Avtomobillərin icbari sığortasında daha bir yenilik: Vətəndaşlar və sığorta şirkətləri nə əldə edəcək? - FOTO
Oktyabrın 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanıllıb. Zərərlərin birbaşa tənzimlənməsi isə sabahdan etibarən həyata keçiriləcək.
Bu dəyişikliklərlə bağlı İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov Report-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- Avtomobillərin icbari sığortasında hansı yeniliklər baş verib?
- Bildiyiniz kimi, sığorta haqlarının hesablanması "İicbari sığortalar haqqında" Qanunun tələblərinə bağlı olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir. Oktyabrın 1-dən etibarən artıq Azərbaycanda sığorta şirkətləri risk əsaslı sığorta haqlarının hesablanması qaydalarına keçib.
Yəni indiyədək sığorta haqlarının hesablanmasında yalnız nəqliyyat vasitəsinin mühərrik həcmi, nəqliyyat vasitəsinin tipi nəzərə alınırdısa indi artıq nəqliyyat vasitəsini idarə edən şəxsin yaşı, sürücülük təcrübəsi, nəqliyyat vasitəsinin istismar müddəti, nəqliyyat vasitəsinin idarə olunduğu inzibati ərazi və digər faktorlar nəzərə alınır. Sığorta haqlarının hesablanması ədalətli yanaşma prinsipinə əsaslanır.
Belə ki, əvvəlki qaydalarda sığorta ödənişlərində ediləcək dəyişikliklər ildə bir dəfə hesablanırdısa, oktyarbın 1-dən tətbiq edilən qaydaya görə artıq anlıq həyata keçirilir. Yəni, əgər hadisəniz yoxdursa, bu sizin yaxşı sürücü olduğunuzu göstərir və gələcək dönəmlərdə daha az sığorta haqqı ödəmiş olacaqsız. Əgər hadisəniz çoxdursa onda sığorta ödənişləriniz artacaq və bu daha ədalətlidir.
Rəşad Əhmədov
Digər tərəfdən noyabrın 1-dən artıq zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar yeni qaydalar tətbiq olacaq. Sabahdan etibarən artıq hadisə baş verən zaman sığortalı şəxs, ona zərər vuran şəxsin sığorta şirkətinə müraciət etmək məcburiyyətində deyil. O, artıq öz sığorta şirkətinə müraciət edə bilər.
- Yeni yanaşmanın vətəndaşlar və sığorta şirkətləri üçün əsas faydası nədən ibarətdir?
- Bizim yeni yanaşmanı tətbiq etməkdə əsas məqsədimiz vətəndaşlara xidmətin daha yüksək keyfiyyətdə göstərilməsidir. Bildiyiniz kimi, üçüncü şəxs yəni sizin nəqliyyat vasitənizə zərər vuran şəxs fərqli bir sığorta şirkətində sığortalanıb və siz o sığorta şirkətinin müştərisi deyilsiz. Bu halda sizə tətbiq ediləcək xidmətin daha yüksək olmasını nəzərə alaraq, hadisənin öz sığorta şirkətinizlə təmin edilməsini bu qaydalarla tənzimləmiş oluruq. Beləliklə, siz hansı sığorta şirkətində sığortalanmısınızsa sığorta ödənişinizi o şirkətdən almanız mümkün olacaq.
Artıq digər sığorta şirkətinə müraciət etməyə ehtiyac olmayacaq. Siz ildə bir dəfə nəqliyyat vasitənizi sığortalayırsız, zərər gördüyünüz halda yenə öz sığorta şirkətinizə müraciət edirsiz və o şirkət sizin sığorta ödənişinizi həyata keçirir.
- Hansı halda istisnalar ola bilər?
- Belə hallar ikidən artıq nəqliyyat vasitəsi hadisəyə qarışıbsa, bu halda zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilməsi mümükün deyill. Bu köhnə qaydada olduğu kimi tətbiq edilməyə davam edəcək.
Sağlamlığa dəyən zərərlə əlaqədar bir hadisə varsa, bu halda yenə zərərvuran nəqliyyat vasitəsinin sığortalı olduğu şirkət ödənişi həyata keçirəcək. Bunun da bir anlamı var. Çünki, burda həyata keçirilən ödənişin həcminin müəyyənləşdirilməsi birbaşa qanunvericiliklə nəzərdə tutulan qaydadadır. Yəni, ölüm halı olanda 5000 manat ödənişin həyata keçirilməsi və müxtəlif xəsarət hallarında müəyyən məbləğlərin ödənilməsi birbaşa qanunvericiliklə nəzərdə tutulub. Burda ekspertizanın müəyyənləşdirəcəyi bir rəqəm varsa, bu da qanunvericilikdə müəyyən edilmiş şəkildə nəzərdə tutulub.
Digər hallarda isə zərərin ödənişi, təmirin həyata keçirilməsi ilə əlaqədar işçinin xərcləri, ehtiyat hissələrinin xərcləri və s. burada müxtəlif subyektiv yanaşmalar ola bilər. Bu halda sığorta şirkətinin özü birbaşa ödənişi həyata keçirmiş olacaq.
-Hadisə baş verən zaman hər iki sığortaçının hadisə yerinə gəlməsinə ehtiyac varmı?
-Ümumiyyətlə, sığorta şirkətlərinin sığorta hadisəsi ilə əlaqədar hadisə yerinə çıxmaq kimi bir məcburiyyətləri yoxdur. Sığorta şirkətləri istəsələr ümumiyyətlə hadisə yerinə gəlməyə bilərlər. Sığorta hadisəsinin, zərərin təsbit edilməsi və zərər vuran şəxsin müəyyənləşdirilməsi tamamilə Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətindədir.
Qiymətləndirmə isə hadisə ilə əlaqədar araşdırma aparıldıqdan, təmir məsələləri üçün müraciət edildikdən sonra Mərkəzi Bankın reyestrinə daxil olan müstəqil ekspertlər tərəfindən hesablanır. Yəni, bunlar sığorta hadisəsinin baş verdiyi yerdə həyata keçirilən bir proses deyil.
- Vəsaitin ödənilməsi ilə bağlı qarşı tərəfinin sığorta şirkəti razılaşmadığı halda nə baş verir?
- Qarşı tərəfin sığorta şirkəti vəsaitin ödənilməsi ilə razılaşsa da, razılaşmasa da, bu məsələ vətəndaşlara aid deyil. Burada əsas məqsədimiz vətəşdaşların keyfiyyətli şəkildə öz sığorta ödənişini almasıdır. İcbari Sığorta Bürosu, Sığorta Şirkətlərinin İttifaqıdır və bu İttifaq çərçivəsində, qanunvericilikdə nəzərdə tutulan müddəalar nəzərə alınaraq sığorta şirkətləri arasında olan mübahisələr həll ediləcək.
Bu qayda ilk dəfə Azərbaycanda tətbiq edilmir. Dünyada onlarla ölkədə zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilir. Bu ölkələrin təcrübələri tərəfimizdən araşdırılırb. Şanslı olduğumuz tərəfdə bundan ibarətdir ki, bu qaydaları ilk tətbiq edən ölkə biz deyilik və digər ölkələrin buraxdıqları səhvləri etməməyə çalışırıq.
- Bu yeniliklər şirkətlər arasında rəqabət və ya soyuq münasibətlər yarada bilərmi?
- Azərbaycanda nəqliyyat vasitəsi idarəedən təqribən 1,4 milyon şəxs var və ildə 70 min civarında sığorta hadisəsi baş verir. Burada mühüm olan baş verən hadisələrdə 70 min nəfərin əziyyət çəkməməsidir. Əgər 14 sığorta şirkəti arasında mübahisələr yaranacaqsa, bu yəgin ki, 70 min nəfərin yaşayacağı problemdən daha kiçik bir problemdir. Bəli, burada müxtəlif problemlərin olmasını gözləyirik və bununla əlaqədar artıq qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirmişik. Əsas məqsəd vətəndaşların rahat və keyfiyyətli şəkildə sığorta ödənişlərini almasıdır.