Reklam

Azərbaycanda taksi fəaliyyəti nə vaxt tənzimlənəcək? - Xaotik XİDMƏT

Yazarlar 26 Avqust 2021 18:52 Oxunub 5078
Azərbaycanda taksi fəaliyyəti nə vaxt tənzimlənəcək? - Xaotik XİDMƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəmiyyətimizin taksi problemi

"Nəqliyyat vasitələri həyatımızın ayrılmaz bir parçasıdır" desək daha doğru olar. İnsanların işə, səyahət etdikdə rahatlıqla istədikləri yerə çatdırılmasında ictimai və şəxsi nəqliyyat vasitələri böyük rol oynayır. Bəzən yollarda yaranan tıxac nəticəsində insanlar işə tez bir zamanda çatmaq və təcili  hallar baş verdikdə taksilərdən istifadə etməli olurlar. Həqiqətən də taksilər istədiyimiz yerə vaxtında çatmaqda çox böyük rol oynayır. Lakin çox təəssüf ki, son zamanlar bəzi taksi şirkətlərində insanlara qarşı haqsızlıq və zorakılıq halları baş verir. Ən əsas da qadınlara qarşı olunan iyrənc rəftar xüsusilə vurğulanmalıdır. Belə olduqda isə insanlarda taksi sürücülərinə qarşı qorxu və etibarsızlıq hissi yaranır. Son zamanlar belə halların daha çox baş verdiyi taksi şirkəti  "Bolt" taksi şirkətidir. Sosial  şəbəkələrdə insanların "Bolt" şirkəti ilə bağlı yazdığı şikayətləri gördükdə insan dəhşətə gəlir. Bu şikayətlərə daha çox sürücünün fırıldaqlığı, savadsızlığı və həmçinin qadınlara qarşı olunan ədəbsiz davranışlar daxildir. Lakin bu şikayətlərin içərsində qadınlara qarşı ədəbsiz davranışlar sərgiləyən sürücülərlə bağlı şikayətlər çoxluq təşkil edir. Belə hallar olduqda  insanlar taksi şirkətlərinə etibar etmək istəmir və böyük narahatçılığa səbəb olur. Hətta bəzi valideynlər övladlarına bacardıqları qədər taksidən istfadə etməməyi məsləhət görür. Maraqlısı isə odur ki, "Bolt" şirkəti bu şikayətlərlə bağlı heç bir tədbir görmür. Əksinə, insanlara üzrxahlıq mesajı yazaraq başlarından edirlər. Və beləcə, eyni hadisələr davamlı olaraq yaşanır. Heç bir sürücüyə qarşı tədbir görülmür. Redaksiyamıza  müraciət  edən bir xanım da "Bolt"  tətbiqindən taksi sifariş verib, taksiyə oturduqda sürücüyə "Təcili tədbirə çatmalıyam, xahiş edirəm, bacardığınız qədər tez sürün zəhmət olmasa"- deyə bildirib. Sürücü isə tez getmək əvəzinə daha yavaş, maşının aynasından xanımı süzərək, ona mənasız suallar verməyə başlayıb. Xanım isə sürücüyə sərt  cavab verib. Sürücü xanıma acıq vermək üçün daha da yavaş sürməyə başlayıb. Xanım yaxınlarda bir yerdə enərək sürücünün pulunu artıqlaması ilə verib. Lakin bu yaşananlara baxmayaraq xanım həmin sürücünü şikayət etməyib, əksinə, sürücü xanımı yalandan pulunu əskik verib adlı bir başlıqla "Bolt" tətbiqinə şikayət edib. Məsələni aydınlaşdıranda isə sürücü etdiyi səhvi boynuna almayıb.
"Bolt" taksi şirkətində bu kimi şikayətlər həddən artıq çoxalmaqdadır. Həmçinin sürücü savadsızlığı ilə bağlı şikayətlər də var.  Vətəndaş Aynur Bədəlovanın şikayətində bildirilir ki, "Xahiş edirəm, "Bolt" üçün sürücü seçərkən şəhəri tanıyan, ən azından Xırdalan və Masazırın harda yerləşdiyini bilən sürücü seçin. Operatorlarda da vəziyyət eynidir. Bir ünvanı deyirsən, başqa ünvanı qeydə alırlar. Belə biabırçılıq olmaz".
Təbii ki, şikayətlər arasında sürücü fırıldaqçlığı da qaçınılmazdır.

Vətəndaş Rizvan Fikrətoğlunun sözlərinə görə, "Bazar günü sizdən taksi sifarişi etmişəm. Sifarişdə 3.19 azn qeyd olunmuşdu. Məkana çatanda isə 0.57 azn artıq çıxmısınız. Sifarişdə verginin çıxarılacağı barədə qeyd olmadığı halda göstərilən məbləğdən artıq kartımdan niyə pul çıxılır? Bu oğurluğun hansı növüdür?".

Çox təəssüf ki, sosial şəbəkələrdə bu kimi şikayətlər həddən artıq çoxdur. Bəs bu kimi halların baş verməməsi üçün nə etməliyik?  Taksi sürücülərinin yaratdığı bu situasiyanı necə qiymətləndirməliyik? Nəyə görə "Bolt" taksi şirkəti olunan şikayətlərə qarşı heç bir tədbir görmür? Bu sualların cavabını tapmaq üçün olaylar.az yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı ilə həmsöhbət olub. Ekspert  bildirib ki, bu gün taksi fəaliyyətinin qaydalar üzrə tənzimlənməsi baş vermir: "Azərbaycanda bu sahədə çox ciddi boşluq var. Qanunvericilikdə taksi fəaliyyətinə dair mövcud olan bir neçə qanun, maddə hələ də havada qalıb. Bunlardan bir neçəsi olaraq, taksi sürücülərinin taksometrdən istifadəsini, qiymətlərin tənzimlənməsini və digər məsələləri qeyd etmək olar. Narkomanların, ağır cinayət törətmiş ruhi xəstələrin, birinci qrup əlilliyi olan şəxslərin avtomobil idarə etməsi risklidir. Buna baxmayaraq, onlar nəinki avtomobil idarə edir, hətta taksi sürücüsü kimi də fəaliyyət göstərirlər. Bilirsiniz ki, son zamanlar sosial şəbəkələrdə taksi sürücüləri tərəfindən qadınlara qarşı nalayiq hərəkətlər, qeyri-etik davranışlar nümayiş etdirilməsi haqqında paylaşımlara rast gəlirik. Burada müxtəlif şirkətlərlə əməkdaşlıq edən şəxslər var. Sizin dediyiniz "Bolt" şirkətinin taksi sürücüsü yoxdur. Onların əksəriyyəti sadəcə adi taksilərlə əməkdaşlıq edirlər. Yəni, Azərbaycanda sadəcə bir neçə taksi şirkətləri var ki, onların balansında taksi avtomobilləri var. Qalanları isə şəxsi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən sürücülərlə əməkdaşlıq edirlər. "Bolt"un elə bir ixtiyarı yoxdur ki, sürücüyə irad bildirsin, onunla əməkdaşlığı dayandırsın. Bu və bu kimi şirkətlər pulu hər şeydən üstün tutur. Məsələn, siz şəxsi nəqliyyat vasitənizlə yaxınlaşırsınız ki, "Bolt" ilə işləmək istəyirəm. Onlar da sizə qısa bir nömrədən məlumat almaq üçün kanal yaradır, vəssalam. Daha sonra müştəri yönləndirməyə başlayır, siz də ona faiz ödəyirsiniz və həmçinin onun reklamını avtomobilinizin üzərinə yapışdırırsınız. Son zamanlar artıq o reklam lövhəsini söküb, cırıb tullayan nə qədər sürücü var. Çünki "Bolt" gündən-günə qiymətləri aşağı salaraq, sürücüləri istismar edir, qazanan isə sadəcə özü olur. Ona görə də sürücülər yavaş-yavaş onlardan imtina etməyə başlayır. Bir çox taksi şirkətləri var ki, bu sahədə çox ciddi problemlər yaradırlar. Yəni əslində, onlar taksi şirkəti deyil. Sadəcə, operator funksiyasını yerinə yetirirlər. Müştəri həmin nömrəyə zəng edir, onlar da müştərini sürücüyə yönləndirirlər. Bunların başqa heç bir funksiyası yoxdur. Sürücülərlə hər hansı bir əmək müqaviləsi yoxdur, onlar üzərində heç bir həyata keçirilə biləcək inzibatçılıq funksiyaları yoxdur, qanunvericilik buna imkan vermir. Qanunvericiliklə bunu icra edə biləcək şirkətlər, hansılar ki, onların özünün avtomobilləri var, sürücüləri işə götürür, təlimatlandırır, yetişdirir, onlara tibbi müayinə təşkil edir, avtomobillərə texniki müayinə keçirir və s. Belə sürücülər onların işçisi olur, şirkətin daxili qaydaları olur. Amma digər şirkətlərin heç bir qayda-qanunu yoxdur. "Bolt", "Uber" və s. kimi şirkətlərin vahid bir qaydası var, o da çox pul qazanmaq, sürücüləri istismar etməkdir. Başqa heç bir maraqları yoxdur. Ona görə də, BNA tərəfindən təqdim olunmuş vahid taksi konsepsiyası var ki, həmin sənəd qəbul olunmalı, müzakirə edilməlidir. Düşünürəm ki, bu sahədə ciddi bir qayda-qanun yaratmağın vaxtıdır." 
Hər bir taksi  sürücüsünün, həmçinin ictimai nəqliyyatı idarə edən, ümumiyyətlə sürücü adını daşıyan hər kəsin  borcudur ki, sərnişinləri vaxtında rahat, məmnuniyyətlə, vicdanlı bir şəkildə getdikləri ünvana qədər çatdırsın. İnsanlar isə belə hallarla rastlaşdıqda aidiyyatı üzrə qurumlara dərhal xəbərdarlıq etsin.  Sürücülərə bu sahədə şərəfli, vicdanlı və insaflı olmağa səsləyirəm. Qəbul etdiyiniz hər bir sərnişin hansısa bir ailənin başçısı, oğlu, qızı, bacısıdır. Onlara qarşı normal davranmaq hər birinizin borcudur. Psixasında problem olan şəxs isə bu sahə ilə məşqul olub, insanların  həyatını riskə atmasın. Heç kimin buna haqqı yoxdur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh