Banner

Azərbaycanda dini tolerantlıq mədəniyyəti: Tarix və müasirlik

Yazarlar 30 May 2024 19:03 Oxunub 1482
Azərbaycanda dini tolerantlıq mədəniyyəti: Tarix və müasirlik
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tolerantlıq termin olaraq 17-ci əsrdə Avropada meydana gəlib. Belə ki, 1618-1648-ci illər ərzində Avropanı qana boyayan 30 illik müharibə protestant və katoliklərin savaşı idi. Amma bu müharibə Avropaya böyük bir dağıntı, fəlakət və insan ölümlərindən başqa bir şey vermədi. Nəticədə məzhəb savaşlarının mənasız olduğunu və dinin bu şəkildə siyasətə alət edilməsinin fəlakətli nəticələrini görən avropalılar Vestfaliya sülhünü imzaladılar. Bu isə müasir Avropanın əsasının qoyulmasına zəmin yaratdı.
Sülh, Avropada milli dövlətlərin, xristian məzhəblərinin birgə yaşamasının əsasını qoydu. Lakin 400 il keçməsinə baxmayaraq hal-hazırda bizim coğrafiya, müsəlman dünyası oxşar vəziyyəti yaşayır. Yaxın Şərqdə baş verən din şüarlı müharibələrin və qırğınların nə zaman bitəcəyini demək çətindir. Amma bir yerdə dayanmaq lazımdır. Bu zaman ortaya belə sual çıxır: Sözügedən müharibələrin qarşısını necə almaq olar?
Əslində 400 il əvvəl Avropada və bu gün Yaxın Şərqdə din şüarı ilə gedən qırğınların, müharibələrin səbəbi din deyil. Nə Həzrət İsa (ə), nə də Həzrət Məhəmməd (s) onlara iman gətirənlərə öldürməyi əmr etmir. Din, insanı öldürməyi deyil, əksinə yaşatmağı, əxlaqlı, nümunəvi cəmiyyət qurmağı təbliğ edir.
O dövrdə Avropada minlərlə insanın ölümünə, ölkələrin xaraba qalmasına səbəb xristian dinini əlində bayraq edib yaradan, din adıyla insanlar üzərində qeyri-məhdud hakimiyyət quran Roma Papası və bütövlükdə kilsə institutu idi. Təbii ki, indiki zamanda Yəməndə, İraqda, Suriyada, Əfqanıstanda din şüarı sədaları altında bir-birini kəsən insanlar da nə Allaha, nə islama, nə də onun peyğəmbərinə xidmət edir. Bu işlərdən fayda götürən dini əldə bayraq edib hakimiyyət quraraq xalqları idarə edən və onların sərvətini mənimsəyən insanlardır. Din, siyasi iqtidarların əlində vasitəyə çevriləndə istər-istəməz savaşlar çıxır və sadə insanlar müqəddəs hisslərin təsiri altında Allahın ən böyük günah bildiyi əməli - insan öldürməyi yerinə yetirirlər.  
 
Azərbaycan tarixən bir çox dinlərin, mədəniyyətlərin, xalqların köç etdiyi ərazi olub. Zərdüştilik, Xristianlıq, Musəvilik və nəhayət, İslam dini bu torpaqlarda özünə yer edib. Azərbaycanda fərqli din və məzhəblərin uzun illər yanaşı yaşaması tarixi və mədəniyyət yaddaşı ilə bağlı idi. Şumerlərdən başlayaraq bir çox mədəniyyətlərdən təsirlənmiş bu torpaqlarda fərqliliklər zamanla dəyərə çevrilib. 7-ci əsrdə İslamın gəlişi ərəfəsində Azərbaycanın qonşularından biri atəşpərəst – Zərdüşti Sasanilər, digər isə xristian - Bizans idi. Azərbaycan müəyyən dövrdə bu dövlərin hakimiyyətləri altında qalıb. Məhz bu səbəbdən yerli xalq dövlətlərin və dinlərin dəyişməsinə baxmayaraq birgəyaşayışa inanıb. Məcusi Sasanilər, xristian Bizans hər ikisi, daha sonra Xilafətin gəlişi ilə İslamın bu torpaqlarda yayılması zamanı xalqlar inanc təmkinini pozmayıb. Dövlətlərin ideologiyalarına baxmadan xalqlar yanaşı yaşayıblar. Əgər əksi olsaydı, bu torpaqlarda din-məzhəb savaşları heç zaman bitməzdi. Sünni, şiə, sufi, alban (xristian), yəhudi, erməni, daha sonra rus, molokan və sair dini məzhəblərin bu torpaqda birgəyaşayışını hansısa dövlət qanunu, Vestfaliya anlaşması deyil, xalq özü qura bilərdi və belə də oldu. İndi isə bunu sadəcə yaşatmaq lazımdır. Çünki biz bu dəyərləri yaşada bilməsək, bizi yaşamağa qoymayacaqlar.
 
Azərbaycanda müasir dövrdə xırda mübahisələri, sosial şəbəkələrdəki qarşılıqlı ittihamları nəzərə almasaq, dindarlar arasında və ya dindarların qeyri-dindarlara qarşı münasibətində radikalizm və ya zorakılıq yoxdur. Yəni bizdə hər hansı bir dini kitabı yandıran, yaxud kitabı yandırdığı üçün öldürülən yoxdur. Əlbəttə, burada iki mühüm amilin rolu var. Birincisi, Azərbaycan xalqı tarixən fərqli din və inanclara qarşı dözümlü olub. Çünki bu torpaqlarda qədimdən müxtəlif dinlərin ardıcılları məskən salıb. Ona görə də insanlar dinc yaşamağa alışıblar. Dini zəmində baş verən gərginliklər bir qayda olaraq siyasi məqsədli və ya kənardan olub. İkinci mühüm amil dövlətdir. Hər hansı ölkədə dini zəmində sabitliyi təmin etmək dövlətin üzərinə düşür. Çünki din sahəsi strateji sahədir, xalqın təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Bütün dünyada, o cümlədən müsəlman aləmində dini zəmində təxribatlar daha çox iki halda baş verir. Ya bunu kənardan hansısa qüvvələr o ölkəni zəiflətmək üçün yaradır, yaxud daxildəki siyasi qüvvələr və ya dövlətin özündəki qruplar, siyasi hakimiyyət özü daxildə iğtişaş yaratmaq üçün edir. Məsələn, 11 ildir ”qanın su yerinə axdığı" Suriyada daha əvvəl bütün dinlər və məzhəblər yanaşı yaşayırdı, çünki başları üzərində dövlətin sərt əli var idi. Amma üsyan baş verdikdən və “cin şüşədən çıxdıqdan sonra” dini radikalizm meydana gəldi. Dünənə qədər eyni məsciddə ibadət edən müsəlmanlar və ya qonşu olan müsəlmanlarla xristianlar bir-birilərini kəsməyə başladı. Halbuki onların dinində və ya şəriətində nə isə dəyişməmişdi. Yəni, bu iki element yerində olmayanda din hansısa qüvvələrin əlində silaha çevrilir. Gərək həm xalq müdrik olsun, həm də dövlət güclü və hüquqi, ədalətli qurulsun. O zaman bu cür təxribatlar baş verməz. Eyni nümunəni Avropa üçün də göstərmək olar. Orada da bu cür anti-İslam təxribatlarının arxasında müəyyən dövlət orqanları, radikal sağçı, siyasi qüvvələr dayanır. Yəni işin arxasında dünyəvi maraqlar dayanır, nəinki dini hisslər.

Tarix boyunca əksər din və məzhəblər Azərbaycana yayılıb, buna görə də insanlarımızda bir dözümlülük yaranıb və bu, mədəniyyətə çevrilib. İkinci amil isə siyasi vəziyyətdir. Ölkədə ictimai-siyasi sabitlik olduğu və dövlətin maraqlı olmadığı halda, adətən dini zəmində gərginliyə yol verilmir, bu cür cəhdlərin qarşısı alınır. Yəni, güclü dövlət və paralel olaraq xarici təsirlərə qarşı ciddi iradə olanda bu cür dinlərarası təfriqələrin qarşısı alınır. Çünki bir çox hallarda bu cür qarşıdurmaları xarici dövlətlər və ya yerli hakimiyyət özü təşkil edir. Bu səbəbdən Azərbaycan indi şanslıdır, çünki dövlət dini zəmində sabitlik və tolerantlıq olmasını istəyir, xarici müdaxiləyə mane olur, üstəlik ölkə əhalisi də tolerant olduğu üçün çox böyük və dərin qarşıdurma, gərginlik olmur. Tolerantlıq xüsusi bir proqram və ya layihə deyil. Din hər yerdə eynidir, inanclar ölkələrə görə dəyişmir. Tolerantlıq modeli deyə bir model də yoxdur.
 
 
Azərbaycanda din sahəsində mövcud olan sabitlik və tolerantlıq dövlət siyasətinin nəticəsidir. Adətən terror və radikal dini təşkilatlar dövlətlərin zəif olduğu, milli ideyanın arxa plana atıldığı ölkələrdə qüvvətlənir. Bir qayda olaraq, xaricdən maraqlı güclər və ya yerli hakimiyyət bəzən cəmiyyətin özünü bölmək və daxili problemlərlə məşğul etmək üçün dini radikalizmdən silah kimi istifadə edir. Şükürlər olsun ki, hazırda Azərbaycanda belə vəziyyət yoxdur. Dövlət din sahəsi üzərində ciddi nəzarət qurub və bu səbəbdən də hətta radikalizmə meyilli şəxs və təşkilatlar belə bunu açıq edə bilmir, çünki meydan verilmir. Digər tərəfdən ölkəmiz min illərdir fərqli din və məzhəb ardıcıllarının yaşadığı ərazi olub. Lap qədim inancları kənara qoysaq, Azərbaycan ərazisində atəşpərəstlik, ardınca ilk xristianlıq, sonra islam və onun müxtəlif cərəyanları və yəhudilik mövcud olub. Yəni, burada müxtəlif etnik və dini icmalar birgə yaşamağı uzun əsrlərdir öyrəniblər.
 
Azərbaycan xalqı başqa din və məzhəblərə qarşı tolerantdır. Dövlət də hazırda bu xətti aparır, kənardan təsirlər və içəridə radikal fikirlərin güc tapıb aşkar fəaliyyətə keçməsinin qarşısını alır.

Nərmin Əkbər

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh