Reklam

Avtobusların vaxt intervalı düzgün tənzimlənmir, ÇÜNKİ... - Ekspertlər tənqid etdi

Yazarlar 26 Avqust 2021 12:42 Oxunub 2950
Avtobusların vaxt intervalı düzgün tənzimlənmir, ÇÜNKİ... - Ekspertlər tənqid etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Demək olar, hər gün şəhərin müxtəlif yerlərində dəqiqələrlə, hətta bəzən saatlarla tıxac olur. Tıxacların yaranmasının ən böyük səbəbi isə avtobusların vaxt intervalının düzgün tənzimlənməməsidir. Onsuz da, bir avtobusun belə hərəkət etməkdə çətinlik çəkdiyi dar yollarda iki-üç avtobus eyni anda hərəkət etməyə məcbur qalır. Bəs bütün bunlara səbəb nədir?

Mövzu ilə bağlı nəqliyyat ekspertləri Eldəniz Cəfərov və Elməddin Muradlı Bakıvaxtı.az-a danışıb:

Eldəniz Cəfərov: İctimai nəqliyyatda avtobusların hərəkəti, onların intervalı və intensivliyi həmin marşrutların dispeçeri tərəfindən tənzimlənir. Bilirsiniz ki, bu gün Bakı şəhərində ictimai nəqliyyatda avtobuslar “BakuBus”ın və bir neçə özəl şirkətlərindir. Marşrutları və intervalları da hər şirkət özü müəyyənləşdirir. Lakin bütün bu məsələlərin hamısına Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Bakı Nəqliyyat Agentliyinin marşrutları təşkil edən şirkətlərdən  intervalı düzgün tənzimləməyi tələb etməyə tam haqqı var. Bakıda bu problem çoxdan var. Burda həm dispeçerin, həm də sürücünün məsuliyyətsizliyi rol oynayır. Bəzi sürücülər tıxacda qalmamaq üçün pik saatlara qədər tez sürüb getmək istəyir. Bir də görürsünüz ki, ondan sonra gələn avtobusun gəlməyi 30-45 dəqiqə çəkir. Bu, əsasən, qış aylarında belə olur. Sərnişinlər də saatlarla dayanacaqda gözləməyə məcbur qalır.

Həmçinin, özəl şirkətlər üçün ictimai nəqliyyatda marşrutların retabelli olması da vacibdir. Bu səbəbdən də sərnişinə diskomfort görünən hallar, əslində, adi hallar ola bilər. Yəni bir marşrutda bir neçə şirkətin çalışdığı müxtəlif növ avtobusların olmasını nəzərdə tuturam. Həqiqətən də, bəzən görürük ki, eyni nömrəli avtobuslar yolun yarısına qədər eyni yolu gedirlər. Bu, sırf rentabellik ilə bağlı məsələdir.

Elməddin Muradlı: Avtobusların interval məsələsi, doğrudan da, çox ciddi problemə çevrilib. Çünki avtobus dayanacaqlarının tutumu avtobusların intervalı ilə paralel deyil. Avtobuslar iri tutumludur. Ən böyük dayanacaq belə ən yaxşı halda iki avtobusu arxa-arxaya yerləşdirə bilir. Üçüncü avtobus gəldikdə isə artıq vəziyyət acınacaqlı olur. Hətta bəzən elə olur ki, günün pik saatlarında 5-6 avtobus eyni vaxtda dayanacağa yaxınlaşır. Belə olan halda, həmin ərazidə konkret tıxac müşahidə edilir. Bu, təbii ki, düzgün sistem deyil. Bu sistemi doğru tənzimləmək lazımdır. Bu baxımdan, düşünürəm ki, həm Bakı şəhərində, həm də digər ərazilərdə avtobusların interval məsələsinə ciddi yanaşmaq lazımdır. Bu intervalın vacibliyi ondan ibarətdir ki, yollarda hərəkətin sıxlığına yol açılmasın və digər hərəkət iştirakçılarına problem yaratmasın. Amma, təəssüflər olsun ki, Bakı Nəqliyyat Agentliyi dəfələrlə açıqlama versə də, interval məsələsi tam olaraq reallaşmır. Bu gün ola bilər, ayrı-ayrı daşıyıcı şirkətlər öz aralarında interval müəyyənləşdiriblər, xüsusən də, dar küçələrdə yanaşmalar fərqli ola bilər. Amma daşıyıcı şirkətlər ayrı-ayrı olduğu üçün onların  qrafikləri eyni deyil. Yəni fərqli şirkətlər eyni dayanacağa eyni dəqiqə və saniyədə interval sala bilər. Çünki onlar mərkəzləşdirilmiş qaydada idarə olunmur. Bakı Nəqliyyat Agentliyi disbeçer xidməti yaratdığını bəyan edib, amma hal hazırda görünən odur ki, bu sitem vahid mərkəzləşdirilmiş qaydada, tam gücü ilə fəaliyyət göstərə bilmir. Fəaliyyət göstərsə, bu vəziyyət müşahidə edilməz. Fəaliyyət göstərsə, onsuz da, reallıqlar onun tam gücü ilə normal işləməyinə də imkan vermir. Çünki yollarda baş verən o dəhşətli tıxaclar intervalın aşağı düşməsinə, gecikməsinə təsir göstərəcək. Belə olan halda, biz hələ ictimai nəqliyyatın qaydalar çərçivəsində, normala uyğun fəaliyyət göstərməsini illər sonra arzulaya bilərik. Bu gün reallıqları nəzərə alsaq, bunların heç biri yaxın zamanlarda həll olunası məsələ deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh