Avtomobil təmiri üçün hara gedilməlidir - rəsmi servisə yoxsa fərdi ustaya?
Azərbaycanda avtomobilini təmir etdirmək istəyənlər çox zaman rəsmi servis mərkəzlərinə deyil, fərdi fəaliyyət göstərən ustalara üz tutur. Vətəndaşlarımız servislərdə qiymətlərin yüksək olduğundan şikayətlənir. Bəzilərinə görə daha bacarıqlı ustalar servislərində deyil, fərdi sexlərdə çalışır.
Reallıq necədir?
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı da "Report"a açıqlamasında bacarıqlı ustaların fərdi fəaliyyət göstərdiyini deyib:
“Çox zaman servislərdə ustaların zəhməti düzgün qiymətləndirilmir. Onlara yüksək qiymətə işləyən usta sərf etmir. Onlar adətən gənc ustaları xaricə təlimlərə göndərərək yetişdirir və müqavilə əsasında çalışdırırlar. Bu ustalarla işləmək servislərə sərf edir. Çünk onlar gənc olur və böyük tələblər, şərtlər irəli sürmür. Peşəkar və tanınmış usta isə servisdə müştərisini artıra bilmir. Müştərisi çox olan usta onları servislə paylaşmaq istəmir. Ona görə də fərdi qaydada işləyir ki, bu da normaldır. Sadəcə o ustaların sexləri qanuni fəaliyyət göstərməlidir ki, gələcəkdə müştəri hansısa problemlə qarşılaşdıqda öz haqqını hüquqi müstəvidə tələb edə bilsin”.
Sığorta hadisələri zamanı vətəndaşlar hara daha çox üz tutur?
E.Muradlı fərdi işləyən xeyli peşəkar ustanın olduğunu bildirib:
“Onlar servisə yüksək gəlir qazandıra bilər. Bu zaman özü yüksək gəlir əldə edə bilməyəcək. Servisə getsə, onun müştərisi də azalacaq. Çünki servisdə görülən iş ikiqat baha olur. Servis işin məbləğinə öz haqqını da əlavə edir. Digər tərəfdən, ustanı məcbur edir ki, lazım olsa da, olmasa da, müştəriyə ehtiyat hissələrinin dəyişilməli və ya təmir edilməli olduğunu desin. Usta da müştəriyə deyir ki, filan detalı dəyişməsən avtomobil xarab olacaq. Vətəndaş da qorxur və həmin ehtiyat hissəsini dəyişir. Həmin detalı da sonradan servisə gələn başqa avtomobilin üzərinə qoyurlar. Servislərə inamsızlıq bundan irəli gəlir. Çoxlu məsuliyyətsiz servis mərkəzləri var. Sığorta hadisələri zamanı vətəndaş avtomobilinin servisdə təmir edilməsini istəmir. Çünki onlar təmirə ciddi yanaşmır. Üstəgəl qiymətləri də çox yüksək olur”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev isə deyilənlərin əksini düşünür:
“Müasir avtomobillərdə elektronika sistemi çox genişdir. Bu, vətəndaşlarımızın fərdi ustalara üz tutması və onlara inanması hallarını azaldıb. Rəsmi servislərdə istehsalçı zavodun verdiyi xüsusi diaqnostika cihazları var. Onlarla avtomobilin problemlərini həll etmək olur. İli köhnə olan ikinci əl avtomobil sahibləri fərdi ustalara gedir. Amma yeni və istehsal tarixi 5-10 ilə qədər olan avtomobil sahiblərini rəsmi servis mərkəzlərində görürük”.
Servislərdə verilən siyahı zavodun təlimatıdır
E. Əliyev hesab edir ki, servislərə qiymətlərin yüksək olması barədə tutulan iradlar əsassızdır:
“Rəsmi servislər müştəriyə avtomobildə hansı ehtiyat hissələrinin dəyişilməli və ya təmir edilməli olması barədə siyahı təqdim edir. Buna görə də, çox adam servisdə onlara artıq xərc yükləndiyini iddia edir. Əslində isə belə deyil. Rəsmi servisdə verilən bu siyahı istehsalçı zavodun təlimatlarına əsaslanır. Amma bu o demək deyil ki, müştəri həmin siyahıda bütün qeyd edilənləri etməyə məcburdur. Müştəri burda istəyinə uyğun seçim edə bilər”.
Gələcək daha yaxşı gələcək
Assosiasiyanın icraçı direktorunun fikrincə, bu gün bəzi yeni markaların servis mərkəzlərində fəaliyyət yüksək səviyyədə deyil.
"Amma onlar da müsbətə doğru irəliləyir. Azərbaycanda rəsmi servis mərkəzləri qarşılarına böyük hədəflər qoyub. Bugünkü nöqsan və çatışmazlıqlar gələcəkdə olmayacaq”, - deyə E.Əliyev bildirib.