“Avtomobilin etibarnamə ilə idarə edilməsi mülki hüququn prinsiplərinə ziddir” - Müzəffər Baxış
Bu gün avtomobil idarə edənlərin əksəriyyəti etibarnamə alır. Xalq arasında “baş etibarnamə” adlanan bu sənəd avtomobili əldə edən şəxsə onu sonradan öz yaxınlarından kiminsə adına keçirməyə də imkan verir. Avtosfer.az musavat-a istinadən xəbər verir ki, mayın 1-də qüvvəyə minəcəyi gözlənilən yeni məcəlləyə görə isə əgər nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz də idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız sürmək üçün verilmiş olsa da, belə etibarnaməsi olan şəxs avtomobildədirsə, onu digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox “ayıq sürücü” xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq. Xatırladaq ki, hazırda qüvvədə olan məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir.
Hüquqşünas Müzəffər Baxış avtomobilin etibarnamə ilə idarə edilməsinin mülki hüququn prinsiplərinə zidd olduğunu dedi: “Etibarnamə əslində təmsilçilik institutudur. Yəni kimisə digər şəxsi təmsil etmək üçün o şəxsə verilən bir sənəddir. Tutaq ki, hansısa səlahiyyətlər notarial qaydada verilməlidir, həmin səlahiyyətlər notarial qaydada təsdiq edilmiş etibarnamə ilə verilir. Elə institutlar var ki, onları təmsilçi vasitəsilə həyata keçirilə bilməzlər. Tutaq ki, kimsə nikah münasibətinə girirsə, o kiməsə etibarnamə verə bilməz ki, həmin adam gedib onu təmsil edib nikah müqaviləsini imzalasın. Müəyyən məsələlər var ki, onu bizdə təmsilçi vasitəsilə həyata keçirmək qadağandır. Ümumilikdə isə təmsilçilik institutunun ləğv edilməsi haqda eşitməmişəm. Amma nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı belə bir məsələ vardı ki, onu idarə etmək etibarnamə ilə yox, müqavilə ilə tənzimlənməlidir. Çünki etibarnamənin mahiyyəti ondan ibarətdir ki, hansı şəxsə səlahiyyət verirsənsə, o üçüncü şəxs qarşısında səni təmsil edir. Amma avtomobili idarə etməkdə o, üçüncü şəxs qarşısında səni təmsil etmir, sadəcə olaraq, avtomobili idarə edir. Etibarnamə bir tərəfli əqddir. Yəni etibarnaməni kim verirsə, onun iradi ifadəsi orada təmsil olunur. Amma mən maşını kiməsə idarə etməyə verirəmsə, o da maşını idarə edirsə, bu, müqavilə münasibətidir. Bu ikitərəfli əqddir. Burada həm maşını idarə edənin, həm də maşını verənin iradə ifadəsi olmalıdır. Ona görə də bunlar arasında müqavilə bağlanmalıdır. Bizdə həmin institut etibarnamə vasitəsilə həyata keçirilir. Bu isə əslində mülki hüququn prinsiplərinə ziddir. Amma etibarnamənin, ümumiyyətlə, təmsilçilik institutunun ləğv edilməsi çətin məsələdir. Bu institutu ləğv etmək istəsələr, gərək qanunvericilikdə ciddi dəyişikliklər edilsin. Mən düşünmürəm ki, belə bir dəyişiklik olsun. Amma avtomobillərin idarə edilməsi ilə bağlı institut müqavilə münasibətləri ilə tənzimlənsin. Yəni kimsə kiməsə avtomobilini idarə etməyə verirsə, onunla müqavilə bağlasın”.
Hüquqşünas avtomobillə bağlı verilən etibarnamələrdə sui-istifadə halları yaşandığını dedi: “Bizim qanunvericiliyə görə əmlak üzərindən xüsusən də avtomobil idarə etməklə bağlı sərəncam verilməsi ilə bağlı etibarnamələr bir illik verilir. Həmin etibarnamə ilə müddət azaldılıb. Amma avtomobil nəqliyyatı üzərindən sərəncam verməklə bağlı etibarnamələrdə bir sıra sui-istifadə halları yaşanır. Əslində onlar avtomobili faktiki alqı-satqı ilə alır. Avtomobilin mülkiyyətçisi ona sərəncam vermək səlahiyyətinə etibarnamə verir. Sonra isə o avtomobili alan şəxs üçün çox ciddi problemlər yaranır. Mülkiyyətçinin bankla və ya digər şəxslərlə hər hansısa problemi yaranarsa, onun əmlakı məhkəmə qətnaməsi ilə qəbul olunur. Məhkəmənin qərarı olaraq avtomobili məcburi hərrac məsələsi ortaya çıxır. Bu zaman avtomobili faktiki olaraq alan şəxs, ona etibarnamə ilə sürməyə səlahiyyət verilən şəxs pis vəziyyətdə qalır. Avtomobili onun əlindən alırlar. Bu zaman gərək bu şəxs avtomobilin alqı-satqısı haqdakı müqavilə ilə məhkəməyə müraciət etsin. Bu da çox uzun bir proses tələb edir. Bu cür problemlərin ortaya çıxmaması üçün insanlar belə hərəkətlərdən çəkinməlidirlər. Hansı avtomobili alırlarsa, dərhal alqı-satqı haqqında müqavilə bağlamalı və ya avtomobili etibarnamə ilə satın alma təcrübəsindən imtina etməlidir”.