Banner

Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır - Çempionlarımız danışdı - FOTO

Yazarlar 21 Avqust 2024 19:30 Oxunub 1868
Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır  - Çempionlarımız danışdı   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan idman sahəsindəki inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri kimi tanınır. Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, idmanın inkişafına da xüsusi diqqət ayrıldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində bu sahədə müsbət dəyişikliklər gözə çarpdı. Məhz bu dövrdən başlayaraq Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Xüsusilə yeniyetmə və gənclər arasında sahəyə marağın artması yetişməkdə olan idmançıların sayının çoxalmasına zəmin yaratdı.

Özəlliklə, 1997-ci ildən İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra Azərbaycanda Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlətimiz Beynəlxalq Olimpiya hərəkatına qoşularaq böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, 1 bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması deyilənlərin əyani sübutu idi. Təbii ki, bu sahədə qazanılan naliyyətlər, getdikcə artan uğurlar dövlətimizin ümumi inkişaf səviyyəsinin, iqtisadi potensialının da yüksəlməsinə təkan verirdi. Heydər Əliyevin yürütdüyü siyasətin nəticəsi kimi idman digər sahələrlə qarşılıqlı dərəcədə inkişaf edirdi.  

Bugün İlham Əliyev Ulu öndərin ona miras qoyduğu siyasəti uğurla davam etdirir. Ali Baş Komandanın yürütdüyü strategiyanın sayəsində Azərbaycan bir çox sahələrdə regionun lider dövlətinə çevrildi. Artmaqda olan iqtisadi qüdrətimiz idmanın tərəqqisinə də müsbət təsir göstərdi. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda da bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları fəaliyyət göstərir. Əlbəttə, görülən işlər idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarına yol açır. 

Bəllidir ki, dövlətimizi dünyada tanıdan, ölkəmizə qalibiyyət gətirən idmançıların yetişməsi güclü hazırlıq tələb edir və bu prosesin fasiləsiz olaraq həyata keçməsi önəmlidir. Onun reallaşması üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması zəruridir. Ölkə Başçısı İlham Əliyev məhz bu amilə toxunaraq idmançılarımızın təlim-məşq toplanışları keçmələri, beynəlxalq yarışlarda iştirak etmələri, idmanla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli islahatlar keçirdi. Belə ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə ­2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016–2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012–2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirildi. 

Ölkə Başçısının apardığı siyasətin nəticəsi kimi 2022-ci ildə dünya ölkələrinin qlobal idman reytinqində ölkəmiz 43 pillə yüksələrək 162 xalla 46-cı, Avropada isə 26-cı yeri tutdu. Azərbaycan 2023-cü ildə dünyanın ən məşhur avtomobil yarışı olan Formula-1 üzrə Qran-Priyə bu il də ev sahibliyi edərək bütün qitələri əhatə edən tamaşaçıları öz ətrafına topladı. 2022-2023-cü illəri əhatə edən Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” 10-cu dəfə ölkə çempionu adını qazanaraq rekorda imza atdı. 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turnirində dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar Azərbaycana gələrək qələbə uğrunda mübarizə apardılar. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpa olunduğunu göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqət ayrıldığının bariz nümunəsi oldu. Bu ilin dekabrın 8-də Bakıda ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi - FIA Prize-Giving Ceremony baş tutdu. 2023-cü ildə Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Həmçinin bu il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazandılar və bu gimnastika tariximizdə bir ilk idi. Eyni zamanda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. Azərbaycanın cüdo üzrə üç qat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu. Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında  Azərbaycan millisi 2 qızıl, 3 gümüş medal qazanaraq toplamda 120 xalla ilk dəfə komanda hesabında dünya çempionu oldu. Ümumilikdə 2023-cü ildə idmançılarımız 1472 medalı ölkəmizə gətirdilər ki, bu da idman tariximizdə rekord göstərici idi. 

2024-cü ildə keçirilən Paris Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 17 proqramda 48 idmançı ilə təmsil olunan Azərbaycan millisi 7 medalla (2 qızıl, 2 gümüş, 3 bürünc) başa vurdu. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməklə Parisdə Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə nail oldular.

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov idman sahəsində qazandığı qalibiyyətlərdən və bununla yanaşı qarşılaşdığı uğursuzluqlardan Avtosfer.az-a danışıb. O bildirib ki, bu sahəyə gəlməsində və zirvəyə ucalmasında atasının rolu böyükdür: “Atam güləş üzrə respublikanın əməkdar məşqçisidir və bu idman növünə məni o həsəvləndirib. 29 ildir ki, atamla çiyin-çiyinə bu yolda addımlayırıq. İlk ən böyük uğurum 2011-ci ildə Almaniyada keçirilən yarışda qızıl medal qazanaraq çempionluğa yüksəlməyim olub. Daha sonra dünyada və ölkəmizdə keçirilən Olimpiya oyunlarında ikinci yeri tutmuşam. Eyni zamanda Dünya Kubokunun sahibi olmuşam. 2021-ci ildə Norveçin paytaxtı Oslada və 2023-cü il Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatlarında qızıl medal qazanmışam. Olimpiya Oyunlarının birinci mükafatçısı olmağım da ən böyük uğurlarımdan biridir. Təbii ki, Olimpiya Oyunlarının medalı digərlərindən fərqlənir və daha üstün sayılır. 

Bu il keçirilən Yay Olimpiya Oyunlarının mənim üçün uğursuz olduğunu düşünürəm. Yarışa çox yaxşı hazırlaşmağıma baxmayaraq istədiyim nəticəni əldə etmədim. Mənim üçün yeni çəki kateqoriyası idi, lakin əlimdən gələni etsəm də istənilən nəticəni qazana bilmədim. Təbii ki, idman sahəsində uğurla yanaşı, zamanla uğursuzluqlarla da qarşılaşa bilərik. Yəni,hər bir idmançı mötəbər yarışlarda çıxışı zamanı belə qalib gəldiyi kimi məğlub olacağını da qəbul etməlidir. Düzdür, bəzi azərkeşlər məğlubiyyəti neqativ hal kimi qiymətləndirirlər. Lakin nəzərə almalıyıq ki, Azərbaycanın bayrağını xaricdə təmsil edən hər bir idmançı dövlətimizin qəhrəmanıdır. Xüsusilə Olimpiya Oyunlarında çıxış etmək böyük uğurdur, çünki o yarışda dünyanın elit idmançıları iştirak edirlər. Bunu nəzərə alaraq sosial şəbəkələrdə mənfi, neqativ rəylər yazmaq düzgün deyil. Ən azından bu, idmançıların gələcək yarışlar üçün stimuluna, motivasiyasına birbaşa təsir edir. Hətta gənc idmaçılar bu səbəbdən zamanla bu sahədən uzaqlaşırlar. 

İdmanın həyatımdakı yeri özəldir. Uğurlarımla yanaşı həyatda cidd nizam-intizam, öz yaşıdlarımdan daha yüksək təcrübə qazandırıb. Əlbəttə bəzən çətin məqamlar da olur. Xüsusilə keçirilən təlim məşqlərində, toplantılarda olarkən ailədən uzaq qalırıq və bu bizim şəxsi həyatımıza müəyyən təsirini göstərir. Lakin dövlət səviyyəsində idmançılarımıza xüsusi qayğı göstərilir ki, bu da onların öz həyatlarını qurmalarına və sonrakı illərini rahat, firavan şəkildə ailəsiylə keçirmələrinə səbəb olur”. 

Rafiq Hüseynov yeni başlayan, yaxud bu sahəyə gəlmək istəyən gənclərə tövsiyələrini də qeyd edib: 
“Gənc idmançılarımıza həmişə bildirirəm ki, dövlət səviyyəsində bu sahəyə diqqət xüsusidir. Özəlliklə Olimpiya Oyunlarında çıxış edən idmançılar həm Prezident, həm də dövlət səviyyəsində mükafatlandırılırlar.   Hər bir idmançı təbii ki, bu sahədə yüksəlmək, rahat, firavan yaşamaq və zirvəyə ucalmaq istəyirsə Olimpiya Oyunlarında iştirak etməyə yönəlməlidir. Lakin mən bu sahədəki motivasiyamı valideynlərimdən almışam və düşünürəm ki, insana paxıllıq etməyəcək şəxslər onun valideynləridir. Onlar həm sevincli, həm də dar günlərimizdə yanımızda olurlar. Buna görə də, gənc idmançılarımız hər şeydən əvvəl valideynlərini sevindirməyə çalışmalıdır”.

Yay Olimpiya Oyunlarının cüdo üzrə ilk qızıl medalçısı Nazim Hüseynov da əldə etdiyi naliyyətlərdən saytımıza danışıb: “1987-ci ildən 1996-cı ilə qədər keçirilən müxtəlif yarışlarda iştirak etmişəm. O dövrdə keçirilən oyunlar daha çətin idi. İndi əgər Olimpiya Oyunlarında 200-dən çox ölkə iştirak edirdisə, o vaxtı MDB ölkələri içərisindən seçilərək 1 nəfər yarışa vəsiqə qazanırdı. Dəfələrlə gənclər arasında olimpiya çempionu olmuşam, böyüklər arasında iki dəfə SSRİ mükafatçısı olmuşam. 1991-ci ildə keçirilən Dünya Çempionatında üçüncü yerə çıxdım. 1992-ci ildə may ayında Avropa Çempionu, həmin ildə Barselona Yay Olimpiya Oyunlarının qızıl medalını qazanaraq, adımı tarixə ilk azərbaycanlı Olimpiya çempionu kimi həkk etdim. 1993-cü ildə Afinada keçirilən qitə birinciliklərində qızıl, 1994-cü ildə isə gümüş medala layiq görüldüm. 1993 və 1994-cü illərdəki Dünya çempionatlarının gümüş mükafatçısı oldum. 1995-ci ildə Dünya Çümpionatlnda beşinci yer tutaraq Yay Olimpiya Oyunlarının iştirakçısı oldum. 1992-ci ildə Avropada ən güclü çüdoçu kimi tanınırdım. 

İdman sahəsindəki əsas uğurlarımız 1997-ci ildən başladı. Ali Baş Komandanımız İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra yarışlarda gözə çarpan nailiyyətlərimiz başladı. Belə ki, Sidney Olimpiya Oyunları, ardınca Afinada keçirilən Olimpiya Oyunları ilə idmançılarımız uğura imza atdılar. Pekində keçirilən Olimpiya Oyunlarında yalnız 1 qızıl medal qazandıq. Daha sonra Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında medallarımızın sayı artsa da, yalnız 1 qızıl medalla qayıtdıq. 

Bu il Parisdə baş tutan Yay Olimpiya Oyunlarında qızıl medalımızın sayı artdı. Hidayət Heydərov və Zəlim Kotsoyev bu yarışda çempionluğa yüksəldilər və ölkəmizi bir daha dünyaya tanıtdılar. Düzdür, iştirakçı olan digər idmançılarımız da əlindən gələni etdilər və qızıl olmasa belə gümüş, bürünc medalla oyunu başa vurdular. Çox istərdim ki, bu yarışda iştirak edim. Yenə də çətin dövrdə Azərbaycan bayrağını qaldırdım və tarixə ilk cüdoçu kimi adımı yazdırdım.

Təbii ki, bu sahədə uğurlarımızda başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla dövlətimizin qayğısı, diqqəti əvəzsiz rol oynayıb. Xatırlayıram 2000-ci ildə Prezident İlham Əliyev məni qəbul edəndə “Nazim, artıq üç nəfər Olimpiya çempionumuz var” demişdi. Yəni, o, məndən sonra çempionluğa yüksələn Namiq və Zemfiranın adını da qeyd etməklə bizim aramızda ayrı-seçkilik qoymamışdı.

Bu il Parisdə keçirilən Olimpiya Oyunlarında qələbə qazanmış bütün idmançılarımızı təbrik edirəm. İnanıram ki, idmanın bütün sahələrində daha yüksək nəticələr əldə edəcəyik”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin Əkbər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh