Banner

Avtomagistral nədir və ya Azərbaycanın neçə avtomagistralı var?

Yazarlar 10 Dekabr 2014 03:36 Oxunub 20501
Avtomagistral nədir və ya Azərbaycanın neçə avtomagistralı var?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yolun digər istənilən başqa yolla bir səviyyədə kəsişmələri ola bilməz

«Yol hərəkəti haqqında» qanunda avtomagistralın anlayışının dəqiqləşdirilməsi ilə bağlı təklif olunan düzəliş avtomagistralla bağlı marağa səbəb olub. Avtomagistralın başqa yollardan nə ilə fərqləndiyi və onun üçün hansı tələblərin olduğu maraqlıdır. 

Avtomagistralın anlayışı “Yol hərəkəti haqqında” Vyana Konvensiyasında və “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsində verilib. Bundan başqa, Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli, 16 saylı Qərarında avtomagistralın texniki göstəriciləri əksini tapıb. Həmin qanunvericilik aktlarına əsasən, avtomagistralın əsas texniki göstəriciləri bunlardır: 

1. Bu yolda əks istiqamətli hərəkət hissələri olmalıdır və bu hissələr bir-birindən ayırıcı zolaqla ayrılmalıdır;

2. Onun əks istiqamətli hərəkət hissələri arasındakı ayırıcı zolağın minimal eni 6 metr olmalıdır;

3. Bu yolun digər istənilən başqa yolla  (avtomobil yolları, dəmiryol, tramvay yolları və başqa yollarla) bir səviyyədə kəsişmələri ola bilməz.

4. Bu yolda eyni səviyyəli piyada keçidi və ya piyada zolağı ola bilməz. 

5. Bu yolun eyni istiqamətdə hərəkət hissəsinin ən azı 2 hərəkət zolağı (yəni ümumilikdə ən azı 4 zolağı) olmalıdır, bu zolaqların hər birinin minimal eni 3,75 metr olmalıdır;

6. Bu yolun hər iki kənar tərəfində minimal eni  3,75 metr olan yol çiyni olmalıdır;

Avtomagistral, bir qayda olaraq, müxtəlif yaşayış məntəqələrini birləşdirdiyindən bu yol intensiv hərəkət üçün nəzərdə tutulur. Ona görə də avtomagistralda yol hərəkəti iştirakçıları üçün bir sıra fərqli məhdudiyyətlər nəzərdə tutulur. Məhdudiyyətlər bunlardır: 

1. Avtomagistralın istənilən yerində piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların hərəkət etməsi qadağandır;

2. Bu yolda texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti 50 km/saat-dan az olan istənilən nəqliyyat vasitələrinin hərəkəti qadağandır;

3. İcazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin bu yolun ikinci zolaqdan sonrakılarda (yəni varsa, 3-cü, 4-cü zolaqda) hərəkəti qadağandır.

4. Avtomagistralın istənilən yerində, hətta yol çiynində dayanmaq və ya durmaq qadağandır; 

5. Bu yolda geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək qadağandır;

6. Bu yolda geriyə hərəkət etmək qadağandır;

7. Avtomagistralda sürmə təlimi keçmək qadağandır.

Həmin qadağaları pozmaya pozmaya görə 40-100 manat cərimə nəzərdə tutulur.

Avtomagistralın girişi şəkildə gördüyünüz 5.1, sonu isə 5.2 nişanı ilə işarələnməlidir.

Avtomagistrallar müxtəlif ölkələrdə nəqliyyat yükünün əsas hissəsini götürmək üçün nəzərdə tutulur. Ona görə də avtomagistrallarda daha yüksək sürət rejimi tətbiq olunur. Bizim ölkəmizdə avtomagistralda sürət rejimi belədir:  minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün — 110 km/saat; avtobuslar, mikroavtobuslar, motosikletlər, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün 90 km/saat. 

Bəzi dövlətlərdə “avtomagistral” əvəzinə “avtoban” termini işlədilir. Dünyanın müxtəlif ölkələrinin qanunvericiliyinə nəzər yetirdikdə məlum olur ki, avtomagistrallarda yol verilən maksimal sürət daha çox 130 km/saat-dır. Özü də dünyanın bütün normal dövlətlərində avtomagistrallar və istənilən digər yollar üçün sürət məhdudiyyəti var. Düzdür, bəzən xəbərlər yayılır ki, filan ölkədə filan avtobanda sürət məhdudiyyəti yoxdur. Belə xəbərlər daha çox Almaniyanın yolları barəsində yayılır. Amma burada bir incəlik var. Almaniya dünyada avtomagistrallar şəbəkəsini yaradan ilk dövlətdir. Bu, 1930-cu illərdə baş vermişdir. Həmin vaxt sürətli avtomobillər yox idi. Ona görə sürət məhdudiyyəti də yox idi. Lakin 50-ci illərdən sonra dünyanın hər yerində sürət məhdudiyyəti tətbiq edilməyə başlandı. Lakin öz sürətli yolları ilə öyünən almanlar avtomagistrallarda məhdudiyyət tətbiq etmədilər. Bu gün də Almaniyanın bəzi federasiya subyektlərinin ərazisində avtomagistrallar üçün sürət həddi müəyyən olunmayıb, həm də yollarda sürətə nəzarət edilmir. Bununla belə, Almaniyada federal (ümumi) səviyyədə avtomagistrallar üçün tövsiyə olunan sürət nəzərdə tutulur. Tövsiyə olunan sürət isə 130 km/saat-dır. Bu o deməkdir ki, adi halda 130 km/saat-dan da artıq sürətlə hərəkət etmək olar, amma hər hansı qəza baş verərsə, 130 km/saat-dən yuxarı sürət birmənalı olaraq qayda pozuntusu hesab edilir (yəni avtomagistrallarda faktiki yol verilən yuxarı sürət 130 km/saat-dır). Son illər Almaniya avtomagistrallarında qəti sürət məhdudiyyətinin tətbiqi ilə bağlı müzakirələr gedir. Özü də sürəti təkcə təhlükəsizliyə görə yox, həm də ekoloji mülahizələrə görə məhdudlaşdırmaq tələb olunur. Çünki sürətlə gedən avtomobil havanı daha çox çirkləndirir. Ona görə də ölkənin avtomagistrallarının əksər yerlərində sürət məhdudiyyəti var.

Avstraliyada da avtomagistrallarda radar yoxdur. Ona görə də bəziləri yanlış olaraq düşünürlər ki, Avstraliyada da avtomagistralda sürət məhdudiyyəti yoxdur.

Avtomagistrallarda sürət həddinə ən həssas yanaşanlar yaponlardır. Bu ölkədə avtomagistralda yol verilən maksimal sürət 100 km/saat-dır. 

Dünyanın müxtəlif ölkələrində avtomagistrallarda təhlükəsizliyə yüksək diqqət yetirilir. Ən önəmli məsələlər avtomagistralın bütün uzunluğu boyu gecə vaxtı süni işıqlandırılmanın olmasıdır. Bundan başqa avtomagistralların kənarında 50 m-lik zolaqda bütün təhlükəli maneələr (tikililər, qurğular, hətta iri gövdəli ağaclar da) istisna edilir. Əgər avtomagistralın kənarında hərəkət hissəsinə yaxın maneə (məsələn, qayalıq, uçurum sahil, iri gövdəli ağac və s.) varsa, həmin sahədə sürət azaldılır. Eniş-yoxuşlarda, döngələrdə, yaşayış məntəqəsinə yaxın yerlərdə də daha aşağı sürət (70, 80, 90 km/saat) tətbiq edilir.

 

 

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh