Avtovağzaldan kənar QAÇAQ AVTOBUSLAR kimin cibinə işləyir? – ARAŞDIRMA
Uzaq səfərə çıxmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutan sərnişinləri kompleksin qarşısında qeyri-qanuni fəaliyyət göstərən sürücülər qarşılayırlar. Onların təklif etdiyi gedişhaqqı heç də avtovağzaldan hərəkət edən avtobuslar üçün nəzərdə tutulmuş bilet qiymətindən ucuz olmasa da onlarla yola çıxan kifayət qədər sərnişin var. Səfərə çıxanlar bəzi hallarda tələskənlikdən, bəzən isə öz həyat təhlükəsizliklərinə qarşı laqeydlikdən bu variantı seçməli olurlar. Ekspertlər isə sərnişinləri diqqətli olmağa səsləyirlər.
Mövcud problemlə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sərnişinlərin həyatı sığortalanmadığına görə, bu, çox təhlükəlidir:
“Sürücülər tibbi müayinədən keçmirlər. Avtomobillərin texniki vəziyyəti yoxlanılmır. Bu halda isə sərnişinlərin təhlükəsizliyi sual altında qalır. Bu gün yol-nəqliyyat hadisələrində qeyri-qanuni fəaliyyət göstərən sürücülərin kifayət qədər payı var.
Digər bir məqam da odur ki, rəsmi bilet satışı olmadığına görə, dövlət büdcəsindən yayınma halları var. Əvvəla, dövlət bilməlidir ki, nə qədər sərnişin dövriyəsi var. Qanunsuz sərnişindaşıma buna imkan vermir. Ona görə biz avtovağzaldan-avtovağzala hərəkət sistemini bərpa etməliyik. Qanunlar işləməli, qeyri-qanuni sərnişin daşımanın qanuni xidməti üstələməyinə imkan verməmliyik”,- deyə ekspert qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuzu cavablandırarkən bildiriblər ki, ötən ayın sonundan reydlərə başlanılıb:
“Müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımaları və qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə oktyabrın 31-dən reydlərə başlanılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi reydlər Respublikanın müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar qeyri-qanuni sərnişin daşımalarına qarşı aparılır”.
Agentlikdən qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində noyabrın 17-dək 2074 avtonəqliyyat vasitəsi saxlanılıb:
“418 halda AYNA tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qeyri-qanuni fəaliyyət göstərən sərnişin daşıma həyata keçirən şəxslərə, eləcə də sərnişin daşımaları üzrə qanunvericiliyn tələblərini pozan hüquqi və fiziki şəxslərə Protokollar tərtib edilib.
1461 avtonəqliyyat vasitəsinin sürücüsünü isə AYNA əməkdaşları məlumatlandırıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir. Eyni zamanda, bu sahədə tənzimləmə və dövlət nəzarəti mexanizminin effektivliyinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.