Reklam

Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ

Yazarlar 31 Yanvar 2017 11:23 Oxunub 3936
Azərbaycanlılar təzə və bahalı, ermənilər isə köhnə maşınlar alırlar - REPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir

“Azərbaycandan Gürcüstana gələn avtomobil alıcılarının sayı son illər kəskin şəkildə azalıb. Azərbaycanlı alıcıların əksəriyyəti də təzə, “Avro 4” standartlarına cavab verən avtomobillərə üstünlük verirlər. Bu da çox azdır”.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosunun əməkdaşına açıqlamasında Gürcüstanın Rustavi şəhərinin yaxınlığındakı avtomobil satışı bazarının meneceri Rolavid Soroznişvili deyib.

Onun sözlərinə görə, azərbaycanlılar son ildə 300-350 min dollar məbləğində avtomobil alıblar. Amma bura Batumi və Poti limanlarından alınmış və xaricdən birbaşa gətirilmiş avtomobillər daxil deyil.

Menecer bildirib ki, azərbaycanlı alıcılar əsasən 2012, 2013, 2014, 2015 və 2016-cı illərdə istehsal olunan avtomobillərə üstünlük verirlər. Bəziləri 2006-cı ildən sonra Almaniyada istehsal olunan “Mercedes-Benz”, "Opel", BMW, "Volkswagen" avtomobillərini alırlar.

O qeyd edib ki, Azərbaycandan gələn bəzi alıcılar avtomobilləri Gürcüstanda rəsmiləşdirirlər. “Avro -4” standartlarına cavab verən avtomobillər üçün sərhəd-keçid məntəqəsində depozit tələb olunmadığı üçün bəzi alıcılar avtmobilləri burada rəsmiləşdirir, Gürcüstan dövlət nömrə nişanı ilə idarə edirlər. Gürcüstan dövlət nişanlı avtomobillərlə Azərbaycana, Rusiyaya, Türkiyə və digər ölkələrə gedirlər.

Menecer deyib ki, azərbaycanlı alıcılarının sayının azalmasının səbəbi Azərbaycanda “Avro 4” standartlarının tətbiqi, gömrük rüsumlarının artırılması, eləcə də Gürcüstan bazarında satılan bəzi avtomobillərin lazım olan standartlara cavab verməməsidir: "Belə ki, bəzi işbazların ABŞ, Rusiya, Almaniya, Yaponiya və digər ölkələrdən gətirdikləri avtomobillər həddən artıq keyfiyyətsiz olur. Bəzi işbazlar bir vaxtlar şor sularda batmış və yaxud da bir neçə avtomobilin hissələrindən yığılmış avtomobilləri təzə və ya ikinci əl avtomobili kimi təqdim edirlər. Bazar rəhbərliyinin işə ciddi müdaxiləsindən sonra maşınlar kompüterlə yoxlanılır. Lakin yenə də, bəzi mənfi halların qarşısını almaq olmur. Kompüterlə yalnız avtomobillərin oğurluq və axtarışda olub-olmaması, kreditlə alınmadığı müəyyən olunur. Alıcılar indi xüsusi aparatların köməyi ilə yenidən rənglənməni də müəyyən edə bilirlər".

R.Soroznişvilinin sözlərinə görə, bu gün bazarın əsas alıcıları Türkiyə, Ukrayna, Qazaxıstan və Ermənistan vətəndaşlarıdır. Ən ucuz maşınları Ermənistandan gələnlər alırlar: "Onlar əsasən, 2000-ci ilə qədər istehsal olunan, üçüncü, dördüncü əl avtomobilləri alırlar".

Gürcüstanda avtomobillərin rəsmiləşdirilməsi elə bazarın daxilindəki idarədə həyata keçirilir. İkimərtəbəli binada sürücülük vəsiqələrinin alınması üçün imtahan otaqları, sürücülük meydançası (binanın qarşısında), gömrük rüsumlarının internet vasitəsi ilə ödənilməsi aparatları var. Burada avtomobillərin gömrük rüsumlarını da birbaşa kompüterlə ödəmək olur. Avtomobilin buraxılış ili, mühərrikin həcmi ilə bağlı məlumatlar kompüterə daxil edilir və avtomatik olaraq ekranda ödəniləcək gömrük rüsumunun məbləğini görmək olur. Məsələn, 2016-cı ildə istehsal olunan və mühərrikinin həcmi 2000 olan avtomobil üçün alıcı 3305 Gel rüsum ödəməlidir. 2002-ci ildə istehsal olunan və mühərrikin gücü 2000 olan avtomobilin dövlət rüsumu 1975 GEL təşkil edəcək. 2017-ci il yanvarın 1-dən bu rəqəmlər xeyli artıb.

Bazarda işləyənlər bildiriblər ki, xarici ölkə vətəndaşları Gürcüstanda aldıqları avtomobili 10 gün müddətinə bu ölkədə qeydiyyata salmalı, ya da öz ölkəsinə aparmalıdır. Alıcı avtomobili alarkən mühərrikin gücünə görə, 110-165 GEL ödəyir.

 

Tranzit nömrə alanlar isə 45 gün Gürcüstanda qala bilərlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh