“Azəravtoyol”a bu il 200 milyon manata yaxın vəsait ayrılıb” - Anar Nəcəfli

Yazarlar 8 Noyabr 2017 13:18 Oxunub 2196
“Azəravtoyol”a bu il 200 milyon manata yaxın vəsait ayrılıb” - Anar Nəcəfli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anar Nəcəfli: “Gələn il Babək prospektinin də yenidən qurulması planlaşdırılır”

“Yeni Müsavat”da bu dəfə müsahibimiz “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidir.  Onunla son illər təmsil etdiyi qurumun fəaliyyətində müsbət istiqamətdə baş verən dəyişiklikləri, magistral və kəndlərarası yollarda görülən işləri, eləcə də gələcəkdə planlaşdırılan layihələri müzakirə etdik.

Anar bəy son illər “Azəravtoyol” ASC-nin fəaliyyətində keyfiyyət və kəmiyyət dəyişikliyindən, görülən işlərdən, işlərin sürətləndirilməsindən danışdı:

- 2015-ci ilin dekabr ayında ölkə başçısı  “Azəravtoyol” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzaladı. Məhz bu sərəncamdan irəli gələrək xeyli işlər görüldü. 2017-ci ilin son 9 ayı ərzində “Azəravtoyol” tərəfindən 700 kilometrə yaxın avtomobil yolu yenidən qurulub, təmir və bərpa olunub. O cümlədən 12 yeni piyada körpüsü inşa olunub, 4-ü təmir olunub. Son 9 ay ərzində ölkə başçısının iştirakı ilə 20 20 avtomobil yolunun və 1 körpünün açılış mərasimi keçirilib.

- Hazırda hansı yollarda iş gedir?

- Bu il “Azəravtoyol” tərəfindən ölkə başçısının qarşımıza qoyduğu əsas məqamlardan biri ölkə üzrə 40 yol layihəsinin icrasıdır. Əslində  bu ad şərti olaraq verilib, 40-dan artıq kəndlərarası və qəsəbələrarası avtomobil yollarının yenidən qurulmasından söhbət gedir. Bu istiqamətdə də bizim tərəfimizdən işlər aparılır. Qeyd etdiyim kimi, son 9 ayda  20-dən artıq layihəmiz yekunlaşıb, digər layihələr üzrə də işlərimiz davam etdirilir. Əsas məqsədimiz vətəndaşların gediş-gəlişinin rahatlaşması, asanlaşması, ən  əsası da kəndlərarası yolların yenidən qurulmasıdır. Kəndləri birləşdirmək həm də bu kəndlər boyu aqrar sektorun inkişafına gətirib çıxarır. Fermerlərin yetişdirikləri məhsulu bazarlara  çıxardması daha da asanlaşır. Dağlıq ərazilərdə asfalt yolların salınması turizm imkanlarını artıran, yeni turizm marşrutlarının yaranmasına  gətirib çıxaran layihələrdir.  Bu da  öz növbəsində həmin yollar boyu yaşayan insanların sosial rifahının bir qədər də yüksəlməsinə hesablanmış layihələrdir. Hazırda ölkəmizdə mütləq şəkildə hər bir rayonda  bir kəndlərarası avtomobil yolu yenidən qurulur. Elə bir rayon yoxdur ki, orada bu işlər həyata keçirilməsin. Rayonda bir yol qurulub istifadəyə verilirsə,  işlər növbəti yolda davam etdirilir. Növbəti ildən yeni qurulan yolların sayının 50-dən yuxarı olması planlaşdırılır.

- Bakı yollarında monitorinqlər aparırsınızmı? Hansı yolların təmirə, genişləndirilməyə, yenidənqurmaya ehtiyacı var və bunlar gələcək layihələrə salınıbmı?

- Paytaxtda əsas problem Binəqədi şosesində yaşanırdı. Xüsusən intensiv yağışlar zamanı subasma halları qeydə alınırdı. Məhz bunun aradan qaldırılması istiqamətində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən yağış-kanal sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə başçısının verdiyi tövsiyə və sərəncamlara əsasən Binəqədi şosesində artıq ikinci mərhələnin yenidənqurma  işlərinə start verilib, asfaltlanma işləri aparılır. Yağış yağarkən yaranan fəsadların aradan qaldırılması üçün kollektor, drenaj boruları qurulub, bu məsələ öz həllini tapıb. Yolda asfaltlanma işləri yaxın günlərdə yekunlaşacaq, tam müasir görkəmdə yol vətəndaşların istifadəsinə veriləcək.

Başqa yollarımızda da problemlər mövcuddur. Təkcə Binəqədi şosesi və onun ətrafındakı  yollara nəzər salsaq, orada biz  xeyli iş gördük. Binəqədi-Mehdiabad-Goradil yolunda, Mehdiabad-Digah-Məmmədli yolunda, Binəqədi-Novxanı-Corat yolunda, Novxanı-Pirşağı yolunda, Xırdalan-Binəqədi-Balaxanı yolunda, o cümlədən Biləcəri-Binəqədi yolunda bir çox işlər artıq yekunlaşıb, qalan qismi də yekunlaşmaq üzrədir. Binəqədi şosesinin də yenidən qurulması ilə artıq o ətrafda yolların problemi aradan qaldırılmış olacaq.

Hazırda Babək prospektindən daha çox şikayətlər olunur. Gələn il ərzində Babək prospektinin də yenidən qurulması bizim tərəfimizdən planlaşdırılır. Bu yol da artıq yenidən qurulması zərurətə çevrilən yolların siyahısına salınıb. Layihə təsdiqlənib maliyyə vəsaiti ayrılan  kimi bu yolda da yenidənqurma işlərinə start veriləcək. Bundan başqa , qəsəbələrarası yolların, Zirə-Türkan yolunun yenidən qurulması işləri aparılır. Zirə-Türkan arasında, ümumiyyətlə, asfaltlanmış avtomobil yolu yox idi, torpaq yol idi. Artıq orada da asfaltlanma işləri aparılır və yekunlaşmaq üzrədir. Zığ-Hövsan yolunda, Lökbatan-Qobu  yolunda təmir işləri aparılır, gələn il ərzində orada da işlər yekunlaşacaq. Gələn ildən daha bir neçə qəsəbələrarası yolda yenidənqurma  işlərinin aparılması planlaşdırılır.

- Yolların əsas problemlərindən biri də güclü yağıntılar zamanı subasma hallarıdır. Hazırda bu təhlükə hansı yollarda qalıb və orada nə zaman iş aparılacaq?

- Bir çox ərazilər var idi ki, orada lokal olaraq bu problem mövcud idi. Əsasən Ziya Bünyadov prospektində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə bu hal yaşanırdı. Hazırda orada aidiyyəti qurum tərəfindən yağış kollektoru çəkilib və yekunlaşmaq üzrədir. Keşlə bazarının qarşısında da işlər yekunlaşır. Binəqədi şosesində də bu işlər yekunlaşır. Digər bir neçə nöqtə də var ki, subasma halları ən çox orada qeydə alınırdı. Kiçik subasma halları qeydə alınan ərazilərimiz də var ki, o qədər də təhlükəli olmur. Bunun səbəbi isə odur ki, yağış suları özləri ilə müxtəlif əşyalar gətirir, yağış barmaqlıqlarını tıxandırır. Bu baxımdan hansısa ərazidə qısamüddətli kiçik gölməçələr yarana bilər. Ancaq bu, sonradan aradan qaldırılır.

- Bu ilin ən böyük layihələrindən biri də “Sovetski”də çəkilən yeni yol oldu... Orada daha hansı yeniliklər gözlənilir?

- “Sovetski”də yolların çəkiləsi ilə bağlı ölkə başçısı iki sərəncam imzalamışdı. Füzuli meydanı ətrafında və “Təzəpir” məscidi kompleksi ətrafında  abadlıq quruculuq işlərinin aparılması, yol infrastrukturunun yenidən qurulması ilə bağlı. Həmin layihə çərçivəsində birinci mərhələdə 7.6 km uzunluğunda yeni yollar çəkilib bərpa olundu. Qeyd edim ki, Füzuli küçəsinin  davamı və Mirzağa Əliyev küçəsinin davamı olaraq yeni yollar çəkildi. Abdulla Şaiq küçəsi, Nərimanov prospekti, Balababa Məcidov küçəsi tam olaraq yenidən quruldu. Bu yollar çox ensiz idi, 4-5 metr enində idi. Onlar genişləndirildi. Müasir yol infrastrukturu yaradıldı, 4 hərəkət zolağı olan yollar salındı. “Sovetski” layihəsi çərçivəsində artıq ikinci mərhələnin işləri həyata keçirilir. Bu da həmin ərazilərdə yaşıllıq zolaqlarının və parkların salınmasıdır. Həmin layihə çərçivəsində Mirzağa Əliyev və Füzuli küçələri üzərindən üzü “Təzəpir” məscidinə doğru  keçid körpünün salınması nəzərdə tutulub. Bundan başqa, Abdulla Şaiq küçəsinin üzərindən də bir piyada keçidinin salınması planda var.

- Anar bəy, Bakıda bir çox yerlərdə yolların dar olması sürücülərə çətinlik törədir, tıxaclara səbəb olub. Bu problemin həlli necə planlaşdırılır?

- Əsasən qəsəbələrarası yollarda bu problem müşahidə olunur. Ancaq qəsəbələrdə, yol kənarlarında kifayət qədər yaşayış evləri tikilib. Onların sökülməsi xeyli vaxt və maliyyə vəsaiti tələb edir. Gələcəkdə ola bilsin ki, həmin yolların genişləndirilməsi layihəsi olsun. Ancaq hazırkı dönəmdə belə bir məsələ müzakirə mövzusu deyil. Xırdalan-Binəqədi-Balaxanı yolu var ki, Binəqədi qəsəbəsinin içərisindən keçir və hətta orada piyadaların hərəkəti üçün səkilər yoxdur. Biz orada yolu yenidən qurarkən ən azından bir istiqamətdə mütləq şəkildə piyada səkisi qurmalıyıq ki, piyadalar da təhlükəsiz hərəkət edə bilsinlər. Ancaq orada yolun hərəkət hissəsinin dar olması problemi müşahidə edilir.

 

- Bəs magistral yollardan hansında təmir işləri gedir və nə zaman yekunlaşması gözlənilir?

““Sovetskidə” Mirzağa Əliyev və Füzuli küçələri üzərindən üzü “Təzəpir” məscidinə doğru  keçid körpünün salınması nəzərdə tutulub”

- Magistral yollarımızda artıq problemlər tam olaraq aradan qalxıb. 10 il öncəki  yollara nəzər salsaq, rayonlararası yollarda geniş-gəliş xeyli problemli idi. Bakıdan Gəncəyə getmək üçün xeyli vaxt sərf olunurdu, həm yollar bərbad vəziyyətdə idi, həm də ensiz idi. Artıq bu problem aradan qalxıb, Bakıdan Gəncəyə rahat və qısa müddətə çata bilirik. Gəncədən Gürcüstan Respublikasının sərhədinə qədər olan  hissəsinin də  yenidən qurulması nəzərdə tutulur. 2020-ci ilədək bu prosesin tam olaraq başa çatdırılması planlaşdırılır. Artıq Bakıdan Gürcüstan sərhədinə kimi olan hissədə hər hansı problem müşahidə olunmayacaq. Bu, həm də Şərqdən Qərbə və əks istiqamətdə avtonəqliyyat vasitələri ilə yükdaşımaların aparıldığı yolun bir elementidir. Onun yenidən qurulması bu istiqamətdə və əksinə, həm ölkədaxili, həm də beynəlxalq yükdaşımaların artmasına gətirib çıxaracaq. 

Digər istiqamətdə, Şimaldan Cənuba, Cənubdan Şimala doğru dəhliz üzərində yerləşən  əsas  elementlərdən biri də Ələt-Astara-İran sərhədi avtomobil yoludur ki, bunun da  yenidənqurma  işləri aparılır. Bu ilin sonu, gələn ilin əvvəlində həmin yolda işlər tam olaraq yekunlaşdırılacaq, sürücülərin istifadəsinə veriləcək. Şimal istiqamətdə Qəndobdan Rusiya sərhədinə qədər olan yolun da yenidən qurulması işləri aparılır. Orada da işlərin 2018-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. 

Bakıdan  Şamaxıya doğru olan yolda işlər artıq yekunlaşır, orada yol ikizolaqlı idi, dörd hərəkət zolağına genişləndirildi. Burada da işlər başa çatmaq üzrədir, ilin sonuna doğru yekunlaşacaq. Yolun Şamaxıdan Yevlağa qədər olan hissəsi ötən il yenidən quruldu  və istifadəyə verildi. Daha bir magistral yol Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolumuzdur ki, onun da  yenidən qurulmasına start verilib.  Zaqatala-Balakən-Mazımçay-Gürcüstan sərhədi avtomobil yolunun  yenidən qurulması işləri aparılır, gələn il yekunlaşdırılacaq.

- Magistral yollarda ödənişli avtomobil yollarının olması məsələsi də gündəmdədir. Bu necə tənzimlənəcək, şərtlər nədir?

- Birinci şərt odur ki, ödənişli avtomobil yolu nəzərdə tutulubsa, həmin istiqamətdə ödənişsiz avtomobil yolu da olmalıdır ki, insanlar seçə bilsinlər. O yolun asfalt örtüyü heç də ödənişli avtomobil yolunun asfalt örtüyündən  geri qalmamalıdır. Burada əsas fərq odur ki, ödənişli avtomobil yolu daha qısa  olur, daha sürətli olur. Bu yolla daha tez mənzil başına çatmaq və xərclərə qənaət etmək mümkündür. Ödənişsiz yollar əsasən yaşayış məntəqələrindən keçir və sürətə məhdudiyyət qoyulur.  Sürət artıb azaldıqca, sürücü dəfələrlə əyləci basmalı olur, yanacaq sərfiyyatı daha çox olur. Ancaq ödənişli yolda sürət dəyişməz olur,  yanacaq sərfiyyatı  azalır. Qiymət isə elə müəyyənləşdirilir ki, ödənişsiz yola sərf olunan əlavə yanacaq  və amortizasiya xərclərinin məbləğini ödəməklə ödənişli yoldan istifadə etmək mümkün olacaq. Yəni  xərclər təxminən eyni olacaq. 

Magistral yollar, eləcə də rayonlararası yollar  demək olar ki, yenidən qurulub və normal vəziyyətdədir. İndi məqsəd kəndlərarası  torpaq yolların  asfalt örtüyü ilə təmin olunmasıdır. Biz heç bir podratçı təşkilatla müqavilə imzalamırıq. Sırf özümüzün texnikamız və işçi qüvvəmizlə iş görürük. Kəndlərarası və qəsəbələrarası yolların təmirinin bizə həvalə olunması 2300 yeni iş yerinin açılması ilə nəticələndi. Biz yol tikintisinə fəhlə-usta işə götürərkən  əsasən məcburi köçkünlərdən, aztəminatlı ailələrdən olanları seçdik ki, onların da maddi durumuna köməklik olsun. Bu işləri biz birbaşa özümüz etdiyimizə görə,  həm vəsaitə qənaət olunur, işin büdcəsi daha az olur, həm də işin keyfiyyəti yaxşı olur. Çünki biz dövlət qurumuyuq və  ayrılan vəsaitə görə cavabdehlik daşıyırıq.

- Bütün bu işlərin görülməsi üçün “Azəravtoyol” ASC-yə dövlət büdcəsindən illik nə qədər vəsait ayrılır?

- Hər layihə üçün müxtəlif məbləğdə vəsait ayrılır. Ancaq ümumilikdə, təqribən bu il 200 milyon manata yaxın vəsait ayrılıb. Növbəti ildə də bu qədər maliyyə ayrılması nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh