Banner

Avtomobil addan-ada keçərkən icbari sığorta qüvvədən düşürmü?

Yazarlar 29 Mart 2015 16:20 Oxunub 9926
Avtomobil addan-ada keçərkən icbari sığorta qüvvədən düşürmü?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin mülkiyyətçisi və ya sahibi dəyişdikdə icbari sığorta şəhadətnaməsi yalnız o halda qüvvədən düşür ki…

Son vaxtlar oxucuların Avtosfer.az-a tez-tez ünvanladığı suallardan biri də avtomobilin bir addan başqa ada keçməsi zamanı icbari sığorta şəhadətnaməsinin qüvvədə qalıb-qalmaması ilə bağlıdır. Görünür, icbari sığorta olmadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimənin artırılması bu sualı aktuallaşdırmışdır. 

Bu sualın cavabı yeni avtomobil əldə edənlər və ya avtomobili yenicə öz adına keçirənlər üçün daha maraqlıdır. Çünki həmin məsələ ilə daha çox belə şəxslər qarşılaşa bilərlər.

Sualın kifayət qədər aydın cavabı Mülki Məcəllədə və “İcbari sığortalar haqqında” Qanunda verilmişdir. Mülki Məcəllənin 919.1.4-cü maddəsində deyilir ki, “İcbari sığortalar haqqında” Qanunda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. “İcbari sığortalar haqqında” Qanunun 51.3-cü maddəsində isə deyilir ki, bu Qanuna uyğun olaraq bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin aid olduğu əmlakın özgəninkiləşdirildiyi halda sığortalının həmin müqaviləyə xitam vermək hüququ var. Göstərilən normalardan birmənalı olaraq aydın olur ki, avtomobil bir şəxsin adından digər şəxsin adına keçdikdə əvvəlki mülkiyyətçinin malik olduğu sığorta şəhadətnaməsi yalnız 3 halda xitam oluna bilər: 1) bu, müqavilədə göstərilmiş olsun; 2) bunu sığorta edən şirkət istəsin; 3) bunu avtomobilin əvvəlki mülkiyyətçisi istəsin.

Məlumat üçün bildirirəm ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi standart forma və məzmuna malikdir və bu müqavilələrdə mülkiyyətçi dəyişdikdə müqaviləyə xitam verilməsi nəzərdə tutulmur. Deməli, yerdə 2 hal qalır. Başqa sözlə, nə sığorta şirkəti, nə də avtomobili satan şəxs sığorta şəhadətnaməsinin xitam olunmasını istəmirsə, həmin şəhadətnamə qüvvədə qalır. Bu şəhadətnamədə əvvəlki mülkiyyətçinin (və ya sahibin) adı yazılmış olsa da, həmin şəhadətnamə qüvvəsini saxlayır və istər DYP əməkdaşları yoxlayarkən, istərsə də sığorta hadisəsi baş verərkən təqdim olunaraq avtomobilin yeni mülkiyyətçisinin (və ya sahibinin) mülki məsuliyyətinin sığortalanmış olduğunu təsdiqləyir. 

Mülki Məcəllənin 919.1.4-cü maddəsində həm də qeyd olunur ki, əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. Bu norma o deməkdir ki, avtomobili yeni əldə edən şəxs sığorta şirkətinin və əvvəlki sahibin mövcud sığorta müqaviləsini xitam etmək istəmədiyi halda həmin şirkətə müraciət edərək heç bir əlavə ödəniş etmədən bu sığorta müqaviləsini öz adına rəsmiləşdirə bilər. Belə halda şəhadətnamədə yeni mülkiyyətçinin adı yazılacaq, lakin şəhadətnamənin qüvvədə olduğu müddət dəyişməyəcək. Bununla belə, sığorta şəhadətnaməsi bu qaydada dəyişdirilməmiş olsa da, həmin şəhadətnamə əvvəlki mülkiyyətçinin (sahibin) adına olmaqla qüvvəsini saxlayır və onun qüvvədə olduğu müddətdə yeni mülkiyyətçinin öz adına yeni icbari sığorta şəhadətnaməsi əldə etməsinə ehtiyac yoxdur. 

Xüsusi vurğulamaq istəyirəm ki, avtomobil istənilən növ etibarnamə və ya icarə müqaviləsi ilə başqa şəxsə verildikdə də icbari sığorta şəhadətnaməsi qüvvəsində qalır, hətta belə şəhadətnamənin dəyişdirilməsinə ehtiyac da yoxdur. 

Təcrübədə sığorta şirkətləri mülkiyyətçi dəyişdiyi halda sığorta müqaviləsinin xitam edilməsini tələb etmirlər. Əgər sığorta şirkəti müqavilənin xitam edilməsini istəsə, mülkiyyətçi bu müqavilənin qüvvədə olmasının qalan müddətinə görə sığorta haqqını geri tələb edə bilər. Bu problemlə üzləşməmək üçün şirkətlər mülkiyyətçisi dəyişən avtomobillə bağlı sığorta müqaviləsinin xitam olunmasında maraqlı deyillər .

Beləliklə, oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, avtomobilin mülkiyyətçisi və ya sahibi dəyişdikdə icbari sığorta şəhadətnaməsi yalnız o halda qüvvədən düşür ki, bunu ya sığorta şirkəti istəsin, ya da əvvəlki mülkiyyətçi (sahib) özü istəsin. Belə bir istək yoxdursa, şəhadətnamə son tarixədək qüvvədə qalır. Təcrübədə sığorta şirkətləri, bir qayda olaraq mülkiyyətçisi dəyişən avtomobillə bağlı icbari sığorta müqaviləsinin xitamını istəmirlər.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh