Avtomobil bazarı "od tutub yanacaq: “Deputatlar avtomobil dillerlərini də dinləsəydi yaxşı olar"
Avtomobil sənayesində çip böhranından sonra yeni bir böhran yaşanır. Dünya miqyasında maqnezium sənayesinin ən böyük tədarükçüsü olan Çin ölkədə enerji qıtlığını əsas gətirərək maqnezium istehsalını azaldıb. Bu qərar onsuz da maqnezium tədarükündə mövcud olan qlobal probelmləri sentyabr və oktyabr aylarında daha da artırıb. Təbii olaraq, yaranmış vəziyyət bazarlarda narahatlıqlara da səbəb olub. Çin dünya üzrə maqnezium istehsalının 80 faizindən çoxunu təmin edir.
Maraqlıdır ki, Çində yaranan durum Azərbaycanda da avtomobil bazarında qiymət artımına səbəb olacaqmı?
Məsələ ilə bağlı cebhe.info-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Amerika və Rusiyada da maqneziumun istehsalı var, amma bu ölkələr Çin qədər bu sahəyə maraq göstərmirlər:
"Ola bilər, gələcəkdə vəziyyətdən çıxış üçün həmin ölkələrin də istehsalı artırması baş verə bilər. Çünki kifayət qədər tələbat var. Amma hazırda pandemiyanın təsiri, üstəlik maqnezium istehsalının aşağı düşməsi, Çində bir neçə müəssisəsinin bağlanması avtombil sənayesinə təsir göstərib, milyonlarla avtomobil istehsalı azalıb. Təsəvvür edin ki, ötən illə müqayisədə 7,1 milyon maşın istehsalı ləngiyir. Bu, Azərbaycan da daxil bir çox ölkələrə vaxtında çatmadığına görə, bazarda təlatüm yaşanır. Maraqlıdır ki, Çin avtomobilləri problemsiz gəlir, satılır, amma başqa ölkələrin avtomobillərinin ölkəyə gətirilməsi, müştəriyə çatdırılması ləngiyir, proses gecikir. Ola bilsin ki, bunun da arxasında Çinin məkrli siyasəti durub, dünya avtomobil sənasiyesinə öz təsirini göstərməyə çalışır.
Burada onun itirəcəyi nə var ki, əksinə pul qazanır. Demək istəyir ki, mən olmasam, siz heç nəyə nail ila bilməzsiniz. Hər halda böyük avtomobil ticarətçiləri bu vəziyyətdən çıxış yolunu tapacaqlar. Amma bu durum hazırda qiymətlərin bahalaşmasına yox, bazarda daha çox son 2-3 il-in istehsalı olan avtomobillərin alınıb-satılmasına təkan verir. Ola bilsin ki, hansısa avtomobil modelinin son 2-3 ildə istehsal olunan versiyasını Azərbaycandan alıb başqa bir ölkədə satsınlar və ya ağlımızda olmayan ölkədən alıb Azərbaycana gətirə bilərlər. Çünki bu dəqiqə həmin avtomobil tapılmaya bilər. Bəzi şirkətlər hələ ki, öz ehtiyatlarından istifadə edir, amma bu da gec-tez fəsadlarını göstərəcək".
Onun sözlərinə görə, bu vəziyyət qiymətlərə cüzi də olsa, təsir göstərir:
"Məsələn, insanlar bu il gəlib çatmalı olan maşınları gələn ilin yanvar ayına gözləyirlər. Sözsüz ki, bu amillərin də qiymətə təsir var. Onsuz da avtomobil bazarında qiymət artımı olacaq. Bu qaçılmazdır. Çünki yaxın günlərdə dövlət rüsumu haqqında qanuna dəyişiklik edərək rüsumları artıracaqlar. Bütün bunlar onsuz da qiymətlərə gələn ilin yanvar ayından təsir edəcək. Bunu hiss edən sürücülər də bu il avromobil almaq istəyirlər ki, gələn il daha baha qiymətə başa gəlməsin.
Bazarda bahalaşma baş verəcək. Bu da kiminsə bazarda nəsə etməsindən yox, rüsumlardan asılıdır. 5 700 kub santimetr olan avtomobilin ölkəyə gətirilməsində 14 min manata qədər artım baş verəcək. Amma indi gələcəkdə hibrid avtomobillərinə 3 il müddətində güzəşt nəzərdə tutulub.
Bu maqnezium problemindən dolayı da Azərbaycana hibrid avtomobilləri gətirmək mümkün olmayacaq. Havayı yerə 3 il müddət bitəcək. Bəlkə ölkə rəhbərliyi nəzərə alıb bu müddəti bir az daha artırar. Hibrid avtomobillərə güzəşt olunur, digərlərində isə rüsumları artırırlar. Hibrid də Azərbaycan kimi ölkələrə az-az ötürülür. Çətin olacaq".
Ekspert qəbul edilən qərarlara da etirazını bildirib:
"Qanunları qəbul edirlər, yaxşıdır. Düşündük ki, Milli Məclisdə gənc deputatları qabağa çəkək. Amma bu gənclər də nədənsə ancaq özlərini düşünürlər. Bir neçə deputat var, onların savadına şübhəm yoxdur, amma hər şeydə özlərini ağıllı hesab edirlər ki, biz bunu belə istəyirik, belə də qəbul olunmalıdır. Niyə avtomobil bazarından dillerləri çağırıb onları dinləmirlər, onları danışdırmırlar ki, biz belə bir qanun qəbul etmək istəyirik, sizin probleminiz nə olacaq? İsti kabinetlərində otururlar, hansısa ölkənin təcrübəsini tapıb tərcümə edirlər, qanunvericilik şöbəsinə verirlər ki, bunu gündəmə çıxarın, Milli Məclisdə səs verək, qəbul edək, çıxsın getsin. Belə olmalı deyil. Bunun fəsadları çox pis olacaq. Sən burada hibridə güzəşt edirsən, adamlar da gedib hibrid növbəsində dayanacaq ki, eybi yox, 3 ilə gəlsin, mən onu ucuz alım, digər avtomobillər də orada çökür.
Bəs bunun işçiləri, iqtisadiyyata, ölkəyə təsirləri var. Bu, bilirsiniz nəyə bənzəyir? Çörəyin qiymətini qaldırırıq, amma çörəkçilərlə müzakirə etmirik. Elə bil ki, qonşuya söz verirsən ki, sabah sənə 50 yumurta verəcəyəm, amma sənin 30 toyuğun var, 50 yumurtanı necə verəcəksən? Bizimkilərin qəbul etdiyi də buna bənzəyir. Gənc deputatlara hörmətim var, amma nə olar ki, kabinetdən çıxıb ətrafdakı insanları da, bizi də dinləsinlər. Vallah, biz elə təkliflər verərdik ki, dövlət üçün daha yaxşı nəticələrə gətirib çıxarardı. Qanunu qəbul edib aləmi bir-birinə qatırlar, sonra da deyirlər ki, biz işlədik axı. Görüşürük, danışırıq, deyirlər, sizi də dinləyəcəyik, sonra yenə öz bildiklərini edirlər".