Azərbaycan Şərqlə Qərb arasında yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir- TƏHLİL
Son illərdə dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranının davam etməsi, enerji daşıyıcıların, xüsusən də neftin qiymətinin dəfələrlə ucuzlaşması səbəbindən dünya ölkələri alternativ iqtisadi layihələr vasitəsi ilə üzləşdiyi iqtisadi-maliyyə böhranından xilas olmağa çalışır. Dünyada baş verən iqtisadi-maliyyə böhranı da Azərbaycandan yan keçməyərək, öz təsirini hansısa formada göstərməkdədir. Azərbaycan yerləşdiyi əlverişli coğrafi mövqedən istifadə edərək, bu böhranın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, eyni zamanda ölkənin iqtisadi inkişaf davamlılığını təmin etmək məqsədi ilə bir sıra layihələr həyata keçirməyə start verib. Belə ki, Azərbaycan təbii coğrafi mövqeyindən istifadə edərək Xəzər hövzəsindəki karbohidrogen ehtiyatların dünya bazarına çıxarılmasında bir qovşaq rolunu oynayırdısa, növbəti mərhələdə yerləşdiyi əlverişli coğrafi məkandan istifadə edərək Azərbaycan üzərindən tranzit yükdaşımaları həyata keçirməklə logistik bir mərkəz rolunu oynamaq hədəfini qarşıya qoydu. Hazırda bu istiqamətdə dövlət başçısı İlham Əliyevin başçılığı ilə Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi ciddi lahiyələr reallaşdırılmaqdadır. Artıq bu layihələr öz bəhrəsini verməkdədir. Çünki həyata keçirilən layihələr təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda geosiyasi, geoiqtisadi cəhətdən də mühüm layihələrdir. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafına töhfə verməklə yanaşı, ölkənin beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə, əhəmiyyətinin bir daha artmasına, həmçinin təhlükəsizliyinin təminində müstəsna rola malikdir. Adıçəkilən bu layihələr geosiyasi və geoiqtisadi baxımdan Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Ümumiyyətlə, Azərbaycan üzərindən keçən ticari, iqtisadi, enerji, nəqliyyat yolları ölkənin regionda və dünyadakı strateji önəmini artırır. Bunu nəzərə alan Azərbaycan strateji əhəmiyyət daşıyan enerji, həmçinin nəqliyyat, ticarət yollarının inkişafında aktiv rol oynayır.
İran-Ermənistan dəmiryol xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan ideya birdəfəlik arxivə göndərildi
Bu layihələrin həyata keçirilməsinin ən mühüm cəhətlərindən biri də odur ki, işğalçı Ermənistan bölgədə həyata keçirilən layihələrdən kənarda qalır. Yəni bütün bunlar Ermənistanın əhəmiyyətini minimuma endirməyə xidmət edir. Ermənistan enerji və bəzi kommunikasiya layihələrindən kənarda qalsa da, yükdaşıma sahəsində hansısa layihələrə ümid bəsləyirdi. Ancaq Azərbaycanın düşünülmüş və proqmatik, rasional siyasəti nəticəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində təşəbbüsü ələ alması Ermənistanın bu ümidlərini də puça çıxardı. Uzun illərdən bəri İran-Ermənistan dəmiryol xəttinin çəkilişi ilə bağlı nəzərdə tutulan ideya birdəfəlik arxivə göndərildi.
Azərbaycan bu layihələri reallaşdırmaqla, eyni zamanda “Şimal-Cənub” layihəsi çərçivəsində, öz dəmiryol xəttini İran dəmiryol xəttinə birləşdirməklə “İpək Yolu”nun Cənubi Qafqaz və Xəzər regionunda şaxələndirilməsinə nail olacaq. Bu Azərbaycan regiondakı rolunun əhəmiyyətini artırmaqla, iqtisadiyyatına da böyük töhfə vermiş olacaq. Statistik məlumata görə, Şərqlə Qərb arasında il ərzində təxminən, 40 milyona yaxın konteyner hərəkət edir. Bu konteynerlər müxtəlif yükləri daşıyırlar. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. İlkin hesablamalara görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Ümumiyyətlə, bu layihələrin rellaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya, əksinə yüklərin daşınmasına imkanlar açacaq.
Bu layihələrin reallaşması Azərbaycana gəlirlər gətirməklə bərabər ölkənin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkişafına, həmçinin bir çox sosial problemlərin həllinə şərait yaradacaq. Bu layihələr eyni zamanda Azərbaycanın qeyri-neft məhsullarının da ixracatını da stimullaşdıracaq. Bu layihələrin ən mühüm cəhəti isə yüklərin qısa zamanda mənzil başına çatdırılmasına xidmət edəcək. Hazırda yüklər 30-40 gün müddətinə mənzil başına çatdırılırsa, bu layihələrin reallaşması yükləri 7 gün müddətinə çatdırmağa imkan verəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, “Cənub-Qərb” Nəqliyyat Dəhlizi ilə yüklər 7 gün ərzində daşınacaq. O qeyd edib ki, “Cənub-Qərb” Nəqliyyat Dəhlizi Avropa ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. “Cənub-Qərb” Nəqliyyat Dəhlizi İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yükdaşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaq”- deyə, C.Qurbanov bildirib.
C.Qurbanov onu da əlavə edib ki, sözügedən marşrut Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər: “İlkin hesablamalara görə, bu yol üzərindən 72 milyon tona yaxın yük daşınır. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır”.
Bu layihələrin reallaşması yüklərin daşınmasının təkcə qısa zamanda deyil, eyni zamanda təhlükəsiz və ucuz başa gəlməsidir. Bu marşrutların rəqabətədavamlılığını təmin etmək üçünsə marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur ki, bu çox əhəmiyyətlidir. Artıq Azərbaycan, Gürcüstan və İranın dəmir yolları Fars körfəzi regionundan və Hindistandan yüklərin (konteyner daşımaları) Avropaya və əks istiqamətdə daşınması işlərini koordinasiya etmək üçün işçi qrupu yaradılmasını nəzərdə tutub və yaxında adıçəkilən işçi qrupu yaradılacaq.
Ölkəmiz “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov timsalında TBNM-in Avropa İttifaqı ölkələrinə çıxışı üçün əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işlərin davam etdirilməsi istiqamətində aktiv fəaliyyət göstəməkdədir. C.Qurbanovun bu layihələrin rentabelliyini, bu xəttlərlə yüklərin daşınması üçün maksimal dərəcədə əlverişli şəraitin yaradılması, bu sahədə səmərəliliyin və rəqabətə dayanıqlılığın yüksəlməsini təmin etmək istiqamətində apardığı fəaliyyət öz bəhrəsini verməkdədir. Bu məqsədlə cari ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində olub və orada “Bir kəmər – bir yol” strategiyası beynəlxalq forumda iştirak edib. Forum çərçivəsində yüklərin daşınması ilə əlaqədar olaraq Azərbaycanla Çin arasında sənəd imzalanıb. Sənəd SOCAR-la Çin Milli Neft Korporasiyası (CNPC) arasında imzalanıb.
C.Qurbanovun rəbərlik etdiyi nümayəndə heyəti Çində keçirdiyi görüşlərdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən inşası bu il başa çatacaq və Asiya ilə Avropa arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər -bir yol” strategiyasının iki istiqamətindən biri olan və tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. C.Qurbanov Azərbaycan hökumətinin Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. C.Qurbanov “Şimal-Cənub”, “Qərb-Cənub” nəqliyyat dəhlisinin reallaşması və bu xəttin imkanlarının genişləndirilməsi məqsədi ilə Polşada, Ukraynada, Gürcüstanda, Rusiyada, Özbəkistanda və digər ölkələrdə davamlı görüşlər keçirməkdədir. Bu görüşlər öz bəhrəsini artıq verir və ölkələrin bir daha bu nəqliyyat dəhlizlərinə maraq göstərdiklərini, bu dəhlizlərin gələcəkdə inkişaf etdilməsində maraqlı olduqlarını açıq dilə gətirirlər.
Bu layihələrin daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan və Gürcüstan daha sıx əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prosesi davam edir. Məhz bunun nəticəsidir ki, bu günlərdə Gürcüstandan yola düşən ilk 26 konteynerdən ibarət qatar Keşlə stansiyasına çatıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev KİV nümayəndələrinə məlumat verərək bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.
Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə davamlı, eləcə də 50 faizə qədər güzəştli tariflər tətbiq olunmuşdur və bu tariflər 01.06.2017-ci il tarixdən yük daşımalara tətbiq edilir.
Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.
Qeyd edəkl ki, konteyner qatarları, tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.
Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması, maksimum 5 sutka ərzində həyata keçiriləcək.
“Qərb-Cənub” nəqliyyat dəhlizi üzrə daha çox konteyner yükdaşımaların cəlb olunması üçün səylər davam etdiriləcək. İlk olaraq Şərqi Avropa ölkələrində yüklərin “Qərb-Cənub”, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə konteyner yükdaşımalarına nail olmaq lazımdır. Ukrayna, Baltikyanı ölkələr, Polşa, Bolqarıstan, Rumıniya, Moldova və digər ölkələrdən yükləri cəlb etməklə bu xəttin rentabelliyini təmin etmək olar. Və biz yaxın gələcəkdə aparılan məqsədyönlü işlərin bəhrəsinin şahidi olacağıq.
Gununsesi.info