Banner

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazarlar 26 Mart 2024 17:20 Oxunub 1660
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin  təbliği
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə sahib olan xalqdır.  Beş min illik tarixi kökə dayanan bu xalq öz adət-ənənələri, mədəniyyəti, elmi, ədəbiyyatı ilə dünyaya səs salmağı bacarıb. Uzun illər keçsə də keçmişinin ona yadigar qoyduğu bu üstünlükləri nəsildən-nəsilə ötürüb və hər zaman qoruyub saxlamağa çalışıb. Müxtəlif dövrlərdə baş tutmuş yadelli hücumundan şanlı zəfərimizə qədər olan zaman dilimində həmişə bir olan xalqımız bəşər tarixinə örnəkdir.
Bayram adət-ənənələri, xeyir və şər mərasimləri, islam dininin bəşəri hisləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi ruhunun aynasıdır. Milli bayramlarımız sırasında el arasında ən çox sevilən Novruz bayramıdır. Yazın gəlişini özündə təcəssüm etdirən bu bayram adət-ənənələrimizin zənginliyini göstərir. Çərşənbələrin və bayramın süfrədə olmazsa-olmazı plov hesab edilir. Həmçinin Novruzun əsas atributları olan şirniyyatlarla - şəkərbura, paxlava, qoğal, badambura, çərəzlərlə - fındıq, qoz, badam, püstə, kişmiş, xurma, innab, iydə, boyanmış yumurta və ailə üzvlərinin sayına görə yandırılmış şamlarla xonçalar hazırlanır. Bayramın inanclarından olan qulaq, şam, üzük kimi fallar gənclər tərəfindən böyük maraqla qarşılanır, həyətlərdə tonqallar qalanır və üzərindən hoppanaraq ilin bütün ağırlığı oda tökülür. 
Azərbaycanda toy şənlikləri də yüksək səviyyədə, böyük təmtəraqla icra olunur. Elçilik, nişan taxma, xınayaxdı, oğlan və qız toyu mərhələlərindən ibarətdir. Təbii ki, bölgələrə görə toy mərasimlərinin də özəllikləri var. 
Yas mərasiminin isə özünəməxsus adət-ənənələri mövcuddur. Mərasimə qatılanlar adətən qara rəngdə geyimlərə üstünlük verir, zinət əşyaları taxmır, yaylıq bağlayır və ağılar söyləyirlər. Müəyyən müddətə qədər yüksək səviyyəli ad günü, toy şənlikləri keçirilmir. 
Qədim tarixə söykənən və müxtəlif sahələrlə bağlı olan milli rəqslərimiz bugün də şənliklərdə, mərasimlərdə, dünya səviyyəli tədbirlərdə ifa edilir. Həmçinin Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan, xüsusi musiqi janrı kimi tanınan muğam əsrlərdən bəri nəsildən-nəslə ötürülən bir xəzinədir. Bu xəzinə heç zaman öz gərəklik və heyranedicilik qüvvəsini itirmir. Bununla yanaşı kökləri qədimlərə gedib çıxan aşıq sənətində incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. Heç təsadüfi deyil ki, qədim zamanlardan bugünə qədər aşıqlar milli Azərbaycan bayramları və toylarının əvəzedilməz iştirakçıları olublar.
Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.
Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.
Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanması, elm, mədəniyyətin inkişafında xalqla yanaşı dövlətə rəhbərlik edən şəxsiyyətlərinin də rolu dalınmazdır. 
1918-1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tarixinin təsisində mühüm rol oynadı. Qısa müddəti əhatə etməsinə baxmayaraq Azərbaycan adını tarixə müstəqil dövlət kimi yaza bildi. Bu dövrdə milli oyanışla bərabər digər sahələrdə də dirçəlmə müşahidə olundu. Mətbuatda dərc olunan azad ruhlu yazılar, yüzlərlə şair, yazıçı, elmə xidmət göstərən mütəfəkkirlər və onların ərsəyə gətirdiyi əsərləri, milli teatrın oyanışı, incəsənətin inkişafı, memarlıqdakı canlanma buna bariz sübut idi. 
Ümummilli lider Heydər Əliyevin də dediyi kimi “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”. 
Hakimiyyətə gəldiyi gündən ömrünün sonuna qədər vətəninə xidmət göstərən ulu öndər dövlətçilik ənənələrinə, mədəniyyətin, elmin inkişafına yürütdüyü siyasətin başlıca prinsiplərindən biri kimi yanaşırdı. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk mərhələdən etibarən xalqın milli ruhunu daim öndə tutaraq dünyaya tanıtmağa çalışdı. Məhz bu məqsədlə ölkəsinin müstəqilliyi ilə yanaşı xalqımızın dərin köklərə malik adət-ənənələrini, tükənməyən mədəniyyətini, heç də geri qalmayan elmini digər millətlərə sübut etdi. Artıq Azərbaycan suveren dövlət olmaqla yanaşı zəngin mədəni irsə sahib ölkə kimi tanınmağa başladı. Ümummilli lider yüzlərlə gənci xaricə yollayaraq ixtisaslaşmasında və vətəninə layiq mütəxəssis kimi fəaliyyətə başlamasında böyük rol oynadı. Dövlətçilik tariximizdə misilsiz xidmət göstərən Heydər Əliyev bilirdi ki, milli dövlətçilik və milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. O, bu çərçivədə də gənc nəsli saf əxlaqi ruhda tərbiyələndirməyin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayırdı. Çünki adət və ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. 
Bugün İlham Əliyev atasının ona miras qoyduğu uğurlu siyasətin davamçısıdır. Ali Baş Komandan dövlətçilik adət-ənənələrini əsas götürərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni sahələrində ciddi dəyişikliklərə imza ataraq uğurlar qazandırdı. Getdikcə dünyaya inteqrasiya olunduğumuz zamanda dövlətimizin hərtərəfli yüksəlişiylə digər ölkələrə səs salmağı bacardı. Öz milli-mənəvi dəyərləri, incəsənəti, mədəniyyəti ilə digər xalqların heyrətinə səbəb oldu. Qurulması əsrlər əvvələ dayanan tarixi abidələrimiz bugün də qorunub saxlanılır. Çünki onlar bizim memarlıq tariximizin əvəzolunmaz sənət əsərləridir. Bu tarixi tikililərdə xalqımızın əməyi, zəhməti və keçmişi yatır. Əvəzolunmaz sənət nümunələri olan abidələrimiz nəinki xalqımız, eləcə də bütün dünya nümayəndələri tərəfindən maraqla, heyrətlə qarşılanır. İlham Əliyev tərəfindən ardıcıl olaraq imzaladığl sərəncamlar da, fərmanlar da onun qeyd olunan sahələrə xüsusi diqqət göstərdiyini sübut edir. Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması qədim və zəngin mədəni irsə olan qayğının təzahürüdür. Eləcə də ölkə başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar da milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.
Azərbaycan mədəni irsinin dünyaya tanınmasında birinci vitse-prezident Mehriban Əliyevanın da misilsiz xidmətləri var. 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondu təsis edilərkən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirdi. Fondun əsas məqsədi adından da göründüyü kimi Azərbaycan mədəniyyətini dünya sferasına tanıtmaq və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq idi. Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Hər il avqustun 26-sı Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir.
Azərbaycan milli dəyərlərini, tarixi irsini dünyada təbliğ edən Heydər Əliyev Fondunun təşəbbüsüylə nəşr olunan kitablarda ölkəmizin mətbəxi, tarixi şəxsiyyətləri, mütəfəkkirləri, mədəniyyəti, təbiəti barədə geniş məlumatlar öz əksini tapıb. 
Fondun iştirakıyla 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi milli musiqi mədəniyyəti tarixində önəmli rol oynadı.
İkinci Vətən müharibəsindən sonra yenidən ərazi bütövlüyünə qovuşan Azərbaycan illərlə düşmən əsarəti altında qalmış və məhv olunmuş tarixi abidələrin, mədəniyyət nümunələrinin, təhsil ocaqlarının bərpasına başladı. İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda quruculuq, yenidən bərpa işlərinə start verildi. İşğaldan azad olunmuş ərazilərin təmizlənməsiylə yanaşı yeni orta və ali məktəblərin, yaşayış komplekslərinin, parkların, mədəniyyət mərkəzlərinin salınması, sıradan çıxmış abidələrimizin, məscidlərimizin yenidən qurulması illərdir davam edir. İlham Əliyevin 2022-ci il 6 dekabr tarixli sərəncamı ilə Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Köçürülən yüzlərlə əhali artıq doğma torpaqlarında öz milli bayramlarını qeyd edir.
Ərazi bütövlüyünü dünyaya sübut edən Azərbaycan getdikcə yüksəlməkdə davam edir. Dünyada hərc-mərcliyin, müharibələrin mövcud olduğu dövrdə öz stabilliyini, müstəqilliyini qoruyub saxlayır. Təbii ki, ölkəmizin günü-gündən çiçəklənməsində dövlət başçısının rolu əvəzsizdir. Hər zaman xalqını, onun istəklərini, vətənini düşünən İlham Əliyev və onun uğurlu siyasəti ölkəmizin dünya arenasında daha çox tanınmasına və söz sahibi olmasına şərait yaradır. 
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği"
istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh