Reklam

“Avropadan Azərbaycana ucuz dizel avtomobillərinin idxalı artmaqdadır” - Mirqasım Vahabov

Yazarlar 4 Noyabr 2019 13:12 Oxunub 1492
“Avropadan Azərbaycana ucuz dizel avtomobillərinin idxalı artmaqdadır” - Mirqasım Vahabov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəmizə müvəqqəti gətirilən xarici nömrəli avtomobillərin əksəriyyəti Avro-4 standartına cavab vermir

Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabovın “Report” İnformasiya Agentliyinə müsahibəsi

- Mirqasım müəllim, bu ildən başlayaraq ölkəyə idxal edilən avtomobillərin aksiz vergisinin artırılmasından sonra minik avtomobillərinin və avtobusların ölkəyə gətirilməsində hansı dəyişikliklər - azalmalar var?

- 2019-cu il ərzində ölkəyə idxal olunan minik nəqliyyat vasitələrinin əksəriyyəti mühərrik həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdir və bu avtomobillərə tətbiq olunan ən yüksək aksiz məbləği 600 manat təşkil edir. Bu baxımdan müvafiq avtomobillərə tətbiq olunan aksiz vergisi dərəcəsinin cari ildən etibarən mühərrikin hər kubsantimetrinə 0,20 manatdan 0,30 manata qaldırılması onların idxalının həcminin azalmasına səbəb olmayıb. 2018-ci ildə ölkə ərazisinə gətirilən minik avtomobillərinin sayı ilə müqayisədə 2019-cu ildə ölkəyə daha çox avtomobil idxal olunub. Ölkəyə ötən il 105 sayda avtobus gətirildiyi halda, bu ilin 9 ay ərzində mövcud göstərici 367 ədəd təşkil edib. İdxal olunan avtobusların 221 ədədinə qanunvericilik aktlarında nəzərdə tutulmuş güzəştlər tətbiq olunub.

- Aksiz vergisində hər hansı dəyişikliklərin edilməsi ilə bağlı hökumətə təkliflərin edilməsi nəzərdə tutulurmu?

- Ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və differensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır.

- Mirqasım müəllim, bu gün bir çox Avropa ölkələri dizel mühərrikli avtomobillərin istifadəsinə məhdudiyyətlər qoyur və 2025-ci ildə Avropa ölkələrində bu cür avtomobillərin istifadəsi tam məhdudlaşdırılacaq. Etiraf edək ki, bir çox hallarda bu cür dizel mühərrikli avtomobillər Azərbaycan və bir çox ölkələrə gətirilir. Dövlət Gömrük Komitəsinin bununla bağlı hökumətə hər hansı təklifi varmı?

- Əksər Avropa ölkələrinin dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırması və ya imtina etməsi fonunda onların ucuz qiymətə alınaraq ölkəmizə gətirilməsi halları artmaqda davam edir. Avropa ölkələrində dizel yanacağı ilə işləyən avtomobillərin istismarı 2025-2026-cı illərə qədər olan müddətə nəzərdə tutulur. Bu baxımdan ölkəmizdə istifadəsi ekoloji cəhətdən mənfi fəsadlara səbəb olan dizel yanacağı ilə işləyən minik avtomobillərinin gələcək dövrlərdə idxalına marağın azaldılması məqsədilə aidiyyəti qurumlarla müzakirələr zamanı müvafiq təkliflər təqdim olunacaq.

- Bir müddət əvvəl bildirmişdiniz ki, Azərbaycana gətirilən və ölkədən çıxarılan avtomobilin bu və ya digər ölkədə qalma müddəti ilə bağlı qanunda dəyişikliklər ediləcək. Bu məsələ bu gün nə yerdədir?

- Son dövrlərdə şəxslər tərəfindən xarici ölkə qeydiyyatında olan nəqliyyat vasitələrinin ölkə ərazisində daimi qeydiyyata alınmadan müvəqqəti olaraq istifadə edilməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda ölkə ərazisinə müvəqqəti gətirilmə zamanı “Avro-4” ekoloji standartları tələb olunmur və bu zaman ekoloji cəhətdən mənfi təsirləri daha çox olan, eləcə də təhlükəsizlik baxımından texniki şərtləri ödəməyən minik avtomobillərinin ölkə ərazisində uzun müddət qalmaqla istifadəsinə şərait yaranmış olur. Bu baxımdan, nəqliyyat vasitələrinin ölkədə müvəqqəti qalma müddəti və istifadəsinə riayət olunması daima nəzarətdədir. Digər tərəfdən ölkədən müvəqqəti çıxarılan avtomobilin qanunvericilik aktlarında qeyd olunan müddətdən artıq qalaraq və sonradan ölkəyə qaytarılan zaman müddətin keçməsi ilə əlaqədar böyük məbləğdə cərimələrin tətbiqi məsələsinin aradan qaldırılması məqsədilə qanunvericilik aktlarında dəyişikliklərin edilməsi üzrə təkliflər Dövlət Gömrük Komitəsi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Bu gün Azərbaycana hibrid avtomobillərin idxalı nə yerdədir?

- Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə olunur. Belə ki, 2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılıb.

Gələcəkdə belə avtomobillərin ölkəyə idxalında hər hansı güzəştlər ediləcəkmi?

- Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir.

Bu gün ölkədə belə avtomobilləri idxal edən istehlakçılar üçün də maraqlıdır: Bu cür avtomobillərin gömrük rüsumları necə hesablanır?

- Hibrid mühərrikli minik nəqliyyat vasitələrininin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən gömrük ödənişləri digər daxili yanma mühərrikli minik avtomobillərə münasibətdə tətbiq olunan vergi və rüsumlarla eynilik təşkil edir. Mənşə ölkəsindən, gömrük dəyərindən, mühərrikin həcmindən, eləcə də istehsal buraxılış ilindən asılı olaraq gömrük ödənişləri tətbiq edilir.

Bu il ərzində ölkəyə gətirilən elektromobillərin sayında hansı tendensiya qeydə alınıb?

- Mövcud normativ-hüquqi aktlarda stimullaşdırıcı tədbirlərin təsbit olunmasına baxmayaraq ölkə ərazisinə idxal olunan elektromobillərin sayında artım müşahidə olunub. Bu ilin 9 ayı ərzində ölkə ərazisinə 112 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib ki, bunlardan 5 ədədi minik nəqliyyat vasitəsidir. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 164.1.41-ci bəndinə əsasən  elektrik mühərriki ilə işləyən avtomobilləri 2019-cu ilin yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib.

Mirqasım müəllim, ölkənin idxalında azadolmaların xüsusi çəkisi nə qədər təşkil edir? Son dövrlər ərzində bu həcm nə qədər azalıb? Bu, əsasən nəyin hesabına baş verib?

- “Azad ticarət” və "Hasilatın pay bölgüsü" haqqında sazişlərə, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 91 saylı qərarına, 13 iyun 2013-cü il tarixli 687-İVQ saylı “Gömrük tarifi haqqında” Qanununa, Vergi Məcəlləsinin 164-cü maddəsinə, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 saylı Fərmanına uyğun olaraq qeyri-neft sektorunun inkişafının genişləndirilməsi, eyni zamanda digər prioritet sahələrin təşviq olunması məqsədi ilə 2019-cu ilin ilk 9 ayı ərzində idxal mallarının tərkibində tətbiq olunan idxal rüsumu üzrə azadolmaların xüsusi çəkisi 66,9%, əlavə dəyər vegisi üzrə azadolmaların xüsusi çəkisi isə 39,28% təşkil edir.

Bu istiqamətdə aparılan monitorinqlərin nəticəsi nə göstərir? Azadolmaların xüsusi çəkisinin azaldılması ilə bağlı hansı işlər görülür?

- Azərbaycan Prezidentinin 28.06.2018-ci il tarixli 260 saylı Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 1.5-ci bəndinə uyğun olaraq vergi və gömrük sahəsində qanunvericiliklə müəyyən edilmiş güzəştlərin büdcə gəlirlərinə və sahibkarlıq subyektlərinin fəaliyyətinə təsirinin qiymətləndirilməsi məqsədilə “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” Dövlət Gömrük Komitəsinin iştirakı ilə müvafiq mərkəzi icra orqanında hazırlanır. Həmçinin, idxal-ixrac əməliyyatlarında gömrük rüsumlarından azadolma halları barədə məlumatlara dair mərkəzləşdirilmiş reyestrin yaradılması və aidiyyəti qurumların həmin məlumatlara çıxışının təmin edilməsi istiqamətində müvafiq işlər görülür.

Mirqasım müəllim, bu ilin müvafiq dövründə gömrük orqanları proqnozu necə yerinə yetirib? Rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə nə deyir?

- “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununa əsasən cari ilin ilk 9 ayı ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən büdcə öhdəliyi ötən ilin müvafiq dövrü ilə müqasiyədə 394 milyon 703 min manat artıq olmaqla 2 milyard 796 milyon 492 min manat məbləğində proqnozlaşdırılıb. Bu ilin 9 ayı ərzində faktiki olaraq 3 milyard 250 milyon 115 min manat olmaqla, müəyyən edilmiş proqnozdan 453 milyon 620 min manat və ya 16,2% artıq gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu isə ötən ilin müvafiq dövrünün faktiki göstəriciləri ilə müqasiyədə 649 milyon 740 min manat artıq təşkil edir.

Son dövrlərdə gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanları “könüllü riayət” mədəniyyətinin formalaşması istiqamətində bir sıra addımlar atır. Sahibkarların buna münasibəti necədir? Gömrük vergi və rüsumlarından yayınma hallarının miqdarı nə qədər azalıb? Rəqəmlərlə ifadə etmək mümkündürmü?

- Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatların tərkib hissəsi olaraq Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatların əsasını təşkil edən şəffaflığın və biznes subyektlərinə xidmətdə məmnunluğunun təmin edilməsi üçün gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülüb və hal-hazırda bu istiqamətdə islahatlar davam etməkdədir. Azərbaycan Prezidentinin 21 dekabr 2018-ci il tarixli “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanı ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında böyük dönüş yaranıb, Hökumət-Biznes münasibətlərində “Könüllü riayət mədəniyyəti”nin əsası qoyulub. Bu ilin fevral ayının 1-dən qüvvəyə minmiş mövcud qaydalara əsasən ümumilikdə 500-ə yaxın biznes subyektinə xarici iqtisadi fəaliyyətlə əlaqədar “Yaşıl dəhliz” sistemindən həm ixracda, eyni zamanda idxalda istifadəsinə icazələr verilib. İdxal-ixrac əməliyyatları zamanı mallara dair qısa idxal bəyannaməsinin qəbulu və qeydiyyatının operativliyi tam təmin olunub. Dövlət Gömrük Komitəsində aparılan islahatların nəticəsi olaraq məmur–sahibkar təmasları aradan qaldırılıb, könüllü riayətetmə prinsipləri formalaşıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh