Banner

Avtomobillərə texniki baxışda mühüm dəyişiklik

Yazarlar 26 Fevral 2015 23:15 Oxunub 7297
Avtomobillərə texniki baxışda mühüm dəyişiklik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla da ölkəmizdə avtomobillərə dair standart və texniki şərtlərlə bağlı problemlər birdəfəlik həll ediləcək

İki gün öncə yol hərəkətinə dair qanunvericiliyə bir sıra texniki xarakterli dəyişikliklər edildi. Həmən dəyişikliklər başlıca olaraq yol hərəkəti təhlükəsizliyinə nəzarətlə bağlı DYP-nin fəaliyyətinə aid müddəaları dəqiqləşdirməyə yönəlib. Lakin qanuna edilən həmin dəyişikliklərin tətbiqi barədə Prezident fərmanında maraqlı bir müddəa diqqətimi çəkdi. Belə ki, Prezidentin 23 fevral 2015-ci il tarixli fərmanında Nazirlər Kabinetinə tapşırıq verilir ki, “Yol hərəkəti haqqında” Qanuna “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı” adlı 1 saylı Əlavənin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində müasir beynəlxalq norma və standartlara uyğun, azsaylı və aydın meyarlar əsasında hazırlanmış və sadələşdirilmiş yeni redaksiyasını beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bu, o deməkdir ki, yaxın gələcəkdə “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsi tamamilə yenilənəcək. 1 saylı Əlavədə isə ölkəmizdə yol hərəkətində iştiraka buraxılan mexaniki nəqliyyat vasitələrinin istismara yararlılığına dair əsas tələblər əksini tapıb. Avtomobilini texniki baxışdan keçirən hər kəs bu tələblərin mahiyyəti barədə məlumatlıdır. Texniki baxış zamanı avtomobilin yararlılığı məhz 1 saylı Əlavədəki meyarlar üzrə yoxlanılır. 

Hesab edirəm ki, Prezidentin bu tapşırığı vaxtında və lazımi qaydada icra olunacaq, müasir texniki inkişaf, beynəlxalq standartlar və şərtlər nəzərə alınmaqla Qanunun 1 saylı Əlavəsinin yeni redaksiyası meydana çıxacaq. 

Lakin bu işlə məşğul olacaq səlahiyyətli şəxslərin diqqətinə bununla bağlı maraqlı bir məqamı çatdırmaq istəyirəm. 

Nəqliyyat vasitələrinin texniki təchizatı ilə bağlı ölkəmizin qanunvericiliyində ciddi problemlər var. Bu problemin əsası nəqliyyat vasitələrinə aid standartların olmamasıdır. Belə standartlarda müxtəlif növ avtomobillərə və başqa nəqliyyat vasitələrinə dair minimal texniki tələblər, onların əsas konstruksiya elementləri, aqreqatları və mexanizmləri ilə bağlı ümumi texniki göstəricilər öz əksini tapmalıdır. 

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı Əlavəsində yalnız nəqliyyat vasitələrinin istismarına yol verilməyən texniki nasazlıqlar sadalanır. Amma həmin texniki nasazlıqların olub-olmaması faktı nəqliyyat vasitələrinə dair texniki tələblər və standartlar üzrə müəyyən edilə bilər. Həmin standartların hamısını 1 saylı Əlavəyə yazmaq olmaz.

Bu problemin həlli isə çox sadədir. Ölkəmiz 12 fevral 2002-ci il tarixli Qanunla "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında" beynəlxalq Müqaviləyə qoşulmuşdur. 1958-ci il martın 20-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının (AİK) Daxili Nəqliyyat Komitəsi çərçivəsində hazırlanmış və imzalanmış bu Müqavilənin 1-ci maddəsində deyilir ki, Müqavilə Tərəfləri bütün Müqavilə Tərəflərindən təşkil olunmuş İnzibati Komitə vasitəsi ilə təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün Qaydalar müəyyənləşdirəcəklər.

Bu Beynəlxalq Müqaviləni nəzərdən keçirəndə aydın olur ki, həmin Müqaviləyə qoşulan dövlətlər AİK tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Bu yolla AİK-in hazırladığı həmin qaydalar bütün dünyada nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər statusunu alır.     

Məlumat üçün bildirirəm ki, AİK yaradıldığı vaxtdan indiyədək nəqliyyat vasitələrinin müxtəlif avadanlıqlarına, hissələrinə, detallarına aid çoxlu sayda kifayət qədər müfəssəl qaydalar işləyib hazırlamışdır. Texnologiyaların inkişafı nəzərə alınmaqla həmin qaydalara zəruri dəyişikliklər edilir. Dünyanın əksər dövlətləri bu qaydalara sadəcə milli standart statusu verməklə onları öz ərazilərində tətbiq edirlər. 

Bizim ölkəmizdə isə çox qəribə təcrübə formalaşmışdır. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində avtomobillərlə bağlı bir neçə standart işlənib hazırlanmışdır (əslində AİK-in müvafiq standartı ana dilimizə çevrilmişdir). Qəribəsi isə budur ki, həmin Komitə Azərbaycan Konstitusiyasını kobud şəkildə pozaraq bu standartları dərc etmir. Hətta həmin standartlarla tanış olmaq istəyənlər üçün onların kifayət qədər sanballı qiymətə satıldığını deyirlər. 

Beləliklə, hazırda ölkəmizdə bu sahəyə məsul olan qurumlar Azərbaycanın 12 fevral 2002-ci il tarixdə qoşulduğu Beynəlxalq Müqaviləni icra etmirlər. Onsuz da avtomobillərlə bağlı standart adı ilə velosipedi təkrar kəşf etməyə ehtiyac yoxdur. Əslində bu, heç mümkün də deyil. Çünki dünyanın bütün avtomobil şirkətləri, habelə avtomobillər üçün ehtiyat hissələri, avadanlıq və detallar istehsal edən şirkətlər öz məhsullarını AİK-in qaydalarına uyğun istehsal edirlər. Ona görə də həmin qaydaları sadəcə ana dilimizə tərcümə edərək milli standart statusu vermək lazımdır. Özü də bundan sonra həmin qaydaları Konstitusiya və qanunlarımıza uyğun şəkildə dərc etmək lazımdır ki, hamı onlarla tanış ola bilsin. 

Beləliklə, Prezidentin qeyd etdiyim tapşırığını da nəzərə alaraq yubanmadan qoşulduğumuz Beynəlxalq Müqavilənin şərtlərinə riayət edərək AİK-in hazırladığı bütün qaydaların ölkəmizdə tətbiqinə keçmək lazımdır. Bununla da ölkəmizdə avtomobillərə dair standart və texniki şərtlərlə bağlı problemlər birdəfəlik həll edilmiş olacaq.

«Yol hərəkəti haqqında» Qanunun 1 saylı Əlavəsində isə yalnız bu standartlara istinadən əsas texniki göstəricilərin istiqamətləri yığcam şəklində təsbit edilməlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh