Reklam

Avtobusları sahibkarlara verməyin

Yazarlar 6 İyun 2016 09:07 Oxunub 1785
Avtobusları sahibkarlara verməyin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobuslar dövlətin tabeliyinə keçməlidir

Ölkədə daha bir avtobus qəzası baş verdi. Daha neçə nəfər həyatını itirdi, neçə adam yaralandı. Adamlar sakit halda evdən çıxırlar və avtobus sürücülərinin ucbatından həyatlarını itirirlər. Bu faciələr neçə ildir ki, davam edir.

Neçə ildir ki, avtobusların ölüm saçması barədə mətbuat dəfələrlə yazıb, telekanallar dəfələrlə göstərib. Gah plan doldurmaq üçün heç nəyə, heç bir insan taleyinə baxmadan irəli şığıyırlar, gah da yolun ortasında bir-birilə mübahisə edib ən pis söyüşləri işlətməkdən çəkinmirlər. Bütün bunları ağzından süd iyi gələn və idarəetmə hüquqları çatmayan südəmərlər edəndə, adam həyatını belələrinə etibar etməsinə təəssüflənir. Əslində isə taleyimizi onlara sahibkarlar etibar etdirib. O sahibkarlar ki, neçə il belə fəaliyyət üsulundan yorulmurlar ki, yorulmurlar. Pul qazanmaqdan ötəri hər şeyə əl atmaqdan çəkinmirlər.

Neçə il əvvəlki fikrimdə qalıram: avtobusları sahibkarlara verməyin. Sonra deyirlər ki, marşrut xətləri sahibklarlara verilərsə, rəqabət mühiti yaranar, sərnişinlərə yaxşı xidmət göstərilər. İnanın ki, bizim əksər avtobus sahibkarları iqtisadiyyatın bu nəzəriyyəsini çoxdan alt-üst ediblər. Onlar nəinki yaxşı xidmət göstərmədilər, həm də adamların həyatı ilə ölüm arasında vasitəçi rolunu oynadılar.

Hansı servis xidmətdən söhbət gedə bilər ki, onların tabeliyindəki avtobuslara arxadan baxanda yanpörtü əyildiyini görmək mümkündür, oturacaqlar kir içində, qapqara divarlar, əksər sürücünün damağında siqaret ən idbar mahnılara qulaq asır, sonra pozğun qadınlarla pozğun söhbətlər edir, sərnişinlərin səhər evdən çıxanda mövcud olan həyat eşqlərinə zərbə vururlar, bütün keflərinə soğan doğrayırlar.

İnanın ki, hərdən Hindistan filmlərində qatarlardan sallanan adamları görəndə bizim özəl avtobus xidmətləri yadıma düşür. Avropanın ən mühüm, ən vacib sammitlərini, konfranslarını ölkəmizdə keçiririk, ən yüksək yarışları burada təşkil edirik, xarici qonaqların qarşısında yalnız belə avtobuslarla xəcalətli qalırıq.

Bəli, avtobuslar dövlətin tabeliyinə keçməlidir. Necə ki, Baku Bus-ların xidməti bunu sübuta yetirdi. Sivil xidməti, təmiz oturacaqları, qışda istini, yayda sərini kim istəməz ki. Hələ indi özəl avtobusların sahibkarları kondinsioner quraşdırmaq barədə düşünürlər. Bu günlərdə mətbuatın yazmasından sonra məlumat verildi ki, kondinsionerin qoşulması barədə düşünürük. Deməli, heç bunların kondinsioneri də yoxmuş. Hələ indi düşünürlər. Yayın birinci ayıdır, məsələni hələ müzakirəyə qoyublar.

İndi belə qəzaları görəndə adamlar yalvarır ki, kaş bizim də marşrut dövlətin himayəsinə keçəydi. Təsəvvür edin ki, dövlətin himayəsində olan avtobus şirkətinin rəhbərliyi hətta yaralanan şəxslərə də kompensasiya ödəyir. Necə ki, neçə ay bundan əvvəl bunun şahidi olduq. Özəl sahibkarlar isə belə kompensasiyalar verməkdən imtina edir, sərnişinlərə deyirlər ki, “sübut edin ki, bu bizim vatobusda baş verib”.

Bir misal çəkim. 2013-cü ildə özəl avtobuslardan birinin vəhşi sürücüsünün “qonka”ya çıxması ucbatından çiynim sındı. Bunu sürücüyə deyəndə bildirdi ki, ”hardasa yaralanmısız, bizim üstümüzə yıxırsız”. Əslində, məqsədim özəl şirkətdən pul qoparmaq deyildi. Bir tərəfdən buna haqqım çatırdı. Amma istəyirdim ki, heç olmasa üzr istəsinlər. Nömrələrini tapıb şirkət rəhbərinin müavini ilə danışdım, o da dedi ki, “əgər yaralanmağınız kameraya-filana düşməyibsə, deməli bizlik deyil”. Bildirdim ki, “axı sizin avtobusda kamera yoxdur, ora necə düşə bilərəm?”. Bir daha laqeyd səslə dilləndi ki, “sizin xəsarət almağınız bizim problem deyil”. Məhz onda anladım ki, sərnişinlərin həyatına barmaqarası baxılır, sabah kiməsə nəsə olsa, boyunlarına almayacaqlar. Bəs, belə olan surətdə özəl avtobus şirkətləri kimə lazımdır? Tam gəldiyim qənaət belədir ki, avtobusları sahibkarların tabeliyindən çıxarmaq lazımdır.

 

Azər Qismət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh