Avtodayanacaqlarda yığılan pullar hara gedir?
Avtomobil dayacaqlarından ölkə bələdiyyələri il ərzində kifayət qədər maliyyə vəsaiti itirir. Apardığımız təhlillərdən belə qənaətə gəlmək olar ki, on beş ildə bu sahədə maliyyənin istiqamətindən başqa heç nə dəyişməyib. Düzdür, bir çox bələdiyyələr məhəllədaxili gecə dayanacaqlarını təşkil etməyə çalışsalar da, hazırda onlar ciddi maneə ilə üzləşmək məcburiyyətində qalıblar. Bu gün bələdiyyələr tərəfindən yığılan vəsait ancaq avtobusların son dayanacaqlarından əldə edilir.
Adi bir hesablama aparaq: paytaxtda bütün növ üzrə orta hesabla 200 (100 müvəqqəti, gündüz, son avtobus və taksi, 100 gecə və məhəllədaxili) dayanacaq fəaliyyət göstərir. Təqribi hesablamalara görə, 100 müvəqqəti, gündüz, son avtobus və taksi dayanacağından gün ərzində 500 manat vəsait yığılır ki, bu da ay ərzində 10.000 manata bərabərdir. 100 gecə və məhəllədaxili dayanacaqdan isə gün ərzində 10 min avtomobil hesabı ilə götürsək, (halbuki paytaxda 500 min avtomobil qeydiyyatdadır) və bir gecəni 1(bir) manatdan hesablasaq 10.000 manat vəsait edər ki, bu da ay ərzində 300.000 manat deməkdir.
Beləliklə, üst-üstə ay ərzində dayanacaqlardan faktiki olaraq minimum 310.000 manat vəsait toplanılır (və ya toplanılmalıdır). Bir il ərzində isə bu rəqəm təxminən 3.720.000 manat edir. Rəsmi olaraq il ərzində icra strukturları və özəl qurumlar tərəfindən nə qədər vəsait toplandığı heç kimə bəlli deyil. Məlum olan odur ki, bu yığılan puldan bələdiyyələrə qanunla nəzərdə tutulan vəsait köçürülmür.
Beləliklə, orta hesabla yerli büdcə il ərzində 3,7 milyon manatdan mərhum olur.
İndisə bələdiyyələrin öz resurslarıyla avtodayanacaqlardan yığdığı vəsatin həcminə diqqət yetirək:
Cədvəldən də aydın görünür ki, əsas maliyyə istiqamətlərindən biri olan avtomobil dayanacaqlarından daxil olan ödənişlərin həcmi ümumi büdcə gəlirlərindəki yeri bir faizi keçmir.
Qeyd edək ki, hazırda paytaxt dayanacaqlarında maşın saxlamağın qiyməti saatı 20 qəpikdən bir manatadək yüksəlir. Gecə dayanacaqlarındakı qiymətlər bir -iki manat arası dəyişir.
Son beş il ərzində hər bir paytaxt sakini Bakıda ən müasir parkinq sisteminin yaradıldığını və bu istiqamətdə geniş şəbəkə qurulduğunun şahididir. İstər Nəsimi, istərsə də Səbail bələdiyyəsinin ərazisində ən müasir avtodayanacaq sistemi inşa edilib. Və hər gün minlərlə avtomobil sahibi bu xidmətdən yararlanır.
Bizdə olan məlumatlara görə, bu gün Bakı bələdiyyələrinə Bakı Şəhər İcra Hakimiyyətinin təsərrüfat hesablı Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi, o cümlədən digər hüquqi və fiziki şəxslərə məxsus avtodayanacaqlardan vəsaitin köçürülmür. Üstəlik, aidiyyəti icra strukturları tərəfindən bələdiyyələrə sərbəst şəkildə dayanacaq təşkilinə də imkan verilmir və hər cür süni maneə yaradılır.
Qısa şəkildə apardığımız hesablamalarda ən minimal rəqəmlər göstərilib. Bəlli olan odur ki, Bakıda dayanacaqların sayı kifayət qədərdir.
Demək, bu istiqamətdən bələdiyyə büdcəsinə kifayət qədər vəsait daxil ola bilər. Nəzərə alaq ki, yerli büdcəyə daxil olan vəsaitin xeyli bir hissəsini bələdiyyələr sakinlərin qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xərcləyir.
İnanmaq olar ki, aidiyyəti orqanlar məhz bu şərti nəzərə alıb bələdiyyələrin qanunla nəzərdə tutulan maliyyə vəsaitini özlərinə köçürəcəklər.
Mənbə: Bələdiyyə.info