Avtomobillərə verilən etibarsız etibarnamələr ləğv edilsin - EKSPERT
Avtomobilin idarə olunması üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir. Bunu deputat Azər Badamov Milli Məclisin dünən keçirilən növbədənkənar sessiyasında deyib. Millət vəkili bildirib ki, etibarnamə sovetdən qalma məsələdir: “İnkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur.
Bizdə vətəndaş öz yaxın qohumuna etibarnamə olmadan maşını idarə etməyə verə bilmir. Belə halda, qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. Etibarnamə bu gün aktuallığını itirib. Əgər avtomobil itirsə, texniki imkanlardan istifadə edib onu tapmaq mümkündür. Ölkəmizin imkanlarını nəzərə alaraq, qanunvericilikdə etibarnamə ilə idarə etmək məsələsinin ləğv edilməsini təklif edirəm”.
Deputatın təklifini “Şərq”ə dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı millət vəkilinin təklifinin tamamilə yerində olduğunu deyib. Ekspert bildirib ki, illərdir bu məsələni gündəmə gətirirlər ki, məsələ insanların xeyrinə öz həllini tapsın:
“Bu prosesdə vətəndaş ziyan çəkməməlidir. Etibarnamələr son vaxtlar əslində etibarsız bir sənədə çevrilib. Bu sənəd daha çox insanlara zərər vurmaqla yadda qalır. Məsələ ondadır ki, belə bir sənədin olub-olmaması heç nəyi dəyişmir. Yəni olmaya bilər. Çünki bir şəxs öz avtomobilini kiməsə verirsə, bu, razılıq əsasında olur. Əgər kiminsə maşını qaçırılırsa, bunun üçün polis var və oğurluq hadisəsi tezliklə müəyyən oluna bilər. Etibarnamə ləğv olunsa, insanlar avtomobil alqı-satqısı prosesində daha fəal iştirak edər və ziyan çəkməzlər.
Etibarnamələr ona görə qüvvədə qalır ki, bəzi vətəndaşlar məsuliyyətsizlik edirlər. Müəyyən müddətə olan etibarnamələr alsalar da, müddət bitdikdən sonra vaxtını artırmırlar, avtomobili öz adlarına keçirmirlər. Bu da vətəndaş üçün əlavə problemlər yaradır. Təsəvvür edin ki, siz etibarnamə ilə avtomobil satırsız və bir zaman sonra sənədin vaxtı bitir.
Amma maşını satdığınız şəxsin xətalar üzrə bütün cərimələri sizin adınıza gəlir. Onun törətdiyi hansısa qayda pozuntusuna görə, siz narahat olursuz. Ölümlə nəticələnən qəzada sizə ciddi problem yaranır və s. Ona görə də bu sənədin etibarlılığını itirdiyini hesab edirəm və ləğvinin zəruri olduğunu düşünürəm”.
E.Muradlı bildirib ki, xüsusən, bir ailənin ayrı-ayrı fərdləri üçün etibarnamənin olması məntiqli deyil:
“Bəzən yol polisi qanunvericiliyə əsasən ər-arvad arasında etibarnaməyə ehtiyac olmadığını da ciddiyə almır. Vətəndaşlar müraciətlərində deyirlər ki, bəzi yol polisləri belə bir qanunun olmadığını iddia edirlər. Qanuna görə, əmlakın yarısı ərin, digər yarısı isə arvadındı. İndi hansı məntiqə görə, insan sahibi olduğu öz əmlakını istifadə etmək üçün etibarnamə verməli, yaxud almalıdır.
Məncə, bu, etibarnamə sənədi verən qurumların və onların başında duranların daha çox pul qazanmasına xidmət edən məsələdir. Kifayət qədər də rüsumu var. Ailə üzvləri arasında rüsum 12 manat, başqa şəxslərlə bağlı isə 25 manatdır. Bəzən 12 manatlıq dövlət rüsumuna 20 manat tələb edirlər. Görünür, etibarnamə kimlərinsə qazancı üçün gündəmdə qalan məsələdir. Bəzən yol polisi əsaslandırır ki, etibarnamə ləğv olunsa, cərimələrin kimin adına yazılması bəlli olmayacaq.
Çünki bir maşını 4-5 adam idarə edə bilər. Amma bütün yollarda müşahidə kameraları var və qanunu pozan sürücünü müəyyən etmək çətin deyil. Araşdırmadan sonra məlum olacaq ki, fılan tarixdə avtomobili kim sürüb. Bununla problem həllini tapacaq və cərimə həmin şəxsin adına yönləndiriləcək”.