Reklam

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb - SƏBƏBLƏRİ

Yazarlar 31 Oktyabr 2024 18:40 Oxunub 326
Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb - SƏBƏBLƏRİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2024-cü ilin statistik göstəricilərinə əsasən, ölkəmizdə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Belə ki, ötən illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Təbii ki, buna səbəb olan bir sıra amillər mövcuddur. Hər şeydən öncə fərqli ailə mühitində böyümüş və zamanla gördüklərini özünə tətbiq etməyə başlamış iki fərd birləşərək ailə qurur. Təəssüf ki, bəzi insanlar ailə məfhumunun xoş olduğu qədər, məsuliyyət tələb edən yönlərini də unudurlar. Zamanla özünü göstərən eqo çatışmaları, fikir ayrılıqları, ortaq yolu tapa bilməmək, zehniyyət fərqi zamanla tərəfləri bir-birindən soyudur. Xüsusilə sevgi və hörmət əsasında qurulmayan ailələr sadalanan səbəblərdən qısa müddətdə dağılır. Digər vacib nüanslardan biri xəyanət faktorudur. Əvvəllər kişilər xəyanət etsə də, adətən qadınlar ailənin dağılmaması üçün müəyyən dərəcədə kompromisə gedirdilər. Hazırkı dövrdə buna göz yuman qadınlar olduqca azdır.

Ailənin dağılmasında mənəvi dəyərlərlə yanaşı maddiyyat da önəmli rol oynayır. Məlumdur ki, əksər ailələrdə ər qazanc gətirən, qadın isə daha çox uşaqların tərbiyəsi, ev işləri ilə məşğul olan tərəf kimi görülür. Lakin bu ənənə artıq demək olar ki, yoxdur. Günümüzdə işləyən evli qadınlar kifayət qədər çoxdur. Hətta bir qisim ailələrdə qadınlar kişilərdən daha çox əmək haqqı qazanırlar. Bu isə tərəflər arasında müəyyən konfliktlərə gətirib çıxara bilir. Mübahisə yaranmasa belə zamanla kişi özünü yetərsiz görməyə başlayır.

Digər vacib amillərdən biri də hər zaman aktuallığını qoruyub saxlayan məişət zorakılığıdır. Təəssüflə qeyd edək ki, müxtəlif travmalarla böyüyən, ailə qurmağa yararsız olan insanlar da evlənir. Nəticədə, sağlam təməl üzərində qurulmayan ailə meydana gəlir ki, bu da bir neçə il, hətta aylar sonra boşanmaya, yaxud faciəvi şəkildə ailənin dağılmasına səbəb olur.

Digər tərəfdən psixoloji, mənəvi cəhətdən problemli olan şəxsin ailə qurması cəmiyyətə gələcəkdə təhlükə yarada biləcək, faydasız fərdin dünyaya gəlməsinə zəmin yaradır.

Boşanmalar arasında sonsuzluq, alkoqol və narkotik vasitələrdən asılılıq da gündəmdə olan əsas problemlərdəndir. Eyni zamanda digər xəstəliklər, xəyanət, qısqanclıq da səbəblər arasında əsas yer tutur.

Əlbəttə, evli cütlük boşana bilməz, deyə bir qayda yoxdur. Adətən sağlam təməl üzərində qurulmayan evlilik ailələrin, qohumların təkidi ilə davam etdirilir. Lakin unutmaq olmaz ki, sıx şəkildə özünü göstərən münaqişələrin, davaların fonunda formal olaraq ailəni davam etdirmək mənasızdır. Ölkəmizdə “camaat nə deyər?” prinsipini əsas tutan minlərlə bədbəxt ailələr var. Belə olduqda, əsas yük ailədə dünyaya gələn uşaqların payına düşür. Zaman keçdikcə onlarda müxtəlif problemlər yaranır, hətta özlərini cəmiyyətdən təcrid etməyə qədər irəliləyə bilirlər. Sevgisiz, şiddətin, müxtəlif ciddi problemlərin var olduğu ailədə böyüyən uşaq gələcəkdə ailə həyatı qurmaq belə istəmir. Çünki o, ailə məfhumunu kiçik yaşlarından etibarən gördüyü tərzdə qavrayır. Təbii ki, belə xoşagəlməz halların baş verməməsi üçün ailədə olan problemlər həll olunmalı, ortaq məxrəcin tapılmadığı halda isə tərəflər boşanmağa qərar verməlidirlər.  

Mövzuyla bağlı hüquqşünas Elçin Şəfiyev Avtosfer.az-a bildirib ki, boşanmaların səbəbi adətən insanların düşüncələrinin genişlənməsi, müəyyən məsələlərdə yanlış maariflənməsi nəticəsində yaranır:

“Hazırkı dövrdə evli qadınların bir qismi xarici ölkələrdə qurulan ailələri əsas model olaraq götürürlər. Onlar xarici vətəndaşların həyat tərzini, düşüncələrini, mentalitetini mənimsəyərək cüzi, həll oluna bilən məsələlərdə belə ailənin davam etməsindənsə boşanmanın daha yaxşı seçim olduğunu zənn edirlər. Təbii ki, bunu bütün hallara şamil etmək olmaz.

Bəzən ailədə elə məqamlar olur ki, nikahın pozulması daha məqsədəuyğun hesab olunur. Məsələn, məişət zorakılığının davam etdiyi ailələrdə yeganə çıxış yolu boşanmadır. Məlumdur ki, məişət zorakılığından qadınlar daha çox əziyyət çəkir və bu hal mütəmadi olaraq davam etdikdə, abyuzer xarakterli (narsist) kişilərin onlara qarşı mənəvi təyziqi artdıqda sağlamlıqları da təhlükə altına düşür. Mövcud problemin dərinləşməsinin qarşısını almaq üçün onların boşanmaları daha uyğun hesab olunur. Lakin bir qisim qadınlar ən xırda problemi gördükdə belə boşanmağı düşünürlər. Onlar zənn edirlər ki, ailə dağıldıqdan sonra ər tərəfindən aliment tələb edə biləcəklər və bununla da gələcək maddi təminatlarını yoluna qoyacaqlar. Lakin bu, yanlış düşüncədir. Kişi özünün ehtiyaclarını qarşılamalıdır, bir qismi yenidən ailə qurur və onları da dolandırmalıdır. Əlbəttə, bu halda alimentin alınması çətin məsələyə çevrilir. Dağılan ailələrdə tərəflərdən çox erkən nikahda dünyaya gələn uşaqlar əziyyət çəkirlər. Çünki natamam ailədə böyüyən uşaq ata-ana qayğısından məhrum olur və bu onalara mənəvi, psixoloji baxımdan mənfi təsir göstərir. Hətta bəzi hallarda qadınlar uşaqlardan kişilərə təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Yəni uşaqları atasına göstərməmək, onların görüşünə mane olmaq və atalarıyla bağlı onlarda mənfi düşüncə formalaşdırmağa çalışırlar. Lakin bu davranışla onlar uşaqlarına ziyan vermiş olurlar”.


Psixoloq Gülnar Orucova son dərəcə aktual olan məsələ ilə bağlı saytımıza müsahibəsində bildirib ki, nəinki Azərbaycan, ümumi olaraq dünya statistikasında boşanmaların sayı dayanmadan artır:

“Ölkəmizdə boşanmanın əsas səbəblərindən ən qlobalı və heç kimin o qədər də fikir vermədiyi sosial şəbəkələrdir. Sosial şəbəkə deyəndə ilk olaraq ağıla tanışlıq gəlir. Adətən kişilər sosial şəbəkədə müxtəlif qadınlarla tanış olmağa meyillidirlər. Təəssüf ki, onların arasında evli, nişanlı, yaxud ciddi münasibətdə olanlar da çoxluq təşkil edir. Qadınlar isə sosial şəbəkələrdə təqdim olunan gözəl həyat tərzini, kino və seriallarda özünü göstərən ailə tablolarını görərək elə həyat, yaşam tərzi arzu edirlər. Avtomatik olaraq, “mən də bu cür yaşamalıyam”, - deyə onların ağıllarına gəlir. Bir növ yaşadığı həyatı kinoda gördüyü ilə müqayisə edərək gerçək həyatdakı ailəsini sorğulamağa başlayır.

Boşanmanın digər bir səbəbi isə qadınların kişiləri idarə etməyə çalışması və daim nəzarətdə saxlamasıdır. Qadınların hədsiz sərbəst davranması və qarşı tərəfi saymayacaq dərəcədə hərəkət etməsidir. Eyni zamanda ailələrin, qohumların gənclərə qarışması da ailənin dağılmasına gətirib çıxarır. Kişilərə "niyə xəyanət edirsən?" sualını ünvanlayanda onlar “anamın dediyi qızla evləndiyim üçün” cavabını verirlər. Ona görə də ananın dediyi qızla evlənməmək lazımdır. Çünki o qızın heç bir günahı yoxdur və bu halda o qadınlar travmaya məruz qalırlar.

Boşanmaya səbəb kimi bəzən maddiyyatı da əsas gətirirlər. Amma mən bu fikirlə razı deyiləm. Ən qədim dövrlərə, nənə-babalarımızın ailə həyatına nəzər salsaq onların necə əziyyətlə, maddi çətinliklə qurduqları ailəni qoruyub saxladılarını görə bilərik. Demək ki, bu amil boşanma üçün əsas ola bilməz.

Təəssüf ki, hazırkı dövrdə sosial şəbəkələrin gücü olduqca yüksəkdir. Cəmiyyətə yararlı, faydalı insanlardan çox, mənfi təsir göstərən, zərərli fərdlər sosial şəbəkələr vasitəsilə insanlara təsir edirlər. Bir sözlə, örnək deyil, cəmiyyətə töhmət ola biləcək şəxslər ölkəmizdə qabardılır.

Bizdə belə bir qəlib formalaşıb ki, insan boşanmadan öncə düşünməlidir. Lakin insan evlənmədən əvvəl də qarşısındakını analiz etməlidir. Psixoloqun yanına boşanma zamanı yox, ailə qurmazdan öncə getmək lazımdır. Yəni iki fərqli insanın bir-birinə uyğun olub-olmamasını evlilikdən əvvəl müəyyən etməliyik ki, sonradan problemlər yaranmasın”.

Psixoloqun sözlərinə görə, qadınların erkən yaşda nikaha cəlb olunması da gələcəkdə boşanmayla nəticələnə bilir: “Ana ilə uşaq arasında 18 yaşdan yuxarı yaş fərqi olmalıdır. Hər bir qız uşaqlıq, gənclik dövrünü başa vurmalı, ardınca ailə həyatı qurmalıdır. Təbii ki, bu halda qadın öz övladına düzgün sevgini, qayğını ötürə bilir. Bəli, bəzən istisanalar da mövcuddur. Amma çoxluqda erkən yaşda ailə quran qadın analıq hissini dərk etmədən ana olur. Çətin vəziyyətdə isə övladını asanlıqla tərk edə bilir. Elə tibbi cəhətdən də qadının ana olması 18 yaşdan sonra məqbul hesab edilir. Ona görə də hər bir qız ailə həyatı qurmağa erkən yaşda meyil etməməli və məcbur edilməməlidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh