Azərbaycana saxta sənədlərlə gətirilən maşınlar: Onlar necə qeydiyyata alınır?

Yazarlar 9 Oktyabr 2019 14:28 Oxunub 3146
Azərbaycana saxta sənədlərlə gətirilən maşınlar: Onlar necə qeydiyyata alınır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Salonda satılan ikinci əl maşını bazardakı qiymətdən baha olur

Azərbaycanda avtomobillər ən çox haradan alınır? Nəyə görə insanlar ikinci əl, işlənmiş avtomobillərə daha çox önəm verir? Avtomobil eksperti Elməddin Muradlı bu barədə Lent.az -a danışıb. Ekspert bildirib ki, gömrük, aksiz və əlavə dəyər vergilərinin baha olması salondakı avtomobillərin qiymətinə təsir edir. Məhz buna görə də, əhali maddi durumu nəzərə alaraq, işlənmiş avtomobilləri almağa üstünlük verir. Elməddin Muradlı ölkədə hətta avtosalonlarının yarıdan çoxunun işlənmiş avtomobil satdığını vurğulayıb:

“Azərbaycanda ikinci əl avtomobillər daha çox satılır. Bu da gömrük rüsumlarının, əlavə dəyər vergisindən, aksiz vergisinin baha olması səbəbindən baş verir. Son zamanlar isə ikinci əl olsa da, ili təzə olan avtomobillərə üstünlük verilir. Amma salondan satılan təzə avtomobillərin sayı azdır. Bu da maddi imkanla əlaqədardır. Gələcəkdə aksiz, əlavə dəyər vergilərinə yenidən baxılarsa, insanlarımız da münasib qiymətlə daha təzə, keyfiyyətli maşınları salondan ala bilərlər. Bu gün artıq avtomobil salonları da elə vəziyyətdədirlər ki, təzə maşınlardan daha çox ikinci əl avtomobil alıb-satmağa başlayıblar. Bu hansısa rəsmi distrübüter olsa belə insanlardan işlənmiş maşın alıb, biraz düzəliş edib satırlar. Çünki ona tələbat çoxdur. Deyərdim ki, hətta avtosalonların 80-90%-i ikinci əl avtomobillərin satışına keçib. Bakıda və ölkənin digər bölgələrində vəziyyət budur. Yəni, hazırda bazardan da, salondan da işlənmiş avtomobil alacaqsınız. Salondakı işlənmiş maşın nisbətən kosmetik cəhətdən fərqli olur ki, ona biraz əl gəzdirirlər. Ancaq onu da bildirim ki, salonda satılan ikinci əl maşını bazardakı qiymətdən baha olur”.

Sirr deyil ki, ölkənin maşın bazarlarında arzuladığı maşını tapmayan vətəndaşlar başda Gürcüstan olmaqla xarici ölkələrə üz tuturlar. Bu zaman onlar əsasən, maşınların texniki sazlığına fikir verirlər. Bəs avtomobilin sənədlərinin doğru olub olmadığını necə yoxlamaq olar? Ekspert bu barədə danışarkən rastlaşdığı hadisə ilə Lent.az -a nümunə gətirib:

“Xaricdən alınan maşınların sənədlərin yerində olması onunla əlaqədardır ki, insanlar gələcəkdə hansısa xoşagəlməz hallarla üzləşməsin. Məsələn, bir vətəndaş müraciət etmişdi ki, illərlə Azərbaycanda sürdüyü maşınla Gürcüstana gedib və orada maşını həbs ediblər. Səbəb kimi də maşının axtarışda olmasını göstəriblər. Amma necə olubsa, həmin avtomobil Azərbaycanda sürülüb, qeydiyyata da alınıb. Ola bilsin ki, həmin avtomobillərin ban nömrələrinə müdaxilə olunur. Əksər xarici ölkələrdə maşınları elə saxta sənədlərlə qaydaya salırlar ki, yol polisi də bilmədən qeydiyyata alır. Təəssüflər olsun ki, həmin avtomobillər Azərbaycana da gəlib çıxır. Ban nömrə ilə maşına nə vaxt vurulub, neçə km gedib, mühərrikin gücünü, mühərriki dəyişiblərmi və.s öyrənmək olur. Bundan əlavə hər bir avtomobilin Azərbaycanda rəsmi dilleri var. Xaricdən gətirdikdən sonra aparıb beynindən tutmuş hər bir yerini yoxlatmaq lazımdır ki, maşın oğurluq deyil və.s. DYP-ə müraciət etmək olar. Avtomobilin neçə dəfə addan-ada keçdiyini bilmək olar. Düzdür bunlar xırda şeylərdir, ancaq təhlükəsizlik qaydaları üçün çox önəmlidir”.

Ekspertin dediyi kimi, xarici ölkədən avtomobil alarkən sənədlərə diqqət yetirmək lazımdır. Əks halda sizin də maşınınız oğurluq adı ilə axtarışda ola bilər. Xoşagəlməz halların qarşısını almaq üçün əvvəlcədən DYP-ə müraciət etmək, maşının ban nömrəsini yoxlamaq və.s lazımdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh