Reklam

Avropada pulsuz ictimai nəqliyyat – Kim uduzur, kim qazanır?

Yazarlar 5 Yanvar 2022 13:10 Oxunub 2068
Avropada pulsuz ictimai nəqliyyat – Kim uduzur, kim qazanır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İctimai nəqliyyatın saxlanması və istismarı böyük xərc tələb edən sahədir. Avropa şəhərlərinin büdcə gəlirlərin orta hesabla 25%-i nəqliyyatın saxlanmasına sərf olunur. İLk baxışdan belə bir haqlı sual ortaya çıxır: axı Avropada gediş haqqı bizdəki kimi 30 qəpik deyil, 2 avrodur!

Bəli, hörmətli oxucu, tamamilə haqlısan, amma məsələnin digər tərəfi də var. Avropada yanacaq, əmək haqqı, texnikanın alış qiyməti də bizdən bahadır. Lakin bizimlə oxşar olan bir məsələ də var: nəqliyyatın gəliri təkcə sərnişinlə formalaşmır. Məsələn, Fransada sərnişinlər ən yaxşı halda nəqliyyat qurumunun xərclərinin 30%-ni formalaşdırırlar. Yenə də dövlət qurumları xərcləri qarşılamaq üçün dotasiya və digər mənbələrə baş vurmalı olur. 
Bununla belə, dünyanın 120 şəhərində ictimai nəqliyyat tam pulsuzdur ki, onlardan 50-ə qədəri Avropadadır (o cümlədən 36-sı Fransada).  

2013-cü ildə Estoniyanın paytaxtı Tallin ictimai nəqliyyatın pulsuz olduğu ilk paytaxt və ən böyük şəhər kimi tarixə düşdü. 450 000 əhalisi olan şəhərin yerli sakinləri üçün nəqliyyat pulsuzdur. Əsas nəqliyyat növü isə tramvay və trolleybusdur. 2018-ci ildə isə bütün ölkə ərazisində avtobuslar pulsuz oldu. Məqsəd əyalətlərdə yaşayanların mobilliyini artırmaqdır. 

615 000 nəfər əhalisi olan Lüksemburq Hersoqluğunda 2020-ci ilin martından etibarən qatar da daxil olmaqla bütün ictimai nəqliyyat pulsuzdur.

Əslində pulsuz nəqliyyat təcrübəsi çoxdan mövcuddur. Fransanın 42 000 nəfər əhalisi olan Kompyen şəhərinin sakinləri avtobusa sonuncu dəfə 1975-ci ildə pul ödəyiblər!

Avropanın bir çox şəhərində qismən pulsuz nəqliyyat sistemi vaxtaşırı tətbiq edilir. Bir çox şəhərdə (Dünkerk, Monpelye, Ştutqart və s.) həftə sonları nəqliyyat pulsuz xidmət edir. Ekoloji göstəricilər pisləşdiyi dövrdə isə nəqliyyatın qiyməti ya endirilir, ya da ümumiyyətlə havayı olur (əsasən İsveçrədə). Uşaqlar və tələbələr üçün nəqliyyatın pulsuz olması da qismən pulsuz nəqliyyat xidmətinin bir parçasıdır. 


Bəs nəqliyyatın pulsuz olması bələdiyyələri hansı qayğılardan azad edir?
1. Validatora kart göstərilmədiyi üçün minib-düşmə müddəti azalır,
2. Sərnişinlərin biletini yoxlamaq üçün çoxsaylı nəzarətçi və konduktor ordusu saxlamağa ehtiyac qalmır (bizdə bu işi sürücülər edir),
3. Bahalı kart yükləmə terminallarının alınması və istismarına çəkilən xərc aradan qalxır.
4. Terminallardakı pulların daşınması üçün inkasatorlara pul xərcləmək zərurəti aradan qalxır,
5. Bank əməliyyatları minimuma endiyi üçün mühasibatın işi yüngülləşir,
6. Əhali kütləvi şəkildə ictimai nəqliyyata yönəldiyi üçün şəhərdə sıxlıq azalır,
7. Şəxsi avtomobildən istifadənin azalması nəticəsində ekologiya yaxşılaşır, şəhərdə səs azalır, havanın pisləşməsindən yaranan xəstəliklər minimuma enir (bu halda tibbi sığorta da qazanır).

İlk baxışdan belə təsəvvür yaranır ki, pulsuz ictimai nəqliyyatda xidmət keyfiyyəti dərhal aşağı düşür: interval artır, avtobus və tramvaylara minmək olmur. Lakin Tallin, Lüksemburq və Monpelye təcrübəsi göstərdi ki, nəqliyyat infrastrukturu yaxşı təşkil edilmiş şəhərdə bu problem cəmi bir həftə davam edir ki, bu da insanların vərdişindən asılıdır. Yəni, sərnişinlər illərlə kart vurmağa vərdiş etdikləri üçün bir neçə gün reflektor olaraq kartı validatora yaxınlaşdırırlar.

Məsələnin siyasi tərəfinə gəlincə: nəqliyyatı pulsuz etmiş bələdiyyə sədrləri növbəti müddətə asanlıqla seçilirlər.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh