Azərbaycançılıq ideologiyası - dünya azərbaycanlılarının istinad mənbəyi - DİASPOR FƏALİYYƏTİ

Yazarlar 4 Avqust 2023 22:02 Oxunub 736
Azərbaycançılıq ideologiyası - dünya azərbaycanlılarının istinad mənbəyi - DİASPOR FƏALİYYƏTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tarixin müxtəlif zaman dilimlərinə nəzər salsaq soydaşlarımızın vətəndən uzaq torpaqlara axın edərək məskunlaşdığının şahidi ola bilərik. Kökü 7-ci əsrin sonu 8-ci əsrin əvvəllərinə gedib çıxan proses bugünümüzə qədər davam etməkdədir. Sözügedən mühacirət mərhələləri hər dövrün öz tələbinə (baş vermiş elmi-mədəni inkişaf, ictimai-siyasi dəyişikliklər, hakimiyyətin süqutu və yaranan yeni sistem) uyğun olaraq həyata keçib. Azərbaycan diasporu adlandırılan bu proses vətəndən kənarda yaşayan həmyerlilərimizin ictimai fəaliyyətini də özündə ehtiva edir. 


Zamanla forlamaşaraq inkişaf edən diasporumuzun tarixi ümumi olaraq 7 mərhələdən ibarətdir. Təməli (7-8-ci əsrlər) Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar onlarca mütəfəkkirimizin Yaxın və Orta Şərq şəhərlərinə axını ilə başlayır. İkinci mərhələ (10-19-cu əsrlər) uzun zaman kəsiyini əhatə edərək milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqe tutması nəticəsində xaricdə məskunlaşmanı daha da artırır. Diasporumuzun formalaşmasının üçüncü mərhələsi (20-21-ci əsrin əvvəlinə qədər) Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonrakı dövrə təsadüf edir. Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra mühacirlərin ölkəmizə axını dördüncü mərhələnin əsasını qoyur. 1941-1945-ci illərin 2-ci Dünya Müharibəsi Azərbaycana da təsirsiz ötüşmür və vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması beşinci mərhələnin təməli olur. Ötən əsrin sonları İranda cərəyan edən ictimai-siyasi proseslərlə bağlı həmvətənlərimizin Qərbə axını altıncı mərhələni başladır və diasporumuzun genişlənməsinə təkan verir. SSRİ-nin dağılması nəticəsində yeni nəsil azərbaycanlıların Avropaya istiqamətlənməsi isə diasporumuzun son inkişaf tarixi kimi qiymətləndirilir. 


Hal-hazırda dünyanın hər nöqtəsində həmvətənlərimiz yaşayır. Say etibarı ilə ən çox azərbaycanlı Amerika və Avropa qitəsində cəmlənib. Digər qitələrdə məskunlaşan soydaşlarımız da az deyil. Hansı məqsədlə və harada yaşamasına baxmayaraq xaricdə mühacirət həyatı sürən vətəndaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılıq ideologiyasının təbliği, ölkəmizin yad diyarlarda tanınması istiqamətindəki səyləri danılmazdır. Hər il say etibarı ilə artan diasporumuz Azərbaycanın daha çox tanınmasına xidmət edir. Dünyaya axın edən azərbaycanlıların ölkəmizdə yaşayan soydaşlarımızdan qat-qat çox olması onların təsir gücünün də necə yüksək olduğuna işarədir. Səsimizi dünyaya çatdırmaq, yaşadığımız ağrı-acını, faciələri, haqsızlıqları işıqlandırmaq, müstəqil, bölünməz Azərbaycan olduğumuzu göstərmək üçün diaspor əvəzolunmaz vasitədir.


1991-ci ildə müstəqilliyimizi bərpa edərkən yaranan ciddi problemlər, xüsusən Ermənistanla müharibə şəraiti Azərbaycanın dövlət olaraq tanınmasına əngəl törədir. O zaman Ermənistan dostluq əlaqələri qurduğu ölkələrin yardımıyla həm müharibədə, həm də KİV-də üstünlük əldə edir. Mənfur qonşumuzun çirkin əməllərinin, yaydığı dezinformasiyaların qarşısını almaq üçün qüdrətli dövlətimizin və güclü lobbinin yaradılması zəruri hala çevrilir. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli iradəsi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olur və milli-mənəvi dəyərləri özündə birləşdirən qanunvericilik bazasının formalaşmasında ciddi addımlar atılır. Belə ki, sıx-sıx xarici ölkələrə səfər edən Ümumilli lider getdiyi yerlərdə soydaşlarımızı da unutmayaraq onlarla mütəmadi görüşlər keçirir, yaxından dinləyir və Azərbaycanla daim əlaqədə olmağı tövsiyə edir. Bununla da, indi inkişaf etmiş diasporumuzun genişlənməsi prioritet mövzulardan birinə çevrilir.  


Dünyaya səpələnən həmvətənlərimizlə əlaqələri üst səviyyəyə daşımaq, dialoqlarımızı çoxaltmaq və atılan sağlam təməli möhkəmləndirmək dövlətimizin təxirəsalınmaz məsələləri sırasında olur. Bu baxımdan Heydər Əliyevin 23 may 2001-ci ildə “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” sərəncamı böyük addım olur. Ardınca bir neçə ay sonra noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilir. Bu istiqamətdə durmadan yeniliklər tətbiq edən Ümumilli lider dövlətimizin və millətimizin gələcəyini düşünərək 5 iyul 2002-ci ildə imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”kı fərmanı ilə lobbiçiliyin dövrünü başladır. Belə ki, komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmlənməsi və şaxələnməsinə xidmət edir.  


Ümumilli Liderin siyatəsini davam etdirən Prezident İlham Əliyev lobbiçiliyin həyata keçirilməsi üçün qurumun təkminləşdirilməsi, həmçinin xaricdə güclü diasporumuzun formalaşdırılması üçün 19 noyabr 2008-ci ildə “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı imzalayır. 


Lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında Heydər Əliyev Fondunun xüsusi yeri var. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsində müstəsna xidmət göstərir. Eyni zamanda, fond xüsusilə də Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər həyata keçirir, diaspor təşkilatlarını bu məqsədə xidmət edəcək bütün vasitələrlə təmin edir. Bu faciə hər bir azərbaycanlını “Xocalıya ədalət” naminə daha sıx birləşdirir. Fondun bu adla keçirdiyi kampaniya çərçivəsində internet üzərindən dövlətlərə müraciət məqsədilə yaradılan petisiyalara qısa müddətdə milyonlarla azərbaycanlının səs verməsi birlik və həmrəyliyimizlə bağlı dünyaya bir mesajdır. "Xocalıya ədalət" kampaniyası çərçivəsində gənclərin rolu onların Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu. Bu gün xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır.


Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində qarşıya yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. İstər lobbiçilik, istərsə də onun hərəkətverici qüvvəsi olan diasporun əsasını bütün dünyada yaşayan azərbaycanlıların milli birliyi təşkil edir. Azərbaycan hökuməti buna daim böyük önəm verib və verməkdədir. Hələ 16 dekabr 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, məsələnin əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edir və bu özəlləşmiş gün hər il böyük coşqu ilə qeyd edilir.


Uzun tarixi keçmişə malik olan və bugün də inkişafını davam etdirərək genişlənən proseslə bağlı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə Avtosfer.az-a açıqlama verib. Diaspor quruculuğunun Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirən Fuad bəy özəlliklə müstəqillik əldə etdikdən sonra bu sahədə inkişafın yüksək şəkildə olduğunu diqqətə çatdırıb. Görülən fəal işlərin nəticəsi kimi o, hal-hazırda 500-ə yaxın diaspor təşkilatlarının fəaliyyət göstərdiyini qeyd edib. Hər bir ölkənin azərbaycançılıq ideologiyasının milli dəyər kəsb etdiyini söyləyən Fuad bəy zamanla tarixi şəxsiyyətlərin, alimlərin, söz sahiblərinin xalqımızın inkişafı nəticəsində bugünə gəlib çıxdığını bildirib. Özəlliklə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsində olduğunu qeyd edib.  Bugün artıq dövlətin bütün təsisat və idarələrində azərbaycançılıq ideologiyası tətbiq olunur. Fuad bəyin sözlərinə görə, dünya azərbaycanlılarını bir araya gətirmək və vahid çatı altında birləşdirmək üçün bu ideologiyanın icrası mühüm rol oynayır. Hər hansı bir xalqın ideoloji mövqeyinin olmasının vacibliyini vurğulayan İctimai Birliyin sədri dövlətimizin azərbaycançılıq ideologiyasının varlığı baxımından şanslı olduğunu söyləyib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq o, bu ideologiyanın xaricdə yaşayan soydaşlarımız arasında təbliğ olunmasında əsaslı işlər gördüklərini vurğulayıb. Bununla bağlı 2020-ci ildə “Azərbaycançılıq ideologiyası - dünya azərbaycanlılarının istinad mənbəyi” kitabının çap olunduğunu bildirib. Fuad bəy azərbaycançılıq ideologiyasının əyani vasitəsi kimi kitabın çapını labüdlüyünü qeyd edib. Belə ki, kitab xaricdə yaşayan azərbaycanlıların ideologiyanın əsaslarını bilərək onun praktiki olaraq tətbiqinin mənimsənilməsinə yönəlib. Həmçinin onların gördükləri işlər, perspektiv planları kitabda öz əksini tapıb. Fuad bəy diasporun var olduğu müddətdə Azərbaycanın təbliği istiqamətində böyük əhəmiyyət kəsb edən kitabdan əyani vasitə kimi gələcək nəsillərin də istifadə edə biləcəyini söyləyib.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh