Banner

Azərbaycanda demoqrafik inkişaf: Qohum evliliklərinin əhali artımına təsiri

Yazarlar 26 İyul 2024 19:00 Oxunub 1014
Azərbaycanda demoqrafik inkişaf: Qohum evliliklərinin əhali artımına təsiri
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, yaşlaşması, uzun ömürlülüyü, sağlamlığı kimi geniş sahəli məsələləri özündə cəmləşdirir. İnkişafın təmin edilməsi ölkənin tibbi və təhsil xidmətlərinin düzgün şəkildə təşkilindən asılıdır. Bununla yanaşı, əsas meyarlardan biri yüksək yaşayış standartlarının göstəricisidir. Sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuş əhalinin rifahı əmək potensiallarından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, işləyənlərin məhsuldarlığı, gəlirləri, iş şəraiti, həmçinin ölkənin hər bir vətəndaşının ehtiyaclarını nəzərə almaqla dövlətin gəlirlərinin bölüşdürülməsi sisteminin səmərəliliyi ilə müəyyən olunur. 

Tarixə nəzər salsaq Azərbaycanda əhalinin artım səviyyəsinin dəyişdiyini görə bilərik. Statistikaya əsasən, 1990-2002-ci illər arasındakı demoqrafik göstəricilər kəskin şəkildə aşağı olub. Buna səbəb 1990-cı illərin əvvəlində Sovet İttifaqının müstəqillik yoluna qədəm qoymuş ölkələr kimi Azərbaycanın da bazar iqtisadiyyatı və demokratiyanın inkişafı istiqamətində dəyişikliklərə məruz qalması idi. Keçid dövründə özünü göstərən iqtisadi və sosial problemlərlə yanaşı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması vəziyyəti daha da gərginləşdirdi. Nəticədə 4 minə yaxın müəssisə və 30 min iş yeri itirilmiş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla yanaşı insanlar arasında işsizlik, xüsusilə gənc təbəqənin qonşu ölkələrə axınını sürətləndirdi. 90-cı illərdə ölkəni bütövlükdə bürüyən böhran əhalinin yaşayəş səviyyəsini aşağı saldı və bu da öz növbəsində demoqrafik artıma mənfi təsir göstərdi. 

Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən ölkədə ümumi canlanma yarandı. Belə ki, dövlət başçısının göstərişi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərdi. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin, (özəlliklə körpə) miqrasiya axınının azalmasına tədricən keçid müşahidə olundu. Eyni zamanda demoqrafik artıma təkan verən əsas meyarlarından biri təhsil sahəsində də təqdirəlayiq islahatlar nümayiş olundu. 

Bir neçə il əvvəl başlayan və dünyada milyonlarla insanın ölümüylə nəticələnən COVID-19 pandemiyası ölüm sayının artmasına səbəb oldu.

Son illərdə doğum sayında artım müşahidə olunmur. Buna başlıca səbəb nikah hallarının azalması və əksinə qeydə alınan boşanmaların çoxalmasıdır. 
Azərbaycanda bağlanan nikahların bir qismi qohum evliliyinə əsaslanır. Keçmiş zamandan gələn bu ənənə hələ də davam etməkdədir. Təəssüf ki, müxtəlif səbəblərdən ailələrin qərar verdiyi qohum evlilikləri risklidir. Belə ki, qohum nikahları nəticəsində dünyaya gələn uşaqlarda fiziki və əqli cəhətdən problemlər özünü göstərə bilir. Xəstə, yaxud əngəlli uşağın doğulması həm özü, həm də valideynləri üçün çətinlik yaradır. Ailədaxili mübahisələr zamanla daha böyük münaqişələrə çevrilir və sonda boşanmayla nəticələnir. Hətta daha ağır fəsadlara gətirib çıxara bilir. Belə neqativ halların qarşısının alınması məqsədilə 2024-cü ilin iyun ayının 22-də Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, qohum nikahına (əmi, dayı, xala uşaqları) qadağa qoyulacaq. Qərarın 1 il sonra qüvvəyə minəcəyini bildirib.

Mövzuyla bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlama verib. O bildirib ki, sağlam gələcəyin təməlinin qoyulması üçün gen və qan dəyişilməlidir: “Adətən insanlar qohum evliliyinə üstünlük verirlər. Bu addımı atan şəxslər evinə tanımadıqları (yad) birinin gəlməsini, yaxud ailənin maddi gücünün soydan kənara miras qalmasını istəmirlər. Bir qisim isə “yad biri gələrsə mənə, ailəmizin düşüncələrinə hörmət etməz, amma yaxınımdırsa dəyər verəcək” qorxusu ilə bu qərarı verirlər. Lakin onlar nəzərə almalıdırlar ki, sağlam ruhda və psixologiyada uşaqlar istəyirlərsə evlilik zamanı mütləq şəkildə qan, gen dəyişilməlidir. Bir çox psixoloji pozuntuların və narahatlıqların, hətta şəxsiyyət pozğunluqlarının 40 faizi genetik faktor daşıyır. Döl, qan sağlam olmadığı təqdirdə sağlam zehniyyətdə və psixologiyada uşaqlar dünyaya gələ bilmir. Əksinə belə halda inkişafdan qalmış, fiziki qüsurlu, əqli cəhətdən geri, xüsusilə serebral iflici olan körpələr doğulur”.

Psixoloq, qohum evlilikləriylə bağlı məcəlləyə edilən dəyişikliyə də münasibət bildirib: “Bir mütəxəssis olaraq düşünürəm ki, bu, olduqca doğru qərardır. Təbii ki, başlanğıcda bir qisim kütlə bunu qəbullanmayacaq, hətta qarşı çıxacaq. Amma onlar nəsillərinin sağlam şəkildə artırılması, fiziki və əqli cəhətdən qüsursuz nəvə və nəticələrinin doğulması və övladlarının xoşbəxt olması üçün bu dəyişikliyə müsbət yanaşmalıdırlar”. 

Sağlam Cəmiyyət Hərakatının eksperti Lalə Mehralı saytımıza açıqlamasında qeyd edib ki, son illər demoqrafik sahədə həyata keçirilən islahatlar və qanuna edilən dəyişikliklər olduqca vacibdir: “Sevindirici haldır ki, erkən nikahların, qohum evliliklərinin qadağan edilməsiylə bağlı bir sıra qərarlar qəbul olunub. Lakin hələ də bu sahədə problemlər qalmaqdadır. Təhsilə, kariyera həyatına öncəlik verib gec yaşda evlənən qızlarımız kifayət qədərdir. Təbii ki, bu demoqrafik artımdakı durğunluğa səbəb olur. Bununla bağlı da ciddi dəyişikliyə ehtiyac var. Məsələn işləyən anaların haqları artırılmalıdır ki, qadınlar kariyera ilə yanaşı ailə məsələsinə də ciddi yanaşsınlar. Çünki  kariyerasında yüksəlmək istəyənlər iş yerindəki müəyyən qadağalara görə ailə qurmaq istəmirlər. Lakin onlara uşaqlarına vaxt ayrımaq üçün iş saatlarında müəyyən güzəştlər oluna bilər, yaxud müəssisələrin nəzdində uşaların qayğı mərkəzləri yaradıla bilər”.

Lalə Mehralı qohum evliliyi ilə bağlı qəbul olunan qərarın əhalinin sağlam şəkildə artımında önəmli addım olduğunu vurğulayıb: “Qohum evlilikləri uzun illərdir ki, ölkəmizdə problem olaraq qalmaqda idi. Bu qanuna dəyişiklik edilməsiylə bağlı ziyalı təbəqə xüsusilə hər zaman can atıb. Qohum evliliklərinin əhalinin sağlamlıq vəziyyətinə, demoqrafik artımına vurduğu zərər hesablanarsa çox ciddi rəqəmlər ortaya çıxar. Sonuncu statistik məlumatlara görə, Azərbaycanda 700 min fiziki məhdudiyyətli insandan 500 mini qohum evliliyi nəticəsində dünyaya gələn insanlardır. Ümumiyyətlə qohum nikahlarınl genofondun altına qoyulmuş bomba kimidir. Yəni, bu, genetik kodlarımızı, genofondumuzu, sağlamlığımızı təhlükə altına alan bir hal idi. Düzdür, bu qanunun gələn ildən qüvvəyə minəcək və o vaxta qədər bu proses davam edəcək. Lakin yenə də heç olmamasındansa, bir il sonra qüvvəyə minməsi müsbət hal kimi qiymətləndirilə bilər”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh