Avtomobilləşməyə mane olmaq tıxaca çarədirmi? – Dünya təcrübəsinə baxaq

Yazarlar 10 Noyabr 2021 21:03 Oxunub 1158
Avtomobilləşməyə mane olmaq tıxaca çarədirmi? – Dünya təcrübəsinə baxaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıdakı tıxaclar barədə çox danışılıb, çox eşidilib. Məlum söhbətləri təzələməyin yeri yoxdur.

Çıxış yolunu təklif edənlərin fikirləri də oxşardır. Bu insanların xoş niyyətlərini başa düşürük. Lakin yanaşma, bəzi hallarda yumşaq desək, yanlışdır. Bəzən gömrük rüsumunun artırılması, köhnə avtomobillərin yığışdırılması və ya nömrə nişanına görə avtomobilin həftənin müəyyən günlərdə istismarına icazə verilməsini və s. təklif edirlər. Bunların hər biri ayrı-ayrılıqda təqdirəlayiqdir və düşüncə azadlığına hörmətlə yanaşırıq. Bəs bu təkliflər həyata keçərsə Bakıdakı tıxac arxadan qalxacaqmı? Təəssüf ki, suala müsbət cavab vermək mümkün deyil.

Çarə nədir?

Xalqımızın gözəl bir məsəli var: dünya gör-götür dünyasıdır. Yəni, bir işi gördükdə başqalarının da təcrübəsinə nəzər yetirmək. Təbii ki, burada kor-koranə təqlidçilik fayda deyil, ziyan verər.

Qərbi Avropa ölkələrində avtomobilləşmə 60-70-ci illərdə ifrat həddə çatdıqda müəyyən tədbirlərə əl atıldı. Ölkələr fərqli olsa da, yanaşma eyni, tədbirlər də bir-birinə bənzər idi. Meqapolislər ilk növbədə çıxış yolu kimi bəzi məhəllələrdə (xüsusən də tarixi məkanlar) avtomobillərin  hərəkətini ümumiyyətlə qadağan etdilər. İlk vaxtlarda narazılıq olsa da, hər şey sonradan yoluna düşdü.

Şəhərlərdə parkmetrlərin quraşdırılması ilə avtomobilin istismar xərcləri də artdı. Parklamaya vaxt limitinin qoyulması sürücüləri daim diqqətli olmağa məcbur edirdi və indi də edir.

Nəhayət, üçüncü və daha vacib məqam küçələrin şəxsi avtomobillərdən alınıb piyadalara və ictimai nəqliyyata verilməsi idi. Başqa sözlə, ictimai nəqliyyatın işinin yaxşılaşması və əlçatanlığı sayəsində şəxsi avtomobilə ehtiyac azalır.

Əlbəttə ki, heç kimə avtomobil sahibi olmaq qadağan edilmir. Sadəcə olaraq insanların gündəlik işə gedib-gəlməsi üçün  tramvay və ya metrodan istifadə daha praktik olur. Bu, həm də ictimai nəqliyyatda çevik qiymət siyasəti vasitəsi ilə tənzimlənir.

Məsələn, Cenevrədə tramvayda 1 gediş bileti 3 frankdır (təxminən 5.5 AZN). Lakin bələdiyyə yay aylarında ekoloji vəziyyəti yaxşılaşdırmaq, qarlı havalarda isə avtomobillərin hərəkətini azaltmaq üçün qiyməti 1 franka endirir. Bu endirim də özünü dərhal hiss etdirir. Yaxud Parisdə bütün şəhəri 1 həftə gəzməyə imkan verən nəqliyyat kartının dəyəri 75 avrodur (şagirdlərə pulsuz, tələbələrə endirimlə). Benzinin qiyməti 1.7 avro olan şəhərdə bu qiymətə avtomobillə 1 həftə istədiyin qədər gəzmək qeyri-mümkündür.

Son onilliklərdə görülmüş tədbirlər artıq bəhrəsini verir. Müasir avropalı gənclər sürücülük vəsiqəsindən daha çox ali məktəb diplomu əldə etməyə maraqlı görünürlər.

Azərbaycanda ekspertlərin çox da danışmadığı bir məqam da var. Söhbət respublika yollarında yüklənmənin çoxluğundan gedir. Bakı-Qazax yolunda yük avtomobillərinin sayı minik avtomobillərini az qala üstələyir. Bu da bir çox cəhətdən təhlükəlidir: yollar dağılır, qəza riski artır, ekologiya pozulur və s. Bəs bunun çarəsi nədir?

Məlumdur ki, ağır və təhlükəli yüklərin daşınması üçün ən etibarlı nəqliyyat qatardır. Əgər sovet dövründəki rayonlararası neft bazaları bərpa edilərsə Bakıdan müxtəlif istiqamətlərə yanacaq daşıyan avtomobillərin sayı minimuma enər. Bununla da böyük bir təhlükəni aradan qaldırmış olarıq. Nəzərə alaq ki, bu avtomobillər yük daşımaq üçün Bakıdan keçir. Ani bir xəta böyük faciəyə səbəb ola bilər.

Əlbəttə ki, “heç bir iş görülmür” demək də tam əsassız və qeyri-obyektiv olar. Yaxın illərdə Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yük avtomobillərinin kütləvi hərəkətinə zərurət olmayacaq. Mal dövriyyəsi artsa da, avtomobillərin hərəkəti azalacaq ki, bu da hər bir azərbaycanlı və türk üçün faydalı olacaq.

Xoş olmasa belə bir tarixi məqamı xatırladaq. Bu gün Türkiyədə təxminən 1.2 milyon yük avtomobili var ki, bu da Almaniya və Fransa kimi ölkələrdəki ağırtonajlı avtomobillərin ümumi sayından çoxdur. Bəs bu göstərici ilə fəxr etmək mümkündürmü?

Əlbəttə ki, yox. Türkiyədə 40-cı illərdə hakimiyyətə gələn hökumətlər dəmir yolunu yaddan çıxardıqları üçün əsas yük quru yollarına düşdü. Bu da gündəlik qəza və ziyanı qaçılmaz edir. Cənab Ərdoğanın hakimiyyəti dövründə bu səhv aradan qaldırılmağa çalışılır. Son 10 ildə ciddi irəliləyiş olsa da, 60 ilin səhvini qısa müddətdə aradan qaldırmaq mümkün deyil.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh