Banner

Azərbaycanda medianın inkişaf tendensiyası - Fikir və söz azadlığı

Yazarlar 29 Fevral 2024 15:05 Oxunub 1560
Azərbaycanda medianın inkişaf tendensiyası  - Fikir və söz azadlığı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Demokratik cəmiyyətin əsas prinsiplərindən biri də insanların söz və fikir azadlıqlarının açıq şəkildə ifadə olunmasıdır. Bu baxımdan dövlətimiz demokratiyanın hökm sürdüyü ölkələr sırasında ön pillələrdə yer alır. Azərbaycan vətəndaşı statusuna sahib olan hər kəs bərabər hüquqa malik olmaqla yanaşı öz fikrini sərbəst bəyan etmək və yaymaq imkanına da sahibdir.

Cəmiyyətdə plüralist ideyaların inkişafı birbaşa söz, fikir və ifadə azadlığıyla əlaqəlidir. Bugün ölkəmizdə hökm sürən plüralist ideyaların zənginliyi də insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə olduğunun göstəricisidir. Eyni zamanda söz, fikir və ifadə azadlığı azad medianın var olması deməkdir. Təsadüfi deyil ki, dördüncü hakimiyyət hesab edilən Kütləvi İnformasiya Vasitələri (KİV) cəmiyyətin formalaşmasında önəmli rol oynayır. Söz, fikir və ifadə azadlığının mövcudluğu isə bu sahəyə inam və həvəsin artmasına gətirib çıxarır. Məhz bu səbəblə jurnalist peşəsinə sahib olan və bu yolu seçmək istəyən kifayət qədər insan var.

Bugün mövcud olan mətbuatın inkişafı uzun illərlə davam edən tarixi keçmişə dayanır. Əsası 1918-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsüylə qoyulan “Əkinçi” qəzeti bu yolda ilk addım idi. O dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına əllərindən gələni əsirgəməyən ziyalılarımız gələcəkdə bu sahədə yaranan peşəkarlığa, seçim genişliyinə təkan verdi.

Təəssüf hissiylə qeyd edək ki, o dövrdə yaşanan tarixi hadisələr, siyasi gərginlik və ölkəmizin qısamüddətli müstəqilliyinə son qoyulması mətbuata da təsirsiz ötüşmədi. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra hakimiyyəti ələ keçirən sovet rejimi mətbuat və ədəbiyyatın öndə olan, tanınmış simalarını aradan qaldırmaqla keçmişi unutdurmağa və gələcəyi özünün yaratdığı sistemə uyğun qurmağa cəhd etdi. 1936-1940-cı illərdə dövrün mütərəqqi fikir sahibləri, aparıcı şəxsiyyətləri rejim tərəfindən məhv edildi.

1969-cu il iyulun 14-ü Ümumilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Ulu öndərin rəhbərliyə başladığı müddətdən etibarən ölkədə hərtərəfli inkişaf başladı. Heydər Əliyevin önəm verdiyi sahələrdən biri də mətbuatı lazımi səviyyəyə çatdırmaq idi. Onun səyi nəticəsində ilk olaraq dilimizə göstərilən laqeyd münasibət aradan qaldırıldı. Doğma dilimizi hər zaman üstün tutan Ümumilli lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə onun inkişafı üçün əlindən gələni əsirgəmədi. Ulu öndərin qətiyyətli səyi ilə 1978-ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu dövrdə istər mətbu, istərsə də ədəbi sahədə nəzərə çarpan irəliləyiş Heydər Əliyevin göstərdiyi qayğının bəhrəsiydi. Doğma dilimizdə qəzetlərin sayı çoxaldı, televiziya verilişləri Azərbaycan dilində səsləndirildi. Həmçinin bu müddətdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların artması istiqamətində əhəmiyyətli addımlar atıldı.

Ulu öndərin azad mətbuata ayırdığı diqqət və qayğı 1993-cü ildə Azərbaycana rəhbərlik etdiyi dövrdə daha da yüksəldi. Heydər Əliyev hakimiyyətə gəlişiylə ölkəmizdə söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atıldı. 1995-ci il noyabrın 12-si qəbul olunmuş konstitusiyaya əsasən Azərbaycanda söz, fikir, ifadə azadlığı rəsmi olaraq təsdiqləndi. Ulu öndərin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusi olaraq qeyd edilməlidir. Fərman, ölkədə kütləvi informasiya vasitələrinin azad və sərbəst formada inkişafında, onların cəmiyyətdə təsiredici qüvvəyə çevrilməsində mühüm addım oldu. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarının qəbul edilməsi mətbuata göstərilən diqqətin təcəssümü idi. Bu sahədə ən böyük tarixi addım isə KİV üzəribdə senzuranın ləğvi oldu. Bununla da ölkəmizdə söz və fikir azadlığı sürətlə inkişaf etdi və bu, tamamilə azad mətbuatın yaranması demək idi.

Bugün İlham Əliyev Ulu öndərin miras qoyduğu siyasəti uğurla davam etdirir. Ali Baş Komandan hakimiyyətə gəldiyi dövrdən etibarən azad mətbuatın daha da inkişaf etməsi və zamanın tələblərinə uyğun şəkillənməsi istiqamətində təqdirəlayiq addımlar atdı. İlk olaraq demokratik cəmiyyətin quruculuğuna yönələn İlham Əliyev bu sahəyə diqqətin artırılmasını dövlət siyasətinin başlıca prioritetlərindən elan etdi.

Heç də təsadüfi deyil ki, İlham Əliyevin mətbuata ayırdığı xüsusi diqqət və qayğının nəticəsi kimi o, 2010-cu ildə “Jurnalistlərin dostu” seçildi. 2009-cu il aprelin 3-ü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DDF) yaradılması haqqında Fərman da qəbul edilən önəmli qərarlardan oldu. Həmçinin jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını daha da sürətləndirdi. Bütün bunlar ölkəmizdə jurnalistlərin bu peşəyə marağının artmasına və işlərini daha yüksək səviyyədə icra etmələrinə səbəb oldu. Eyni zamanda gənc nəslin nümayəndələri arasında da peşəyə diqqət və həvəs çoxaldı.

2009-cu ildə adıçəkilən fondun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradıldı. Bu isə jurnalistlərin peşəkarlığının artmasında və sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadı. Belə ki, maddi imkanı zəif olan və şəxsi mülkü olmayan media nümayəndələrinin mənzillə təmin olunması fondun ən uğurlu layihəsiydi. Nəticədə yüzlərlə ağır şəraitdə yaşayan jurnalistlərimiz təmirli mənzillərə sahib oldu. Bununla yanaşı çap fəaliyyətini dayandırmaq məcburiyyətində qalan media qurumlarına ayrılmış maddi yardım edildi. Media Agentliyi fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi.

44 gün davam edən və qələbəylə nəticələnən Vətən müharibəsində cəbhə bölgələrinə üz tutan jurnalistlər həqiqətlərin nəinki ölkə, dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadılar. Söz, ifadə və fikir azadlığı hüququna dayanan mediamız Ermənistanın qərəzli, həqiqətə uyğun olmayan məlumatlarını təkzib etdi və illərlə işğal altında qalan torpaqların əzəldən Azərbaycana mənsubluğu hər dəfəsində vurğulayaraq sübuta yetirdi.

Hazırkı dövrdə milli mətbuatımız özünün ən uğurlu, şəffaf fəaliyyət dövrünü yaşayır. Bu sahədə özünü göstərən yüksəliş isə fikir, söz, məlumat azadlığının gələcəkdə daha üstün səviyyədə olacağına ümidləri artırır və buna əsaslı zəmin yaradır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh