Banner

Ayıq sürücü xidmətindən istifadə edənlər bu yazını mütləq oxusun!

Yazarlar 19 Fevral 2015 22:29 Oxunub 5655
Ayıq sürücü xidmətindən istifadə edənlər bu yazını mütləq oxusun!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürmək üçün etibarnamə ilə avtomobili başqasına vermək olarmı?

Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: yalnız sürmək üçün verilmiş etibarnaməsi olan şəxs özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilərmi? “Ayıq sürücü” xidmətinin geniş yayılması bu suala xüsusi aktuallıq verir.

Məsələni hüquqi müstəvidə nəzərdən keçirək. 

Avtomobillərlə bağlı iki növ etibarnamə fərqləndirilir: 

1. Əksəriyyətimizin hələ də «baş etibarnamə» (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu da ehtiva edən etibarnamə. Belə etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya bilər və s. 

2. Yalnız sürmək üçün verilmiş etibarnamə, yəni avtomobilə dair sərəncam hüququnu istisna edən etibarnamə.

Birinci növ etibarnamə ilə bağlı nə təcrübədə, nə də qanunvericilikdə heç bir problem və anlaşılmazlıq yoxdur. Hər kəs sərəncam hüququnu ehtiva edən etibarnamə əsasında sahiblik etdiyi avtomobili özü avtomobildə olmaq şərti ilə onu idarə etmək üçün sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilər. Hətta belə etibarnaməsi olan şəxs başqasına etibarnamə verməklə özü olmadan da həmin avtomobili idarə etmək üçün ona verə bilər. 

İkinci növ etibarnamə ilə bağlı məsələdə isə təcrübədə problem var. Məlumdur ki, sadəcə sürmək üçün etibarnaməsi olan şəxs bu avtomobili özü də avtomobildə olmaqla başqa şəxsə sürmək üçün veribsə və DYP əməkdaşları bunu aşkar ediblərsə, belə şəxsi İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edərək 40 manat cərimə edirlər. Səbəb kimi o göstərilir ki, yalnız sürmək üçün verilmiş etibarnamə şəxsin bu avtomobili başqasına idarə etmək üçün verməsini istisna edir. 

Bəri başdan qeyd edirəm ki, bu təcrübə doğru deyil və qanunvericiliyin mahiyyətinə ziddir.

Etibarnamənin verilməsi, etibarnamə üzrə səlahiyyətlərin keçməsi, etibarnamə əsasında verilmiş əşyaya (bizim mövzuda avtomobilə) sahiblik və başqa bu kimi məsələlər Mülki Məcəllə ilə tənzimlənir.

Nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı, onu idarə edən şəxsin bu nəqliyyat vasitəsinə dair sənədləri, habelə belə sənədlər olmadıqda məsuliyyət məsələsi isə “Yol hərəkəti haqqında” Qanunla və İnzibati Xətalar Məcəlləsi üzrə tənzimlənir. 

Həmin aktların konkret normalarına diqqət edək. 

Əvvəlcə “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsi: Mexaniki nəqliyyat vasitəsinin sürücüsü ... fərdi nəqliyyat vasitəsinin SAHIBI OLMADIQDA, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini ... özündə saxlamalıdır.

 

İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi: 152.1. Nəqliyyat vasitəsinə SAHIBLIK HÜQUQU OLAN ŞƏXSIN nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir.

Göründüyü kimi, hər iki normada NƏQLIYYAT VASITƏSININ SAHIBINDƏN söhbət gedir. Bu normaların heç birində nəqliyyat vasitəsinin mülkiyyətçisinin adı çəkilmir. Həmin normaları birgə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsindədirsə, həmin sahib bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilir. 

Bəs nəqliyyat vasitəsinin mülkiyyətçisi kimdir, sahibi kimdir? 

Nəqliyyat vasitəsinin mülkiyyətçisi adına qeydiyyat şəhadətnaməsi (çoxumuz bu sənədi hələ də “texpasport” kimi tanıyırıq) olan şəxsdir. O, həm fiziki şəxs, həm də hüquqi şəxs (idarə, müəssisə, təşkilat) ola bilər. Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. 

Sahibliyin nəyi ehtiva etməsi ilə bağlı Mülki Məcəlləyə nəzər yetirək. Məcəllənin 152.2-ci maddəsi: Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Daha sonra bu Məcəllənin 159-cu maddəsi: Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsi: Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

Mülki Məcəllənin bu normalarını birlikdə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsini yalnız idarəetmə səlahiyyəti ilə əldə etmiş şəxs də onun həm faktiki, həm də hüquqi sahibidir. Mülki Məcəllənin bu müddəalarını “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad etdiyimiz müddəaları ilə birgə təfsir etdikdə isə çox aydın və mübahisəsiz bir nəticə çıxır: Nəqliyyat vasitəsini yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə idarə etmək üçün verməsi yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.

Düzdür, nəqliyyat vasitəsinə dair belə etibarnamədə “Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilməz” qeydi olur. Əslində etibarnamənin həmin qeydi başlıca olaraq şəxsin həmin nəqliyyat vasitəsini başqasının sahibliyinə verməsini qadağan edir. Belə şəxsin özü avtomobildədirsə, deməli, həmin şəxs faktiki sahibliyini saxlayır. 

Digər tərəfdən, nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılması və onu idarə edən şəxsin hansı sənədlərə malik olması ilə bağlı məsələ yol hərəkətinə dair qanunvericiliyin tənzimləmə predmetidir. Bu qanunvericilik isə yuxarıda istinad etdiyimiz normalarda nəqliyyat vasitəsinin sahibinin nəqliyyat vasitəsində olması faktını yetərli sayır. Zahirən belə görünür ki, etibarnamənin həmin qeydi ilə “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan müddəaları arasında ziddiyyət var. Amma belə ziddiyyət olsa da, bu məsələdə üstünlük “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin həmin normalarına verilməlidir.

Bu məsələdə başqa bir maraqlı və həlledici məqam var. Mülki Məcəllənin 364.1-ci maddəsində deyilir ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 

Məlumdur ki, bəhs etdiyimiz vəziyyət (yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnaməsi olan şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu nəqliyyat vasitəsini idarə etmək üçün başqa şəxsə idarə etmək üçün verməsi) əsasən iki halda yaranır: adına etibarnamə olan şəxs sərxoşdur və ya yorğundur (xəstədir və s.), ona görə də avtomobili özü idarə edə bilmir. “Yol hərəkəti haqqında” Qanun belə vəziyyətdə olan şəxsə avtomobil idarə etməyi qadağan edir. Özü də ona görə qadağan edir ki, həmin şəxsin bu vəziyyətdə avtomobili idarə etməsi potensial qəzaya, yəni avtomobilin mülkiyyətçisini maddi ziyana sala biləcək hadisəyə səbəb ola bilər. Bu isə tam olaraq Mülki Məcəllənin 364.1-ci maddəsində qeyd olunan haldır. Yəni belə vəziyyətdə olan şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün başqasına verməsi etibarnaməni vermiş mülkiyyətçinin də mənafelərinin qorunmasına xidmət edir, onu mümkün qəzadan və bunun nəticəsində ziyandan sığortalamış olur.

Beləliklə, avtomobili yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin avtomobildə olmaqla bu avtomobili müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən başqa şəxsin idarə etməsi tam olaraq yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh