Reklam

Bakı Avtovağzalının gizlinləri... - FOTO

Yazarlar 14 Oktyabr 2015 13:39 Oxunub 2800
Bakı Avtovağzalının gizlinləri...  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşən asfalt, kassa fokusu və müştəri üzünə həsrət ticarət mərkəzi...

- Ay kişi, mən maşınla içəri girdiyim üçün niyə pul ödəməliyəm axı? 

- Çünki içəri girirsən.

- Qohumu oradan götürüb iki dəqiqəyə çıxacam. Dayanacaqda maşın saxlamayacağam ki. Yükü ağırdır, ona görə maşınla içəri girirəm. 

- Bileti al, çıxanda da 1 manatını verərsən...

 Bakı Avtovağzalına girmək məşəqqəti

 Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, bura adına Bakı Beynəlxalq Avtovağzalı deyilən məkanın girişində yaşanan klassik dialoqdur. Daha dəqiq desək, şəhərə gedən avtobusların işlədiyi girişdə baş verənlərdir. Eyni zamanda ticarət mərkəzinin də yerləşdiyi girişdən maşınla içəri girməyin “haqqı” 1 AZN-dir. Qısa müddət bundan öncəyə qədər girişdə şlaqbaum qoyulmamışdı. Bəzən sürücülər pul ödəmədən də aradan keçə bilirdilər. İndi isə 1 AZN-lik giriş məbləğini ödəmədən bunu etmək mümkün deyil. Şlaqbaum açılmır və sən təbii ki, ərazini tərk edə bilmirsən. Çalışanların dediyinə görə, bəzən pul ödəmədən keçən sürücülərin arxasınca çalınan fit, qışqırıq da kömək etmirdi. İndi isə... 

Azərbaycanın rayonlarına hərəkət edən avtobusların olduğu hissəyə taksi ilə girmək isə az qala lüks sayılır. Çünki girişdə buna görə taksilərdən 3 AZN tələb olunur. Bunu iki ay bundan əvvəl şəxsən yaşadığımız üçün tam məsuliyyətimlə yazıram. Sözügedən səbəbdən taksilər müştərilərinə “içəri girə bilməyəcəyik” anonsunu verir, ya da 3 AZN artıq pul istəyir. Giriş məşəqqəti barədə bu qədər. 

 Sərnişinləri ticarət mərkəzində necə dolandırırlar...

 Bakı Avtovağzalının əzəmətli görünüşü isə sizləri aldatmasın. Az qala labirinti, hətta iri gəmini xatırladan bu binanın necə qeyri-funksional olması sərnişinlərə sirr deyil. Bunlardan birincisi barədə yuxarıda yazdıq. İkincisi isə avtobusların yanına qalxmaq üçün nəzərdə tutulmuş pilləkənlərin qarşısına çəkilən səddir. Bu səddi görənlərin bəziləri onların həyatı üçün təhlükə yaradacaq olan avtobus yolu ilə yuxarı qalxırlar. Böyük əksəriyyət isə ticarət mərkəzinin içərisindən keçir. Və əslində öyrəndiyimizə görə, sərnişinlərin yolu da məqsədli şəkildə bu trayektoriyaya salınır ki, ticarət mərkəzinə axın güclənsin. “İçəridən keçən müştəri mütləq nəsə alacaq” məntiqi... Baxmayaraq ki, sərnişin-müştərilər bu haqda o cür düşünmürlər. Bu barədə bir qədər sonra. 

Dediyimiz kimi, o böyük gəmini xatırladan Bakı Avtovağzalındakı anormallıqlar isə davam edirdi. Onlardan biri də bəzi mərtəbələrdə qapıların arxasına sıra ilə masaların düzülməsi, bəzilərində isə ümumiyyətlə, “qapı işləmir” xəbərdarlığının yazılmasıdır. Şəkillərdə gördüyünüz kimi, bəzi mərtəbələr ümumiyyətlə istifadəsizdir. Qosqoca zallar, içindəki skamyalarla “boynunu büküb”. Ticarət mərkəzinə girən şəxs isə ətrafda söz soruşacağı kimsə olmasa, rəsmən yolunu aza bilər. Çünki bildirişlər, xəbərdarlıq lövhələri yoxdur.

 Mağazalar üsyanda - bura alver üçün səmərəli yer deyil

 Fürsətdən istifadə edib, ticarət mərkəzini də dolaşdıq. Mağazaların böyük əksəriyyətinin üzərinə qıfıl asılıb. Geyim mağazalarında gözəgəlimli heç nə yoxdur. Qiymətlər çox baha sayılmasa da, satıcılar müştəri azlığından şikayət etdi. Uşaq paltarları satan Hafiz adlı satıcı dedi ki, icarə haqqı olaraq ayda 500 AZN ödəyir. Dediyinə görə, alver çox zəifdir, sadəcə, başqa yerlədə də obyektləri var deyə buranı bağlamır: “Çox nadir hallarda bura şəhərdən alver etmək üçün gəlirlər. Daha çox rayona gedənlər uşaqları üçün nəsə alırlar. Rayon yerində də camaat geyimə çox pul verməyi xoşlamır. Ona görə də bura bahalı mal gətirmirik”. 

Qadın geyim mağazasının işçisi Gülarə isə bildirdi ki, əslində buranın reklamı güclü olmayıb və yerləşdiyi ərazi səmərəsizdir: “Kim bura pal-paltar almağa gələr ki? Halbuki şəhərdəki qiymətlərdən çox ucuza veririk. Camaatımız bura öyrəşmədi. Evindən durub ”Sədərək"ə, “Binə”yə o boyda yolu gedir, amma burdakı mağazalara gəlmir. Qiymət çox da baha deyil axı..."

Müsahibimiz dedi ki, insanlar çox vaxt mağazalara avtobus yola düşənə qədər vaxtını öldürmək üçün gəlir. O halda da ancaq baxmaqla kifayətlənir. Burada ərzaq mallarının qiyməti isə digər yerlərdəkindən 20-25%-ə qədər bahadır. 

 Bileti kassadan almaq müştəriyə niyə sərf eləmir?

 Bakı Avtovağzalındakı anormallıqlar seriyası bununla bitmir. İllərdir haqqında danışılan, amma hələ də həllini tapmayan bilet məsələsi də bu məkan üçün keçərlidir. Çünki Bakı Avtovağzalının üçüncü mərtəbəsinə, avtobusların yanına qalxan kimi səni avtobus carçıları qarşılayır. Biri səni Qazağa, o biri İsmayıllıya dartıb aparmaq istəyir: “Qazax, Qazax.... Yer qalmadı...”

Normalda kassada bilet satılırsa, bu çığır-bağıra, sərnişini az qala “mən ölüm, sən öl”lə avtobusa minməyə həvəsləndirməyə ehtiyac olmamalıdır. Amma Bakı Avtovağzalında bilet almaq o qədər də yaxşı ənənə sayılmır. Çünki sürücülər də bilet alan sərnişinə, məşhur filmdə deyilən kimi, “o qədər də yaxşı baxmırlar”. Ən yaxşı halda bilet alan sərnişinə uğursuz yer göstərilir, ən pis halda isə yer olmadığını deyib, başqa saata yönləndirilir. 

Bundan başqa, həmsöhbətimiz olan sərnişinlər daha çox kiçik həcmli avtobuslarla rayonlara səfər edəndə birbaşa sürücüyə pul ödəməyi tərcih edirlər. Bayram günlərində isə xüsusən sıxlıq olduğu üçün bir neçə gün öncədən işi həll etmək lazımdır. Şəkiyə daim səfər edən müsahibimiz Təranə xanım deyir ki, o, zərurət olmadıqca kassadan bilet almamağa çalışır: “Kassada çox vaxt adamı aldadırlar. Tutaq ki, biletin üzərində qiymət 6.60 AZN yazıldığı halda, səndən 7 AZN tələb edirlər. Səbəbini soruşursan, cavab vermək əvəzinə ”almayacaqsansa növbə tutma" deyirlər".

Daha bir narazılıq isə Bakı-Tiflis, Bakı-Bolnisi istiqamətlərində hərəkət edən avtobuslara ancaq axşam saatlarında icazə verilməsidir. Yolu Borçalı torpağına düşənlər bir qayda olaraq gecə saatlarında səfər etməyə məhkumdular. Bundan narazı qalanlara isə maraqlı “tövsiyələr” verilir: “İstəmirsizsə, burdan günorta saatında Qazağa gedin, oradan da yol maşını ilə davam edin”. Bu isə bir səfər üçün ikiqat məsrəf deməkdir ki, heç də hamının cibinə uyğun deyil. 

Bundan başqa, kassadan bilet alanlarla sürücülər arasında da az narazılıq yaşanmır. Bu barədə daha öncə bəzi şikayətçilər redaksiyamıza müraciət edib. Avtobus sürücüləri bir çox hallarda kassadan bilet alan sərnişini özləri ilə birgə kassaya aparır, onları kassirə göstərərək, “sonra deməyin ki, biz biletli sərnişin aparmırıq” tipli təsdiqlətmələr edirlər. Bu isə sürücülərin kassa biletlərinin onlar üçün çox da sərfəli olmadığının sübutlarından biridir. 

Bu arada... Kassadan söz düşmüşkən, onun avtovağzalın girişində olmaması da bir ayrı anormallıqdır. Bilet almaq istəyən sərnişinləri o labirintin içində itirməkdənsə, onları ya səsli, ya da sözlü elanla kassaya yönləndirmək olar. 

 Sürüşmə gündən-günə dərinləşir 

 Və son günlərin ən aktual hadisəsinin yaşandığı ərazi. Oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Yolda istinad divarı əyilib. Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. Hadisə yerində olanda öyrəndik ki, ümumən o hissə hasarlanıb, sərnişinlərin o istiqamətdə hərəkətinə qadağa qoyulub. Hətta Bakı Avtovağzalı ərazisindən pilləkənlə ora doğru yönələnləri də geri qaytarırlar. İri çatlar isə ilk gün olduğundan daha da dərin idi. Amma orada olduğumuz müddətdə briqada, əməliyyat qrupu görmədik. Sadəcə, onsuz da yüklənmiş və gündən-günə çatı dərinləşən, sürüşmüş ərazini daha da yükləyən ekskavator orada hərəkətsiz dayanmışdı.

“Bakı-Sumqayıt şosse yolunda, Bakı Avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır”. Bunu isə apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək: “Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orda tədqiqat işləri aparmaq, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var”. 

Ə.Piriyev əlavə edib ki, sürüşmə baş verən ərazidə çatlar yol boyu təxminən on metr uzanır: “Həmin ərazi təhlükəli sahə hesab olunur. Ərazidə təcili bərpa işləri həyata keçirilməlidir”.













ŞƏRH YAZ
Ad

E-mail

Şərh