Banner

Azərbaycanda 60 manatlıq cəriməni 100 manatlıqla necə əvəz edirlər?

Yazarlar 23 Dekabr 2014 07:30 Oxunub 4757
Azərbaycanda 60 manatlıq cəriməni 100 manatlıqla necə əvəz edirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarımızda bəzi şəxslərin subyektiv yanaşmasından və sui-istifadə cəhdlərindən qaynaqlanan problemlər var 

Son günlər bəzi yollarda sürücülərin törətdiyi qayda pozuntularından birinə düzgün hüquqi qiymət verilməməsi barədə məlumatlar əldə edirik. Söhbət bütöv nişanlanma xətti olan yerdə qaydaları pozaraq ötmə manevri edilməsindən gedir. Bu məsələdə həm sürücülərin, həm də DYP əməkdaşlarının qarşılaşdığı çətinliyi nəzərə alaraq öz fikirlərimi qeyd etmək qənaətinə gəldim.

Həqiqətən də, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan bəzi normaların təcrübədə tətbiqi ilə bağlı problemlər olur. Belə problemlərin səbəbi başlıca olaraq İnzibati Xətalar Məcəlləsinin (İXM) və “Yol hərəkəti haqqında” qanunun bir sıra normalarının təfsiri və tətbiqindəki çətinliklə bağlı olsa da, onların bir qismi bəzi şəxslərin subyektiv yanaşmasından və sui-istifadə cəhdlərindən də qaynaqlanır. 

Belə problemlərdən biri yollara çəkilmiş bütöv nişanlanma xətlərini (1.1, 1.3 və 1.11 xəttini) kəsərək əks istiqamətli hərəkət zolağına çıxma ilə bağlıdır. Əks istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün tətbiq olunmuş bu xətlərin tələblərini pozma İXM-in 2 müxtəlif maddəsi ilə məsuliyyətə səbəb olan 4 xəta tərkibi yarada bilər:

1. Əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1, 1.3 və 1.11 (1.11 nişanlanmasının bütöv xətti sağda olduqda) üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə (İXM-in 151.2-ci maddəsi);

2. Bu xətlərin tələblərinə riayət etməyərək maneəni kənardan keçmə (İXM-in 151.2-ci maddəsi);

3. Bu xətlər olan yerdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevri etmə (İXM-in 151.2-ci maddəsi);

4. Bu nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə (İXM-in 151.3-1-ci maddəsi); 

Əsas problem sürücünün konkret əməlinin yuxarıda göstərilən hansı qayda pozuntusu kimi qiymətləndirilməsindən ibarətdir. Özü də bu xətalar arasında doğru seçim edilməsinin prinsipial əhəmiyyəti var, çünki birinci 3 xətaya görə İXM-in 151.2-ci maddəsi 60 manat cərimə və 3 cərimə balı, dördüncü xətaya görə isə İXM-in 151.3-1-ci maddəsi 100 manat cərimə və 4 cərimə balı nəzərdə tutur. 

Bəs bu 4 xəta bir-birindən nə ilə fərqlənir?

Birinci xəta ilə bağlı hər hansı problem ola bilməz, çünki hər kəs sola və geriyə dönmənin nə olduğunu gözəl bilir.  Sürücü göstərilən bütöv xətləri (1.11 nişanlanmasının bütöv xətti sağda olduqda) kəsərək sola və ya geriyə dönərsə, onun əməli hər bir halda İXM-in 151.2-ci maddəsi üzrə təfsir ediləcəkdir. 

İkinci xəta ilə bağlı məsələ də çətin deyil. Bu xətanın adından göründüyü kimi sürücü qarşıdakı maneənin sol tərəfindən keçmək üçün öz avtomobilini qismən və ya tam olaraq bütöv xətlərin sol tərəfinə keçirdikdə, həmin xətanı törətmiş sayılır. Burada maneə dedikdə, məsələn, qarşıda dayanan avtobus, dayanma qaydalarını pozaraq dayanmış və ya parklanmış başqa avtomobil, yolun dağılmış sahəsi, yolda olan hər hansı kənar əşya və s. başa düşülə bilər. Nəzərə alın ki, hərəkət edən nəqliyyat vasitəsi sürətindən asılı olmayaraq maneə sayılmır. Əslində bu xətanın tətbiqi ilə bağlı bu yazının predmeti olmayan başqa incəlik var. Bununla belə, bu xəta yalnız qeyd olunan halları ehtiva edir.

Bir qədər maraqlı və nisbətən incə məsələ üçüncü və dördüncü xətaları bir-birindən fərqləndirməkdir. Bunun üçün mütləq ötmə manevrinin mənasına, habelə İXM-in 151.3-1-ci maddəsinin məzmununa diqqət etməliyik. 

Hər kəs gözəl bilir ki, ötmə qabaqda hərəkətdə olan bir və ya bir neçə nisbətən asta gedən nəqliyyat vasitəsini ötüb keçməkdir. “Yol hərəkəti haqqında” Qanunda ötməyə verilən anlayışda birbaşa göstərilməsə də, bu Qanunun 51-ci maddəsindən aydın olur ki, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmədən sonra sürücü mütləq öz hərəkət zolağına qayıtmalıdır. Deməli, qabaqda gedən bir və ya bir neçə nəqliyyat vasitəsini ötərək öz hərəkət zolağına qayıtmaq məqsədi ilə bütöv nişanlanma xətlərinin sol tərəfinə tam və ya qismən çıxma yalnız ötmə qaydalarını pozma sayılaraq İXM-in 151.2-ci maddəsi üzrə 60 manat cəriməyə və 3 cərimə balına səbəb ola bilər. Belə halda sürücünün İXM-in 151.3-1-ci maddəsi ilə məsuliyyətindən söhbət gedə bilməz. Bu zaman həmin yol sahəsində 3.20 “Ötmə qadağandır”nişanının olub-olmamasının da əhəmiyyəti yoxdur. 

İndi isə İXM-in 151.3-1-ci maddəsinin məzmununa diqqət edək. Həmin normada “nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” ifadəsi işlədilir. Bu ifadədə  isə həlledici məqam “nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” ifadəsidir. Deməli, əgər 1.1, 1.3 və ya 1.11 nişanlanması olan yerdə sürücü öz nəqliyyat vasitəsini (avtomobilini, avtobusunu, motosikletini, traktorunu və s.) tam olaraq əks istiqamətli hərəkət zolağına keçirirsə və həmin zolaqla gələn nəqliyyat axınına qarşı hərəkət edirsə, bu İXM-in 151.3-1-ci maddəsi ilə təfsir edilərək 100 manat cərimə və 4 cərimə balına səbəb olacaq. Lakin əks istiqamətdə nəqliyyat axını olmadıqda, yəni sürücü əks istiqamətli zolağa keçərək yalnız özündən qabaqda nisbətən asta gedən bir və ya bir neçə nəqliyyat vasitəsini ötərək öz zolağına qayıtdıqda onun əməli İXM-in 151.2-ci maddəsi ilə təfsir edilməlidir. Ümumiyyətlə, İXM-in 151.3-1-ci maddəsində nəzərdə tutulan xəta tıxac və ləngimə (yəni asta sürətlə sıx hərəkət) olduqda əks istiqamətli zolaqlara çıxaraq “qabağa” düşmək istəyən mədəniyyətsiz sürücülərlə mübarizə aparmaq üçündür. Buna görə də şəhərlərarası yollarda qabağında nisbətən asta gedən bir və ya bir neçə nəqliyyat vasitəsini bütöv xətt olan yerdə ötən sürücünün əməli İXM-in 151.3-1-ci deyil, 151.2-ci maddəsi üzrə məhz ötmə qaydalarını pozma kimi qiymətləndirilməlidir. Düzdür, bu manevr də kifayət qədər təhlükəlidir. Amma bugünkü qanun həmin əmələ görə məhz 60 manat cərimə və 3 cərimə balı nəzərdə tutur.

Toxunduğum problem əslində İXM-in 151.3-1-ci maddəsinin məzmunca bərbad vəziyyətdə olmasından əmələ gəlir. Bu normada nəzərdə tutulan xəta daha dəqiq hüquqi əlamətlərlə təsbit edilməli idi. Məsələn, qeyd etdiyim əlamət (bu manevrin tıxac və ləngimə olan yerlərdə edilməsi) bu normada göstərilsə, xeyli konkretlik olardı. Bu normanın başqa bir mühüm çatışmazlığı tıxac və ləngimə olan yerdə öz avtomobilini bütöv xəttin sol tərəfinə qismən keçirərək əks istiqamətli nəqliyyat axınına maneə olan mədəniyyətsiz sürücülərə həmin xətanın tətbiq edilə bilməməsidir. Çünki belə halda avtomobilin xətdən tam deyil, qismən keçməsi İXM-in 151.3-1 maddənsini istisna edir.   

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh