Avtomobilləri qışa necə hazırlamalı? Sürücülərə usta məsləhəti – VİDEO

Yazarlar 10 Noyabr 2016 14:44 Oxunub 7287
Avtomobilləri qışa necə hazırlamalı? Sürücülərə usta məsləhəti – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mühərrikdə yaranan donmanın qarşısnı almaq üçün antifriz maddəsi dəyişilməlidir"

Oktyabr ayından başlayaraq havaların soyuq keçməsi qışın da sərt olacağından xəbər verir. Bu isə sürücülərin  avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir. Qarlı və yağışlı hava şəraitində, sel suları basmış və ya buz bağlamış yollarda avtomobil idarə etmək çətin olduğu qədər də təhlükəlidir. Bu sürücüdən hazırlıq və təcrübə tələb etdiyi kimi, avtomobilin də qış rejimində olmasını şərtləndirir. Əks halda yolda tez-tez qəzalar yaşanır və ya avtomobildə texniki problemlər ortaya çıxır. 

Mütəxəssislər  xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə,lazım olan əlavə tədbirlər görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən sürücünün də avtomobilin də asanlıqla çıxması mümkün  olar. Həmçinin pis hava şəraitində yol qəzalarının da sayının xeyli azalmasına zəmin yaranar. 

Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un müxbiri avtomobilin  qış rejiminə necə hazırlanması ilə bağlı təcrübəli ustalarla görüşüb. Avtomobil təmiri sahəsində tanınmış mütəxəssis olan, “Sahil usta” adı ilə tanınan Sahil Ağabəyli söhbət edib . 

Sahil ustanın sözlərinə görə, sürücülər indidən qış rejiminə keçməyə başlamalıdırlar. Bu zaman avtomobildə hansı dəyişikliklərin baş verəcəyini isə usta belə izah etdi: "İlk növbədə məsləhət görərdim ki, sürücülərimiz avtomobillərin təkərləri dəyişərək, qış təkərinə keçsinlər. Qışda mütləq şəkildə qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən  problemlər yaşanmasın. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobilin ön və arxa hissədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır . Təkərlə yanaşı qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir. Belə ki, qış aylarında yaş asfaltda avtomobilin sürüşməsi halları olsa da, yay aylarında bu baş vermir. Bu səbəbdən avtomobilin şassisində "şarovoy" dediyimiz  kürəvi və yaxud “tyaqa”ların hər hansının problemi varsa, bunları dəyişsinlər. Həmçinin avtomobili "razval" etdirdikdən sonra təkərləri dəyişsinlər ki, qışda problem yaşamasınlar".

Ustanın sözlərinə görə, avtomobili qış rejminə hazırlayarkən dəyişən təkcə təkərlər olmur, maşında istifadə edilən yağların da dəyişdirilməsinə ehtiyac var: "Bir çox sürücülər yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında avtomobillərin  bu şəkildə işləməyi doğru deyil. Havalar soyuyanda sürücülərin yalnız tam sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin bir startdan işə düşməsini təmin edəcək".

Qış aylarından sürücülərin tez-tez rastlaşdığı digər bir problem isə mühərrikin donmasıdır. Sahil usta bunun qarşısını  almağın yollarını da izah etdi: "Mühərrikdə yaranan donmanın qarşısnı almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır. Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə ən azı 10-20 dərəcəyə qədər şaxtaya dözümlü  olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır".

Digər bir usta Dəniz Ağabəyli isə deyir ki,  avtobillərdə yaranan problemlər çox zaman pis hava şəraiti ucbatından yox, daha çox sürücülərin məsuliyyətsizliyi üzündən baş verir: "Bir az şaxta olan kimi avtomobilin mühərrikinin donmasının səbəbi  sürücülərin antifriz maddəsi əvəzinə sudan çox istifadə etmələridir. Az miqdarda antifriz maddəsinin üzərinə çoxlu su əlavə edirlər. Və yaxud sudan istifadə edib, sonradan antifrizə keçirlər. Bu isə "pompa"ların dağılması ilə nəticələnir. Blokun tıxacları deşilir, yararsız hala düşür. Təsadüfi deyil ki, sürücülərin ən çox şikayət etdiyi problem də budur. Digər bir problem isə mühərrikdə düzgün yağdan istifadə edilməməsidir.  Əksər sürücülər qış aylarında 15x40, 20x50 markasından olan qatı yağlardan istifadə edirlər ki, bu da  mühərrikkə ziyan vurur. Birmənalı şəkildə qış fəslində bu yağların istifadəsi düzgün deyil. Daha çox 5x40, köhnə avtomobillərdə isə 10x40 olan yağlardan istifadə edilməlidir".

Avtomobil təmiri sexinə gələn sürücülərlə də həmsöhbət olduq. Sürücü Əhəd Sarıyev bildirdi ki, avtomobilini qış rejiminə uyğunlaşdırmaq üçün ustaya gətirib: "Hər il olduğu kimi bu il də avtombilimi ustamın yanına gətirmişəm. Anfriz, sürət qutusu və sairə mexanizmlərin qış rejminə keçməsi ilə bağlı məsləhətlər aldım. Qış gəlməmiş indidən lazımı tədbirləri görürəm ki, sonradan əziyyətə düşməyim".

Avtomobilin qış rejiminə keçməsi ilə bağlı daha ətraflı detalları videosujetdən izləyə bilərsiniz.





 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh