Reklam

Artıq Azərbaycanda hamının maşını olacaq? - Qiyməti və benzin xərcini ucuzlaşdıracaq qərar gəlir

Yazarlar 30 Mart 2022 11:18 Oxunub 25410
Artıq Azərbaycanda hamının maşını olacaq?  - Qiyməti və benzin xərcini ucuzlaşdıracaq qərar gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycanda ekoloji təmiz avtomobillərin idxal rüsumunun 0%-ə endirilməsi ilə bağlı təkliflər hazırlanıb”.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndəsi Tariyel Alverdiyev deyib. Onun sözlərinə görə, bu təkliflər ölkənin müvafiq nazirliklərinə təqdim olunub ki, onlar tərəfindən müsbət rəy alındıqdan sonra hökumətə təqdim olunacaq.

"Beləliklə, elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı heç bir ödəniş tətbiq olunmayacaq", - deyə T. Alverdiyev qeyd edib.

Qeyd edək ki, ölkədə elektromobillərdən istifadəyə keçidlə bağlı təkliflər uzun müddətdir gündəmdədir. Lakin bu istiqamətdə bir sıra problemlərlə əlaqədar hələ də ənənəvi avtomobillərdən istifadə üstünlük təşkil edir.

İdxal rüsumundan azad olunması elektromobillərin sayını azaldacaq və qiymətini ucuzlaşdıracaq?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirdi ki, Dövlət Gomrük Komitəsi uzun müddətdir yalnız elektromobillər deyil, həm də hibrid avtomobillərə güzəştlərin tətbiqini təşviq edir:

“Ümumilikdə atılan bu addımlar cəmiyyət üçün faydalı olacaq. Bu ilin yanvar ayından hibrid avtomobillərə, eləcə də elektromobillərə güzəştlər tətbiq olundu, aksiz vergisindən azad edildi. Bu, o deməkdir ki, həmin tipli nəqliyyat vasitələrinin qiymətlərində çox böyük təsirlər olacaq. Məsələn, 100 min manatlıq hibrid avtomobil və yaxud elektromobildə bu rəqəm 15 min manatadək ucuzlaşma deməkdir. Bu, yaxşı addımdır. İndi aidiyyəti qurumlara göndərilən təkliflər isə daha böyük təsirlər göstərəcək. Bu, bütün dünya dövlətlərində həyata keçirilən müxtəlif tədbirlərdən biridir. BMT və ÜST daim dünya dövlətlərinə müraciət edir ki, ətraf mühitin qorunması üçün addımlar atılsın. Xüsusilə də meqopolislər, paytaxt şəhərlərdə ətraf mühitin çirklənməsinin 70-80 faizini avtomobillər təşkil edir. Bu da benzin, qaz və dizel kimi ənənəvi yanacaq növü ilə işləyən avtomobillərin yaratdığı fəsadlardır. Həmin fəsadların aradan qadırılması üçün alternativ enerji növü ilə çalışan nəqliyyat vasitələrinə keçid zəruridir. Burada hibrid avtomobillərdən və ən mükəmməli isə elektromobillərdən söhbət gedir”.

Ekspert deyib ki, elektromobillərə tələbat olsa da, Azərbaycanda hələ ki, maddi-texniki baza, usta-servis xidməti olmadığından cəmiyyətdə elektromobillərə o qədər də maraq yoxdur:

“Ancaq hibrid avtomobillərə maraq böyükdür və kütləvi şəkildə ölkəyə gətirilir. Çox təəssüf ki, köhnələr gətirilir. DGK-nin təklif etdiyi bu təşəbbüs reallaşarsa, artıq insanlar köhnə deyil, yeni, daha komfortlu hibrid avtomobillər gətirə bilər. Elekromobillər bir qədər də ucuz gələ bilər və biz ənənəvi avtomobillərdən canımızı qurtararıq. Bunun üçün zaman lazımdır. Məsələn, Türkiyə kimi nəhəng bir dövlət bu prosesi 2040-cı ilə qədər hədəfləyib ki, həmin vaxt artıq ölkədə ənənəvi avtomobil olmayacaq. Azərbaycanda daha uzun zaman, 2050-2060-cı ilə qədər müddət götürülə bilər. Hədəf artıq Prezident İlham Əliyevin 2018-ci il dekabrın 28-də imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinə dair” Dövlət Proqramında qarşıya qoyulub. Bu hədəfə nail olmaq üçün aidiyyəti qurumlara tapşırıqlar verilib ki, buraya DGK, ETSN, EN və digər qurumlar daxildir. Onlar vaxtında təşəbbüslər irəli sürməlidirlər. Çox təəssüflər olsun ki, bəzi qurumlar gözləmə mövqeyindədir. Ümumilikdə bunlar ətraf mühitimizi qorumaq üçün atılan addımlardır ki, cəmiyyət də buna dəstək olmalıdır”.

Ekspertin sözlərinə görə, yanvarın 1-dən son 3 ilin istehsalı olan hibrid və elektromobillər avtomobillər ƏDV-dən azad olunub:

“Artıq rüsumların da aradan qaldırılması o deməkdir ki, qiymətlərə çox böyük təsir göstərəcək. Əgər ƏDV 10 min manat təsir göstərirsə, digər ödənişlər də 3-5 manat civarında təsir göstərəndə xeyli dəyişiklik görmək mümkündür. Məsələn, xaricdən 50 min manata aldığımız avtomobil Azərbaycana 80-100 min manata yox, 55 min manata gəlib çıxacaq. Ona görə də vətəndaş 100 min manat verib benzin mühərrikli avtomobil yox, 55 min manatlıq hibridi, elektromobili alacaqlar. Bu istiqamətdə təbliğat, təşviqat getsə, yaxın zamanda biz ciddi irəliləyişlərin şahidi olacağıq. Ancaq xaricdən, məsələn, 50 min manata alıb, Azərbaycana da həmin qiymətə gətirmək bir qədər real deyil. Çünki yol xərci, aksiz vergisi və digər ödənişlər var ki, simvolik olaraq onlar qalacaq. Fikrimcə, DGK istəyir ki, ənənəvi avtomobillərə mövcud rüsumlar qalsın, ancaq ətraf mühitin qorunması üçün ekoloji təmiz avtomobillərə daha böyük güzəştlər tətbiq olunsun”.

O da vurğulandı ki, Avropanın 50, Skandinaviya ölkələrinin 60-70 faizi elektromobillərə keçib:

“Hətta hibridləri də qəbul etmirlər. Onlar bilirlər ki, yanacaq tükənir, baha başa gəlir. Yəni həm ətraf mühiti qoruyur, həm də ciblərini düşünürlər. Azərbaycanda da bu cür olmalıdır. Nə qədər neft çıxacağına heç kim zəmanət verə bilmir. Onsuz da nefti çıxarıb xaricə satırıq və onlar da istehsal edib baha qiymətə bizə satırlar. Sadəcə qiymətlər əlçatan olsa, hamının fikri odur ki, hibrid və elektormobildən istifadə etsin”.

Ekspert bildirib ki, elektromobillər üçün enerjidoldurma məntəqələri olmalıdır:

“Paytaxtla yanaşı, bütün bölgələrdə bu sistem yaradılmalıdır. Onlar üçün maddi-texniki baza olmalıdır. Mühərriklə bağlı hər hansı problem yarandıqda onu aparıb Dubayda, Yaponiyada, yaxud hər hansı istehsalçı zavodda təmir etməyə ehtiyac qalmasın. Bununla bağlı ölkədə usta olmalıdır. Düşünürəm ki, artıq böyük dilerlər bu istiqamətdə müəyyən addımlar atır. İlkin olaraq müəyyən heyət yetişdirilməlidir. Məsələn, vətəndaş elektromobil alır və onu Gəncə şəhərinə sürmür ki, orada bir problem yaransa, usta tapa bilməyəcək. Ancaq Avropada elə bir sistem qurublar ki, məsələn, İsveçdə vətəndaş elektromobillə gedərkən, yolüstü hansısa bir marketdən alış-veriş edərkən avtomobilin enerjisinin tükənmək üzrə olduğunu gördükdə marketin qarşısında “vitrində” hazır dolmuş vəziyyətdə akkumlyatorları görür. Vətəndaş öz avtomobilindən akkumlyatoru açıb “vitrinə”qoyur və dolusunu götürür.

Buradan görünür ki, dövlət vətəndaşı nə qədər düşünür. Almaniyada elektromobili aldıqda dövlət tərəfindən çox ciddi güzəşt tətbiq olunur. Hətta dövlət vətəndaşa 1200 avro civarında əlavə yardım verir ki, üstünə də 300-500 avro qoyub evinin qarşısında elektrik doldurmaq üçün məntəqə qursun. Bundan gözəl addım nə ola bilər? Azərbaycanda da bu imkan yaradılsa, vətəndaş onu ala bilər. Elektormobillər hazırda baha qiymətə başa gəlir. Məsələn, “Tesla”nın ən ucuz avtomobili Azərbaycanda 100-120 min manata gəlib çıxır. Ona görə də bizim cəmiyyət üçün 30-80 min manat civarında avtomobillər daha əlverişlidir. O tipli elektormobil gəlmir. Ancaq o qiymətə hibrid avtomobil ala bilirik. Məsələn, həmin qiymətə “Toyota”, “Hyundai”nın o tipli modelləri var. Yeni təkliflər həyata keçsə, 80 min manata olan maşında 20 min manata qədər fərq olsa təbii ki, imkanı olan vətəndaş onu üstünlük verəcək. Hibrid avtomobil almaq o deməkdir ki, yanacaq sərfiyyatı 50 faizə qədər azalmış olur. Ayda 500 manat yanacağa xərc çəkirsinizsə, bu, hibrid avtiomobildə 250-300 manata yaxın başa gəlir. Onu da illərə vurduqda çox böyük rəqəm ortaya çıxır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh