana əsasən, Baş nazir tərəfindən sərəncam verilib. Sözügedən sənəddə taksi fəaliyyətinin təkminləşdirilməsi nəzərdə tutulur. Ancaq təəssüflər olsun ki, bir xeyli vaxt keçsə də, ciddi bir nəticə əldə olunmayıb. Ümid edirəm ki, bu sənədlərin tətbiqi belə ciddi məsələlərin həllinə kömək edəcək.
Yük və sərnişin avtobuslarıyla bağlı nəzarət mexanizmi də güclənməlidir. Burada əsas məsələ iş və istirahət rejimi ilə bağlıdır. Bu məsələni həll etmək üçün tək-tək fərdlərlə ünsiyyətdə olmaq mümkünsüzdür. Bunun əsas həlli yolu həmin nəqliyyat vasitələrinə taxoqrafların qoşulmasıdır. Belə olan halda həmin nəqliyyat vasitələrinin idarə olunmasına nəzarət etmək olar”.
Taksi sürücüsü Ədalət Muradov da fikirlərini bizimlə paylaşıb. Onun sözlərinə görə, taksi şirkətlərində qiymətlərin çox ucuz olması sürücüləri daha çox işləməyə məcbur edir:
“Qiymətlər olduqca aşağıdır. Bu səbəbdən də sürücülər daha çox işləyirlər. Çünki sürücülərin bir çoxu avtomobili icarəyə götürməklə fəaliyyət göstərir. Nəzərə alaq ki, benzinin qiyməti kifayət qədər bahadır. Sürücü qiymətlərdən şikayət etməyib, bəs nə etsin? Məlum məsələdir ki, qiymətlərin ucuz olması sərnişinə xeyirdir. Ancaq bizim üçün vəziyyət heç də ürəkaçan deyil. Hamı deyir ki, səni qane etmirsə, işləmə. Mən 40 ildir taksi sürücüsüyəm. Bundan sonra başqa bir işlə məşğul ola bilmərəm. Əlbəttə yuxusuzluq yol qəzalarına, bədbəxt hadisələrə yol açır. Ancaq hər bir sürücü sükan arxasında çox diqqətli olmalıdır. Çünki bədbəxt hadisə zamanı sərnişinlə yanaşı, sürücünün həyatı da təhlükədə olur. Çox vaxt naşı sürücülər yol qəzalarına səbəb olur. Bir də görürsən ki, maşın sürməyə yenicə başlayan insan taksi işlədir. Hər hansı bir çətin vəziyyət yarananda da, çıxılmaz halda qalır. Düşünürəm ki, taksi şirkətləri sürücünü işə götürəndə onun sürücülük təcrübəsinə baxmalıdır”.