Azərbaycan sığortaçılarının icbari avtosığortaya marağını nə "öldürür"? - TƏKLİFLƏR
Yazarlar
13 Sentyabr 2020 01:38

İcbari sığorta növləri içərisində avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (ANVSMMİS) mühüm növlərdən biri olsa da, ölkədə sığorta şirkətləri bu növə bir o qədər maraq göstərmirlər. Səbəb olaraq mütəxəssislər tərəfindən bu növün zərərli olduğu bildirilir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyev bildirib ki, sığortanın bu növü üzrə hadisənin başvermə tezliyi digərlərinə nisbətən yüksəkdir: “Bu gün sığorta şirkətləri 30-35-ə yaxın sığorta məhsulunu öz müştərilərinə təklif edir. Hər bir məhsulun xüsusiyyətləri və qarşıladığı risklər fərqlidir. İcbari avtosığorta bu gün vətəndaşlar arasında ən geniş yayılan sığorta növüdür. Hər il yüz minlərlə sürücü icbari qaydada avtomobilini sığortalayır. Bəzi sürücülər bu sığortanı könüllü qaydada əldə etsələr də, bəziləri cərimələrdən yayınmaq üçün sığortalanır. Təcrübədə ən çox rast gəlinən hadisələrdən biri odur ki, illərdir bu məhsulu əldə edən, amma hələ də onun qarşıladığı risklər barəsində məlumata malik olmayan sürücülər mövcuddur. Bu isə hadisə baş verdiyi zaman tərəflər arasında problemlərin yaranmasına səbəb olur.
Bu gün bu məhsulun zərərli olaraq qiymətləndirilməsi bir çox amillərdən asılıdır. Bu məhsul üzrə sığorta haqları və ödənişləri müəyyən edilərkən həmin dövrün tələbləri və mövcud vəziyyəti nəzərə alınmışdı. 10 il ərzində nəinki dünya, Azərbaycan da olduqca inkişaf etdi, digər tərəfdən baş verən ikili devalivasiya və digər iqtisadi təsirlər nəticəsində həmin dövr üçün müəyyən edilən sığorta haqları və ödənişləri indiki zəmanəyə bir növ uyğunlaşmır. Həm avtomobillərin qiymətlərinin qalxması, həm də ehtiyat hissələrinin bahalaşması hadisə baş verən zaman bəzi hallarda maksimum sığorta təminatı olan 5 000 manatın kifayət etməməsinə gətirib çıxardır. Sığortanın bu növünün baş vermə tezliyi də digər növlərə nisbətən olduqca yüksəkdir. Bundan əlavə, qanunla müəyyən edilmiş həddən artıq təyin edilən komissiya muzdları nəticəsində sığorta şirkətləri bu məhsul üzrə yığımlardan çox ödəniş edirlər. Mərkəzi Bankla aparılan işlər nəticəsində bu halların qarşısının alınması üçün sığorta şirkətlərinə göstəriş verilib. Lakin təəssüfləndirici haldır ki, hələ də bir neçə şirkət bu hala yol verir”.
Sğorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı isə bu sığorta növünə marağın artırılması üçün atılmalı addımları sadalayıb: “Bu növ marağı itirdiyinə və zərərli bir sığorta növü olduğuna görə sığorta şirkətləri onun inkişaf etdirilməsində maraqlı deyillər. Vəziyyətdən çıxış üçün uzunmüddətli və qısamüddətli plana ehtiyac var. Uzunmüddətli planlar çərçivəsində ilk olaraq qanunlarda müvafiq dəyişikliklər etmək lazımdır. Atılacaq addımları isə üç kateqoriyaya bölmək olar. Bu sığorta növündə bonus-malus deyilən bir sistem var. Yəni sürücü ötən illərdə zərərli bir müştəri olubsa, o, növbəti illərdə daha yüksək sığorta haqqı ödəməlidir. Qanunla belə bir bonus-malus məsələsi nəzərdə tutulub. Lakin bu sistem, demək olar ki, işləmir. Yəni onun bonus tərəfi işləyir, hamı endirimlərdən istifadə edir, amma malus tərəfi, yəni cərimə və cəza tərəfi işləmir. Çünki Azərbaycanda sürücülərin etibarnamə kimi bir problemi var.
İllərdir ki, biz bununla mübarizə aparsaq da, hələ də etibarnamə adlanan bu lazımsız sənədi həyatımızdan çıxarda bilməmişik. Hər hansı bir avtomobil sahibi dalbadal 3-5 dəfə qəza törədir və məlum olur ki, növbəti il o öz avtomobilini yeniləyəndə yüz manat əvəzinə üç yüz manat ödəyəcək. Malus əmsalı bunu göstərir. Amma o ailə üzvlərindən birinin adına etibarnamə verir və yenidən həmin şəxsin adına maşını sığortalayır. Amma yenə də avtomobili özü sürür və növbəti ildə 3-5 dəfə qəza törədərək sığorta şirkətlərini iflasa aparmağa davam edir. Buna görə də malus əmsalı, demək olar ki, işləmir. Hamı bu sistemdən yayınır. Ölkədə, bəlkə də, bu günə qədər sürücülərin 2-3%-nə malus əmsalı tətbiq edilib. Bonusa gələndə isə baxırsan ki, 50 manatlıq sığorta haqqı düşüb olub 30 manat. Bu isə sığorta şirkətinə maraqlı gəlmir və onlar sığortadan imtina etməyə çalışırlar”.
Ekspert ikinci çıxış yolu kimi yol-nəqliyyat hadisələrinin sayının azaldılmasını görür: “Bu, təbii ki, bir qədər uzunmüddətli plandır. Amma mütləq bu planı tətbiq etmək lazımdır. Azərbaycan əhalisinin və avtomobillərin sayı ilə müqayisədə ən çox qəzaların olduğu ölkələr sırasındadır. Hər il təxminən min nəfər insanımızı yol-nəqliyyat hadisələrində itiririk. Sığorta şirkətlərinin statistikasına baxanda bir il ərzində yüz mindən artıq yol-nəqliyyat hadisəsi baş verdiyini görürük.
Üçüncü ən əsas məsələ odur ki, Azərbaycanda avtomobil parkı yenilənməlidir. Azərbaycanda avtomobillərin orta yaşı 15 yaşın üstündədir. Bu, dünya statistikasına uyğun gəlmir. İnkişaf etmiş ölkələrdə insanlar 5 ildən artıq yaşı olan avtomobil istifadə etməməyə çalışırlar.
Ekspert qeyd edib ki, bu üç variantdan biri tətbiq edilməsə, sığorta haqları artırılmalıdır: “Sığorta haqlarının artırılması sığorta məbləğlərini artırmadan mümkün olmayacaq. Bu barədə qanun qəbul olunanda 5 min manat bir çox hallarda sığorta ödənişləri üçün kifayət edirdi. İndi isə şəhərdə premium avtomobillərinin bir detalının qiyməti 5 min avrodan çoxdur. Ona görə də icbari sığorta heç nəyə yaramamağa başlayır. Məbləğlər artarsa, onsuz da, sığorta haqları artacaq. Sığorta haqqı heç olmasa, 3 dəfə artırılmalıdır ki, sığorta şirkətləri bu növü aparmağa maraqlı olsunlar. Bu isə insanların büdcəsinə ciddi təsir göstərə biləcək rəqəmdir. Belə olan halda bu ciddi sosial narazılıq yaradacaq. Odur ki, birinci növbədə avtomobil parkının yenilənməsi, bonus-malus sisteminin işləməsi və yol infrastrukturunun yaxşılaşdırılması, qəzaların sayının azaldılması lazımdır”.
Report
Oxunub 2296
DİGƏR XƏBƏRLƏR
25 Yanvar 2026 12:38
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
14 Yanvar 2026 16:53
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
8 Yanvar 2026 21:27
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
7 Yanvar 2026 23:06
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
7 Yanvar 2026 12:00
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
30 Dekabr 2025 21:00
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
29 Dekabr 2025 23:06
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
29 Dekabr 2025 21:36
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
27 Dekabr 2025 00:00
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
26 Dekabr 2025 21:00
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
23 Dekabr 2025 19:39
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
20 Dekabr 2025 00:00
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
ŞƏRH YAZ











