Banner

Arxa duman faraları necə işləməlidir?

Yazarlar 15 Aprel 2015 20:40 Oxunub 17716
Arxa duman faraları necə işləməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalarda nəzərdə tutulmayan hallarda arxa duman faralarından istifadə edirlər

Yollarımızda nəqliyyat vasitələrinin işıq cihazlarından istifadə ilə bağlı problemlər kifayət qədərdir. Bu problemlərdən biri də arxa duman faralarından (və ya fənərlərindən) istifadə ilə bağlıdır. Müşahidələrimiz göstərir ki, bəzi sürücülərimiz arxa duman faraları ilə bağlı iki səhvə yol verirlər:

1. Qaydalarda nəzərdə tutulmayan hallarda arxa duman faralarından istifadə edirlər;

2. Arxa duman faralarının funksional təyinatını və iş rejimini pozmaqla ondan istifadə edirlər.

Birinci hal “Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin 9-cu hissəsinin tələbinin elementar pozulmasıdır. Həmin normada deyilir ki, arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə  şəraitində istifadə edilə bilər. Məhdudiyyətli görünmə şəraitinin anlayışı isə Qanunun 1-ci maddəsinin 42-ci bəndində belə verilmişdir: məhdudiyyətli görünmə duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir. 

Bu iki normanı birgə təhlil etdikdə aydın olur ki, arxa duman faraları yalnız duman, yağış, qar, toz burulğanı, tüstü və s. belə hallarda, yaxud axşam və səhər toranlığında (“Yol hərəkəti haqqında” Vyana Konvensiyası düzgün olaraq toranlıqda da arxa duman faralarının yandırılmasını qadağan edir) görünmə 300 m-dən az olduqda yandırıla bilər. Ona görə də hətta aydın havada gecə qaranlığında da arxa duman faralarını yandırmaq qadağandır.

İkinci hal isə avtomobilin arxa duman faralarının iş rejiminə müdaxilə nəticəsində baş verir. Bunun ən geniş yayılmış variantı arxa duman faralarının stop-siqnala (tormoz işıqlarına) qoşulmasıdır. Çox nadir hallarda arxa duman faralarının qabarit işıqlara qoşularaq onlarla eyni rejimdə işləməsinə də yol verilir. Göstərilən hər iki hal və arxa duman faralarının iş rejiminin pozulduğu digər hallar avtomobilin konstruksiyasına bilərəkdən müdaxilə nəticəsində mümkündür. Çünki arxa duman faraları avtomobillərə BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən təsdiq olunmuş 48 saylı qaydalara uyğun tətbiq edilir. Həmin qaydalar arxa duman farasının iş rejimini və digər texniki göstəricilərini dəqiq müəyyən edir. Həmin faraların işıqları yalnız qırmızı rəngdə olmalı, işığının gücü və istiqaməti isə normativlərə uyğun olmalıdır. Bu faralar ayrıca işə salınmalı və avtomobilin əsas işıqları söndükdə avtomatik olaraq sönməli, işıqları təkrar yandırdıqda isə avtomatik yanmamalıdır. Yəni hər bir halda arxa duman faraları yalnız sürücü tərəfindən yandırıla bilməlidir (başqa işıq cihazları ilə birlikdə avtomatik yanmamalıdır). 

“Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin 9-cu hissəsində xüsusi vurğulanır ki, arxa duman faralarını stop-siqnallara qoşmaq qadağandır. 

Arxa duman faralarının istər qaydalardan kənar istifadəsi, istərsə də onların iş rejiminin pozulması təhlükəlidir, çünki bu faraların qırmızı işığı digər qırmızı işıqlardan daha güclüdür və arxadan gələn sürücülərin gözlərini qamaşdıra bilir. Onların qırmızı işığının yaratdığı parlaq fon arxadakı sürücü üçün qabağı görməyi xeyli dərəcədə çətinləşdirir Bundan başqa, aydın havada arxa duman faralarının yanması arxadan gələn sürücüləri çaşdıra bilər (tormoz siqnalı kimi qəbul edilməklə). Ona görə də bu faralardan istifadə qaydalarının pozulmasına və bunların iş rejiminin dəyişdirilməsinə görə sürücülər məsuliyyətə cəlb olunur.

Arxa duman faralarını yandırmaqla başqalarından fərqlənmək istəyən sürücülərin nəzərinə çatdırıram ki, bu faraları məhdudiyyətli görünmə olmayan halda (o cümlədən aydın havada gecə vaxtı) yandırmaya görə İnzibati Xətalar Məcəlləsinin 151-2.2-ci maddəsi üzrə 30 manat, həmin faraların iş rejiminin pozulmasına görə (stop-siqnallara və ya qabarit işıqlarına qoşulmasına görə) isə bu Məcəllənin 155.2.2-ci maddəsinə əsasən, 150 manat cərimə nəzərdə tutulur. İkinci halda hətta bu konstruksiya dəyişikliyi yerində aradan qaldırıla bilməzsə, avtomobiliniz mühafizə olunan duracağa aparılacaq. 

İşlənmiş avtomobili alan sürücü dostlar, nəzərə alın ki, avtomobildə konstruksiya dəyişikliyi sizdən əvvəl edilmiş olsa da, bu sizi cərimədən azad etmir. Çünki qanunun birmənalı tələbinə əsasən, hər bir sürücü konkret idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyətinə görə məsuliyyət daşıyır. Ona görə də işlənmiş avtomobil alarkən diqqətli olun və aşkar etdiyiniz texniki qüsurları aradan qaldırmamış yola çıxmayın. 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh